27 Fevral 2017 18:13
3 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Laçın alayının sabiq komandiri Arif Paşayevlə müsahibəni təqdim edir.

- Arif bəy, fevralın 25-dən başlayaraq cəbhədə vəziyyət gərginləşib, döyüşlər olub və erməni tərəfinin Azərbaycan postlarına daxil olmaq cəhdinin qarşısı alınıb. Siz, cəbhədə mövcud olan durumu necə qiymətləndirirsiniz?
- Mənim birmənalı mövqeyim var. Nə qədər ki, mövcud status-kvo qaldıqca, cəbhədə erməni tərəfinin təxribatları olacaq. Bu birmənalıdır. Biz əbədi atəşkəs fonunda kiçik atışma və toqquşmaları, lokal qarşıdurmaları müşahidə edirik. Hesab edirəm ki, yalnız Azərbaycan ordusu indiki durumu sülh vəziyyətinə gətirə bilər. Yəni Qarabağı azad edə bilər. Əks halda uzunmüddətli və sonu görünməyən bir proses gedəcək. Ermənilər cəbhədə daima təxribatlar törədəcək. İlk baxışdan atəşkəs rejimi mövcud olsa da, faktiki olaraq lokal atışmalar olacaq. Məncə, ordumuz sözünü deməlidir. Xüsusilə qeyd edim ki, Azərbaycan ordusunun gücü və potensialı var ki, bu məsələni birdəfəlik həll etsin. Başqa sözlə, ordunun həm texniki-təminat resursu, həm də insan resursu imkan verir ki, Azərbaycan işğal edilən ərazilərində uğurlu hərbi əməliyyatlar apara bilsin. Əlbəttə, sual yarana bilər ki, bəs beynəlxalq birlik bu zaman nə deyər, hansı mövqedən çıxış edər. Xatırlatmaq istəyirəm ki, Dağlıq Qarabağ, daha sonra ətraf yeddi rayonumuz işğal ediləndə də həmin bu beynəlxalq birlik, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar mövcud idi. Lakin bu institutlar həmin zaman torpaqlarımız işğal edilərkən lazımı reaksiya vermədi. BMT-nin məlum 4 qətnaməsi var, ancaq bu günə qədər yerinə yetirilməyib. Azərbaycanın hüququ var ki, öz ərazisində mövcud olan qanunsuz silahlı birləşmələrə qarşı əməliyyat keçirsin. Bu haqqı Azərbaycanın əlindən heç kim ala bilməz. Həm beynəlxalq hüquq baxımından, həm də ədalət baxımından Azərbaycan öz haqqını müdafiə edə bilər.

- Son bir ayda biz Müdafiə Nazirliyinin cəbhədəki durumla bağlı xəbərlərinə diqqət edəndə bəlli olurdu ki, erməni diversiya-kəşfiyyat qrupu mövqelərimizə keçməyə cəhdlər edir və hər dəfədə geri oturdulur. Erməni tərəfi 20 % torpağımızı işğal edib. Onların cəbhədə vəziyyəti kəskinləşdirməkdə marağı nədir?
- Diqqət edin, Sumqayıt hadisələrini törədən ermənilərdir, amma bunu dünyada Azərbaycan xalqının əməli kimi qələmə verirlər. Erməni tərəfi düşünür ki, əgər sakit dayansa, qarşı tərəfin iddiaları və istəkləri bir qədər də güclənəcək. Odur ki, zaman-zaman atəşkəsi pozurlar və bunu Azərbaycan tərəfinin əməli kimi təqdim edirlər. Üstəlik də, belə əməlləri ilə beynəlxalq aləmdə özləri üçün müsbət imic yaratmağa çalışırlar. Son nəticədə də sanki günahkar biz oluruq. Ona görə bunları deyirəm ki, biz prinsipcə erməni xarakterinə bələdik, zaman-zaman münasibətlərini görmüşük. Odur ki, bütün bu hallara son qoymağın ən optimal yolu Azərbaycan ordusunun işğal altında olan torpaqlarımızı azad etməsindədir.

İkincisi, Ermənistan parlament seçkilərinə gedir və aprelin 2-də seçkilər olacaq. Hazırda orada seçki kampaniyası gedir, Sarksiyan özünün varisini hakimiyyətə gətirmək planını həyata keçirir. Bu amilin də təsiri ola bilər.

Üçüncüsü, əgər xatırlayırsınızsa, hələ ötən il elə gün olurdu ki, atəşkəs rejimi 150 dəfə pozulurdu, bəzən bu 100 dəfə olurdu. Biz daim bunun şahidi olmuşuq. Üç gün əvvəl erməni tərəfi atəşkəsi 57 dəfə pozub. Mən hesab edirəm ki, erməni tərəfindən təxribatlar daimi xarakterdədir. Onlar Azərbaycan ordusunun gücünü görəcəksə, bu əməllərdən əl çəkməli olacaq. Artıq Qarabağ münaqişəsinin üzərindən kifayət qədər zaman keçib. Ola bilsin ki, zaman da bizim xeyrimizə işləmir. Odur ki, Azərbaycan öz resurs və imkanlarından istifadə edərək bu məsələyə nöqtə qoymalıdır. Ötən ilin aprel döyüşlərini gördük. Bizim istənilən halda torpaqlarımızı azad etmək şansımız var. Bir daha deyirəm ki, həm insan resursu, həm müasir hərbi qüdrətimiz, həm də coğrafi imkanlarımız buna imkan verir. Üstəlik də Qarabağ məsələsi Azərbaycan dövlətinin daxili məsələsidir. Hələ Dağlıq Qarabağ məsələsi o zaman beynəlmiləlləşdiriləndə dedim ki, bunu başqalarının müzakirə mövzusu etməyək. ABŞ, Avropa niyə bu mövzunu müzakirə etməlidir ki? Sonda da bəlli olur ki, bu müzakirələrin bizə heç bir xeyri yoxdur. Odur ki, Azərbaycan heç nəyə baxmayaraq, xalqımıza söykənərək addım atmalıdır.

- Söz beynəlxalq qurumlardan və vasitəçilərdən düşmüşkən qeyd edim ki, dünən axşam həmsədrlər bəyanat verərək tərəfləri atəşi dayandırmağa, ağır texnikanı geri çəkməyə çağırıb. Eyni zamanda vasitəçilər tərəfləri atəşi dayandırıb “neytral” zonada olan cəsədləri götürməyə razı salsa da, sonda erməni tərəfi buna əməl etməyib...
- Beynəlxalq qurumların, vasitəçilərin bu münaqişəyə olan münasibəti sadəcə riyakarlıqdır. Onlar işğala məruz qalan ölkə ilə işğalçı arasında məsafə qoymur və hər iki tərəfi bərabərləşdirir. II Dünya müharibəsinin əsasını əslində işğalçı ilə işğala məruz qalan tərəf arasında bərabərliyin qoyulması təşkil etdi. Təsəvvür edin ki, ərazilər işğal olunurdu, amma bunu adı işğal qoyulmurdu. Bu da sonda sürətli hərbi inkişafa təkan verdi. İndi də heç kim Ermənistana işğalçı demir. Hazırda beynəlxalq qurumlar tərəfləri sakitliyə dəvət edir, amma qeyd etmirlər ki, Ermənistan Azərbaycanın ərazilərində hərbi əməliyyatlar aparır. Beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk Qrupu, Qərb, Avropa sadəcə olaraq, baş verənlərdən narahat olduğunu ifadə edir. Açığı, bu boşboğazlıq, riyakarlıq və qeyri-səmimilikdir. Əslində beynəlxalq aləmin münasibəti birmənalı olmalıdır. O faktıdir ki, Ermənistan öz torpaqlarında vuruşmur, Azərbaycan isə öz torpaqlarında müdafiə olunur. Üstəlik Azərbaycan öz ərazilərində hərbi əməliyyatlar aparmaq hüququna malikdir və buna kimsə etiraz etməməlidir. İş ondadır ki, həmin beynəlxalq qurumlar, dünya ictimaiyyəti məhz bu məsələdə tərəflər arasında bərabərlik xətti çəkir.

Baxın, Amerika ilə Rusiyanın mövqeyi bir sıra məsələlərdə fərqlidir və hətta bir-birinə ziddir. Ancaq məhz Qarabağ məsələsində, ermənilərin mənafeyinin müdafiəsi məsələsində ABŞ, Avropa və Rusiyanın maraqları üst-üstə düşür. Deməli, Azərbaycan öz milli iradəsinə, xalqına, yüksək vətənpərvərliyə inanmalıdır. Onsuz da dünya yaxşı bilir ki, ədalət kimin tərəfindədir. Amma buna rəğmən, Azərbaycana olan münasibət dəyişmir. Əgər məsələ bu yerdədirsə, Azərbaycan beynəlxalq hüquqdan çıxış edərək öz hərbi gücünə və xalqına inanaraq torpağı azad etməlidir. Oğullar vətən üçündür, vətən üçün doğulur. Biz itkilərdən qorxmalı deyilik. Bəllidir ki, bu xarakterli məsələlər sonda silah vasitəsilə həll edilir. Tarixi təcrübə göstərir ki, münaqişələrin sülh yolu ilə həlli olmur. Sadəcə olaraq münaqişə tərəfi olanlardan birinin qələbəsini rəsmiləşdirmək üçün siyasi müstəviyə baş vurulur. Beynəlxalq aləm bizi aldadır ki, sülh yolu ilə həll edək, torpaqlar geri qayıtsın və s. Erməni xalqı torpaq geri qaytararmı? Təbii ki, yox. Heç bir erməni prezidenti bu torpaqları dinc yolla bizə qaytarmağa cəsarət və risk edə bilməz. Çünki o tərəfdə də müharibədə ölən, itkin düşən insanlar var. Erməni xalqı durub deyər ki, əgər torpağı verəcəkdinizsə, nədən bu qədər oyunlar oynadınız və s. Odur ki, bu məsələnin çıxış yolu birdir.

- Deyirsiniz müharibə yolu ilə həll etmək lazımdır. Buna dünya, böyük güclər nə deyər?
- Sizə bir məqamı xatırladım. Ötən ilin aprelində bizim hərbi uğurlarımız hətta Azərbaycana dost olmayan dövlətlərin ölkəmizə münasibətdə rəyini müsbət mənada dəyişə bildi. Bilirsinizmi, belə hallarda güc haradadırsa, onunla barışır və razılaşırlar. Qərb ölkələri, Amerika hər zaman sonda güclünün yanında olur. Onlar beləcə gücün təsdiqini etiraf etmiş olurlar. Azərbaycan öz qələbəsini təmin etsə, beynəlxalq aləm onun mövqeyini müdafiə edəcək. Çünki onlar güclü tərəfin yanında olmağı sevirlər. Odur ki, Azərbaycan ancaq özünə, imkanlarına və müttəfiqlərinə bel bağlayaraq addımlar atmalıdır. Hesab edirəm ki, bizim hərbi imkanlarımız bunun üçün yetərlidir.

Aprel müharibəsinə qədər mən bir qədər narahat idim, çünki bizdə gənc nəsil postmodern düşüncə tərzinə üstünlük verir. Hesab edirdim ki, indi vətənpərvərlik ruhu bizim vaxtımızda olduğu kimi olmaz. Amma şükürlər olsun ki, apreldə xalqımız bir yumruq kimi birləşdi, vətənpərvərlik əhval-ruhiyyəsi, mənəvi psixoloji durum yüksək səviyyədə oldu. İnsanlarımız vətən uğrunda döyüşməyə hazır idilər. Həmçinin hərbi imkanlar baxımından biz düşməndən üstünük. O cümlədən, infrastruktur, insan resursları, silah-sursat təchizatı baxımından erməni ordusundan qat-qat irəlidəyik. Beynəlxalq aləm, bölgədə erməni müttəfiqləri və s. amillər ola bilər. Amma Azərbaycan dünyanı fakt qarşısında qoya bilər. Beynəlxalq aləm uzun illərdir ki, Azərbaycanın işğal etdiyi ərazilərlə bağlı ortaya ədalətli mövqe qoymayıb, ermənipərəst mövqedən çıxış ediblər. Bu riyakarlıqdır. Deməli, biz özümüzdən başqa heç kimin dəstəyinə ümid etməməliyik.

CAVAD


Müəllif:

Oxşar xəbərlər