21 Oktyabr 2016 10:45
3 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada yaşayan azərbaycanlı yazıçı Əzimə Ağalarova Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Əzimə xanım, İstanbula səfəriniz nə ilə bağlıdır?

- İstanbulda çap olunan “Yıpranmış hayallerin peşinde” adlı kitabıma görə buradayam. Qarşıdakı ayda təqdimatı olacaq.

- Kitab Azərbaycan dilində çap edilibmi?

- Yox, ancaq türk dilindədir. Amma Bakıya göndərilib. Çox yaxşı satılması haqqında xəbərlər gəlir.

- Azərbaycanda indiyə qədər neçə kitabınız çap olunub?

- 4 kitabım nəşr edilib. Hamısı romandır, diqqətçəkən əsərlərdir. Mağazalara az kitab vermişəm, hamısı da satılıb. Bakıda yaşayan oxucuların, xüsusilə, tələbələrin maddi vəziyyətini düşünərək hədiyyə elədiklərim də çox olub. Amma son kitabım satış üçündür. Çünki kitab satışa çıxmadan öncə sosial mediada da məlumat yaymışdım ki, satışdan gələn gəliri kimsəsiz uşaqlara və ya çox ağır şəraitdə yaşayan ailələrin övladlarına verəcəyəm. Feysbukda bu insanlarla bağlı son zamanlar oxuduqlarım, həqiqətən də, məni çox üzürdü. Məktəbə gedə bilməyən, adi çanta ala bilməyən uşaqların ehtiyaclarını görürəm...

Bəzi valideynlərin uşaqlarına lazım olan ləvazimatları ala bilmədiklərini görüb çox üzülürəm. Hətta inanın ki, mənim bu üzüntüm evdə uşaqlara, balaca nəvələrimə də təsir edir. Onlar bilirlər ki, əgər mən ağlayıramsa, demək, təzə nəsə oxumuşam. Düzdür, bu, böyük bir şey deyil, ən azından 10 ailənin uşağını sevindirə bilsəm, az da olsa, nəsə etmiş olaram. Kaş ki, çox edə bilsəydim.

- Mən kitabınızı oxudum. Həqiqətən, türkcəyə çevirisi əla alınıb. Oxuyanda hiss etmirsən ki, Azərbaycan türkcəsindən uyğunlaşdırılıb. Sadəcə müraciət etdiyiniz mövzu mənə qəribə gəldi. Kitabda gizli təşkilatlar, dövlətlərin təhlükəsizlik qurumları, 80-ci illərin siyasi hadisələri, çevrilişlər, bir sözlə çox zəngin mövzular var. Belə mövzuya müraciət haradan qaynaqlandı? İçində MİT-in, KQB-nin, ASALA-nın olduğu mövzu...

- Mənim “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” adlı əsərimi oxusaydınız, orada da bunlar vardı. Həm KQB, həm də bir çox şərq ölkələrinin, Misirin, ərəb ölkələrinin gizli təşkilatları vardı. Həm də tarix, siyasət vardı. Mən özüm Sovet dönəmində hüquq orqanlarının birində çalışmışam, istər-istəməz bilirəm bu işləri. Amma bu mövzuya toxunmağımın iki səbəbi var. Birincisi, 1980-ci illərdə, bizim gənclik dönəmimizdə Türkiyə üçün ölürdük və hər kəs düşünürdü ki, nə olur-olsun, Türkiyəyə bir dəfə gedib-gələk, oranı görə bilək. Türkiyə bizim üçün bir cənnət, qibləgah idi.

O zamanlar Türkiyə üçün o qədər ailəsini dağıdan gənclər var idi ki... Həm qadınlar, həm kişilər, fərq etməzdi. O vaxtlar indiki kimi deyildi, təsəvvür edin, Türkiyə sənətçilərinin kasetləri gizli yolla ölkəyə gəlirdi. Çox çətinliklə tapıb, dinləyirdik. Mənim qaynım hörmətli bir şəxs idi, o vaxtlar videokasetlər yeni-yeni gəlirdi, bizim çevrəmizdə bircə onun evində vardı.

Hər həftənin şənbə günü yaxın adamlar yığılırdıq ki, bir türk filminə baxaq. Bunlar Türkiyəyə olan sevgimizə görə idi. Bəzən anlamsız bir ticari film olurdu. Bir anlam verə bilmirdik, amma türkcə danışırdılar. Duyğulu bir film olanda da hamımız ağlayırdıq. Millət olaraq Türkiyəyə aşiq idik. Kitabda yazmışam ki, bu cənnət ölkəyə cəhənnəmi yaşamağa gəldik. Suzan anasına deyir ki, mən yuxuda cənnəti gördüm. Anası soruşur ki, cənnət necə idi? O da deyir ki, Türkiyəni gördüm... Bu, mənim başıma gələn bir şey idi.

Mən yuxumda Türkiyəni gördüm, sanki bir cənnətdə idim. O, epizod mənim özümə aiddir. Bir də başqa bir epizod mənə aiddir. O zamanlar Azərbaycandan kapitalist ölkələrinə getməyə qoymurdular. Getmək istəyənləri 6 ay öncədən yoxlayırdılar. Hər il ölkə üzrə 7 nəfər gedə bilirdi. Gəl indi o 7 nəfərin içərisinə düş. Mən çox çalışdım və o 7 nəfərdən biri ola bildim. Amma nə etdimsə, nazir icazə vermədi. Mən dedim ki, işdən ərizə yazıb çıxaram. Yəni Türkiyənin xatirinə mən işdən çıxmağa hazır idim. Dedi ki, işdən çıxa bilərsən, amma yenə də səni getməyə qoymayacağıq. Səndə bu qədər dövlət sirləri var, necə qoya bilərik səni? Mən çox pis oldum. Üstündən 2 il ötdü, mən elə elədim ki, özləri məni göndərdilər (gülür). Yəni bu hadisələrin hamısı mənim 80-ci illərdə gördüyüm şeylər idi.

- Zatən bir söz var ki, yazıçı öz həyatını, ətrafını yazır...

- Bu, mənim ilk əsərimdir ki, bildiyim, gördüyüm şeylərdən yazmışam. Ondan əvvəlkilər təxəyyülüm idi. İkinci səbəb odur ki, illərdir mənim içimi yeyib-bitirən bir məsələ var. Mənimlə Türkiyədə çox dəyərli bir jurnalist görüşdü. İnşallah, çox böyük planlar var, duyuracam. Türkiyədə türk televiziyalarına baxanda Azərbaycan qadınları ilə bağlı mənfi münasibətə rast gəlirdim. Təbii ki, haqlı tərəflər də var idi. Amma mən bu kitabda anlatmağa çalışdım ki, biz millət olaraq Türkiyəyə aşiq idik. Baxın, yollar açıldı, bütün Azərbaycan Türkiyəyə axışdı ki, oranı görsün. Bunların hamısı pis deyildi ki... Əzizlərini, doğmalarını görməyə gəlmişdilər.

Demək istəyirəm ki, Azərbaycan qadını pis deyil ki, bütün televiziya bundan danışsın. Bu şeylər bizim qadınlara layiq deyildi. Həmin qadınlar Türkiyəyə sevgi ilə gəlmişdilər, başqa cür münasibət gözləyirdilər. Bəlkə də, heç düşünmürdülər ki, Türkiyədə kimlərsə onları başqa yola sürükləyə bilər.

- Siz də Suzanın timsalında buna toxunmusunuz, onu qazinodan başqa yerə aparırlar "işləməyə"...

- O vaxt qadınların çoxu çörək qazanmağa gəlirdilər. Bəli, içlərində pisləri də vardı. Amma toplum olaraq istəmədim ki, bizim qadınlara münasibət belə olsun. İnşallah, Türkiyədəki jurnalistlərlə planlarım var. Onlar kitabımın tanıtımını edəcəklər, mütləq bu məsələlərə toxunacağam. İstəyirəm ki, qadınlarımızı müdafiə edəm. Çünki qadınlarımız sevgiylə bura gəlmişdilər. Necə ki, Suzan o sevgiylə gəlmişdi.

O, qazinoya getmişdi ki, mən musiqiçiyəm, işləmək istəyirəm. Düşünürdü ki, Türkiyədə onu baş tacı edəcəklər. Axı o, bu ölkə üçün Vətənini, ailəsini atmışdı. Çox böyük xəyal qırıqlığına uğrayır. Suzan peşman olmur, axı o, özü qərar vermişdi ki, təki mən Türkiyəyə gedim, cəhənnəmi yaşasam da olar.

- Əsərdə ana mövzulardan biri odur ki, KQB bir azərbaycanlı ailənin əkiz uşaqlarından birini “ölü doğub” adı ilə agent yetişdirmək üçün götürür, digərini isə nəzarətdə saxlayır. Siz SSRİ dövründə hüquq orqanlarında çalışmısınız, bu işləri bilirsiniz. KQB-nin belə planları var idimi, yoxsa təxəyyül idimi?

- Ondan da dəhşətli şeylər vardı. Amma hamısı, təbii ki, gizli qalıb. Qəzetlərdən biri məndən müsahibə almışdı, elə bu məsələdən danışmışdım. Mənə Avropanın bir ölkəsindən zəng gəldi. Çox rica etdi ki, adını açıqlamayım. Azərbaycanlı hüquqşünas idi. Dedi ki, Əzimə xanım, saytdan sizin müsahibəni oxudum, çox bəyəndim. Çox maraqlıdır, siz bunu haradan bilirsiniz, az insanlar bilir belə şeylərin olduğunu. Dedim, bilirəm. Dedi ki, yəni bilərəkmi yazdınız, yoxsa təxəyyüldür? Dedim yox, mən bunları bilirəm.

- Sizcə, KQB indi də yaşayırmı?

- Məncə, yox. Əvvəllər KQB-nin adı gələndə insanlar adından qorxurdular. KQB dünyanın gizli təşkilatlarının qorxulu röyası idi. İndi deyə bilmərəm Rusiyada necədir.

- Amma sizin kitabda ölmüş bacısının yerinə keçən Suzan KQB rəhbərini aldada bilir. Sanki qəhrəmanınıza əlavə güclər vermisiniz...

- Təbii ki, verdim. Çünki əsərdə də yazmışam ki, MİT başqanı da deyir ki, görəsən, KQB-dən bizə məlumat göndərən Suzandırmı? Kamal da deyir ki, yox ola bilməz. O, çox zərif, incə bir qızdır.

- Zatən başlanğıcda Suzan elə idi...

- Bəli, amma Türkiyəyə gələndən sonra Suzanın başına gələn işlər onu dəyişdi. O hadisələr onu qabalaşdırdı, dünyagörüşünü, fikirlərini dəyişdi. İnsan eyni qala bilməz ki.. 1980-ci il çevrilişində o nə işgəncələr gördü. Fizioloji olaraq da dəyişdi. Əlləri, dırnaqları çıxmış bir şəkildə idi. Əvvəlki Rusiyadakı dövrü olsaydı, KQB rəhbəri onu tanıyardı. Amma onun möhkəmlənməsi, dəyişməsi və bacısından seçilməməsi üçün öz üzərində işləməsinə görə o, bu vəzifəni yerinə yetirə bildi. Məncə, bu, mümkündür.

- Amma Türkiyə sevgisi üçün gələn bir qızın Beyrutda ASALA lideri ilə görüşməsi, onu aldatması xəyal gücünü aşır...

- Orda Suzanın özü də deyir ki, aman Allah, mən oraya necə gedəcəm, ərəb dilini bilmirəm, ingiliscə az bilirəm. Əkiz bacısı, agent kimi yetişdirilən Sara ərəb dilini bilirdi. Suzanın məqsədi Beyruta getmək deyildi, o, İstanbula qyaıtmışdı və evləndiyi Kamalın yanında qalacaqdı. Lakin qapını açan qızın özünün Kamalın nişanlısı kimi təqdim etməsindən sonra artıq həyat onun üçün heç nə idi. Deyir ki, mən bir ildir, Moskvada Kamala görə nələr çəkirəm. O, özünü həyatın axarına atdı. Dedi, elə harda ölərəm-ölərəm.

- Sizcə, bir qadın evinə gəldiyində qapını ərinin nişanlısıyam deyə açan qadından və ərindən hesab sormalı deyildimi?

- O qadından asılıdır. Elə qadın var ki, hesab sorur. Eləsi var ki, sormur. Mən də sora bilməzdim. Düşünərdim ki, demək, artıq məni unudub, istəmir. Həqiqətən, sevən qadın sevdiyi kişini heç vaxt pis vəziyyətdə qoymaq istəməz.

- Bu kitabda yaşananlardan öz həyatınızdan hissələr varmı?

- Yox, bu kitabda yoxdur. Amma kitablarımdan biri öz həyatımdandır, onu heç kimə söyləmirəm (gülür).

- Kitabı tələsik başa gəlmiş hesab elədim. Kitab böyük bir əsərin xülasəsi kimi gəldi mənə. Məsələn, Kamal İranda tutulur. Siz sadəcə yazırsınız ki, Kamal İranda tutuldu. Amma mən oxumaq istərdim ki, Kamal necə tutuldu, nə cür işgəncələr verildi, İran təhlükəsizlik xidmətinin əməkdaşlarının obrazı necə idi və s. bunları oxumaq istərdim. Və ya Beyruta getmək səhnəsini qısa vermisiz.

- Bu əsəri yazanda düşündüm ki, ən az 400 səhifə olsun. Ürəyimdən keçdi ki, geniş həcmli əsər olsun. Mənim bir nəvəm oldu. O, mənə imkan vermədi yazmağa (gülür). Məcbur gəlinə kömək eləməliyəm, başqa uşaqlar da var. O biri əsərlərdə rahat idim. Ona görə də məcbur tezləşdirdim, amma sonra peşman oldum. Düşündüm ki, kaş gec olardı, amma istədiyim kimi olardı.

- Yəqin ki, artıq əsərinizi Türkiyə vətəndaşlarından oxuyan olub. İlkin reaksiya necə oldu? Bir azərbaycanlı qızın Türkiyədə başına gələnlərə türklərin münasibəti necədir?

- Türkiyədə əsərlərimi ziyalı adamlar oxuyublar. Bir millət vəkilinin danışmanı mənə yazdı ki, Əzimə xanım, bu kitabı oxuyandan sonra azərbaycanlıların Türkiyəyə olan məhəbbətini daha yaxşı anladım. Hələ ki, tənqid edən olmayıb, bəyəniblər. Türk istihabaratı KQB ilə müqayisədə həddindən artıq aşağı idi, amma mən yenə də əsərimdə axırda onu qaldırdım. Yenə də Türkiyəyə olan sevgimi bildirdim.

- Adətən, əsərlər pozitiv bitməz. Bu filmlərdə də belədir. Amma siz Suzanın bu qədər əziyyətlərindən sonra onu mükafatlandırmısınız. Həm ərinə, həm də Azərbaycandakı ailəsinə qovuşur.

- “Gecələrdə gizli qaldım”, “Təyyarə qanadında uçan ruh” əsərlərim həddindən artıq ağır sonluqla bitib. Uzun illər redaktor işləyən bir şəxs mənə deyəndə ki, “Gecələrdə gizli qaldım”ı oxuyandan sonra hönkür-hönkür ağlamışam, inanmaq istəmədim. “Təyyarə qanadında uçan ruh” əsərimi düşünmüşdüm ki, Azərbaycanda heç kim bəyənməz. Adətən, Şərqdə bir kişinin həyatında bir neçə qadın olur, amma bu əsərimdə bir qadının həyatında iki kişi olur. Düşündüm ki, hamı məni tənqid edəcək.

Ona görə də ön sözdə yazdım ki, heç kim mənim qəhrəmanıma pis baxmasın. Əgər bir irad varsa, mənə yazın. İnanın ki, heç kim tənqidi yanaşmadı. Dedilər ki, o qədər ağır həyatı var ki, bu qadının. Bir neçə qadın da mənə yazdı ki, elə bizim həyatımızı yazmısınız. Əsəri oxuyanda qadına haqq verirsiniz. Redaktor dostum düşünmüşdüm ki, məni çox tənqid edəcək, amma dedi ki, elə ağladım ki...

- Əzimə xanım, 23 ildən çoxdur ki, Almaniyada yaşayırsınız, heç əsərlərinizi almancaya çevirməyi düşünürsünüzmü, yoxsa artıq çevrilib?

- Əsərimin biri İsveçdə yayımlanıb. İsveç dilinə tərcüməçi tapa bilmədik, ingiliscə yayımladıq. İsveçdə kitabları daha çox yaşlı nəsil oxuyur, onlar da ingiliscə bilmir. İstəyərəm Almaniyada əsərim yayımlansın. “Təyyarə qanadında uçan ruh” əsərim Almaniya və Azərbaycanda baş verir. Avropada kitab çap eləmək çətindir, 1-2 ilə mütləq o kitabı Avropada çap etdirəcəm.

- Almaniyadan baxanda Azərbaycandakı ədəbi mühit necə görünür?

- Mən 21 il Azərbaycan ədəbiyyatı ilə maraqlanmadım. Nə oxudum, nə TV-yə baxdım. Sonradan maraqlanmağa başladım, indi yazılan əsərlərlərlə də tanış oldum. Amma gördüm ki, Sovet dönəmində yazılanlarla əsla müqayisə edilə bilməz. Məsələn, “Əfsanəsiz illəri” bir gecədə oxudum, sabaha qədər ağladım. Tələbə idim, dərsə getdim, gözlərim şişmişdi, müəllim dedi ki, get evə. (gülür).

Dilqəm ƏHMƏD


Müəllif: