24 Fevral 2017 19:24
1 603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli günün aktual məsələləri ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

– Qabil bəy, fevralın 23-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin üçüncü toplantısına münasibətinizi bilmək istərdik...

– Cənub Qaz Dəhlizi layihəsi çox uğurla icra edilir. Türkiyə və Azərbaycan ərazisində qaz kəmərinin 80 faizə qədəri çəkilib. Şahdəniz-1 layihəsi üzrə də xeyli işlər görülüb. Çox böyük ehtimalla bu ilin sonunadək Şahdəniz-1 fazası işə düşə, yəni, ilkin qaz nəql oluna bilər. Bu ilin sonunadək bütünlüklə TANAP layihəsinin başa çatdırılması mümkündür. TAP layihəsi bir qədər geciksə də, o da gələn ilin ortalarınadək təhvil verilə bilər. Beləliklə, bütünlüklə gələn ilin ortalarına doğru Gürcüstan və Türkiyədən başqa Yunanıstan, İtaliya, Albaniya və ola bilsin ki, Serbiya da Azərbaycan mavi qazını ala bilsinlər.

Cənub Qaz Dəhlizi layihəsi tam reallaşdıqdan sonra Azərbaycan Avropa bazarlarına hər il 30-32 milyard kubmetr qaz nəql edə biləcək. Bu, çox böyük uğurdur və prezidentin dediyi kimi, bu işdə bizə heç kim mane ola bilməz. Avropa da buna əmindir.

– Aleksandr Lapşinin müdafiəsinə yeni vəkil qoşulub. Onunla bağlı proseslərin gedişini necə qiymətləndirirsiniz?

– Lapşinlə bağlı Rusiya etdiklərini edib. Yeni vəkillərin işə qoşulmasına gəldikdə isə deməliyəm ki, bunlar ailəsinin tutduğu vəkillərdir. Keçirilən monitorinqlər belə bir fikir formalaşdırmağa səbəb olur ki, onun saxlanma şəraiti ilə bağlı heç bir narazılığı yoxdur, onunla xoş rəftar edilir və istintaq da sürətlə aparılır. Lapşin müstənqilərin apardığı istintaq prosesində ona verilən sualları cavablandırır, çox böyük ehtimalla bu ayın sonunadək istintaq prosesi başa çata və iş məhkəməyə göndərilə bilər. Hər halda məhkəmənin maraqlı keçəcəyi gözlənilir. Mən əminəm ki, əgər Lapşin istintaq prosesində həqiqətləri açıb söyləyəcəksə, etdiyi əməldən peşman olduğunu deyəcəksə və onun xüsusilə Azərbaycan dövlətçiliyi əleyhinə çəkdiyi videomateriallar, nümayiş etdirdiyi yerlərin coğrafiyası və bütünlüklə onun bu kampaniyaya cəlb etdiyi şəxslərin hamısının adları çəkiləcəksə, ən başlıcası isə onun kimlər tərəfindən istiqamətləndirildiyi, Ermənistan və Rusiya xüsusi xidmət orqanları ilə əlaqələri barədə məlumat verəcəksə, o zaman Lapşinə Azərbaycan məhkəməsinin daha humanist yanaşmasının şahidi ola bilərik.

– Fevralın 20-də qondarma Dağlıq Qarabağ rejimində keçirilən “referendum”u bəzi avroparlamentarilər də izləyib. Bununla bağlı Baş Prokurorluqda cinayət işinin başlanmasına münasibətiniz nə cürdür?

– Son qondarma “referendum”da ciddi siyasi motivlər var idi. Bu siyasi motivlər guya “prezident üsul-idarəsi”nə keçidi özündə ehtiva edirdi. Halbuki, indiyədək onsuz da bu cür üsul-idarə mövcud idi. İndi bunu sadəcə olaraq dünya ictimai rəyinə həzm etdirmək üçün atılan addım kimi də dəyərləndirmək olar. Amma ən başlıca cəhət Dağlıq Qarabağ sözü ilə bağlıdr. Dağlıq Qarabağ sözü hər zaman bu məkanın azəzrbaycanlı məkanı olduğunu və bu adın azərbaycanlılar tərəfindən qoyulduğunu sübut edir. Bir sözlə, adın özü ermənilərdə qıcıq yaradırdı. Dünyada da bu toponimin mənası və tarixi yerin mənsubiyyəti haqqında bəlli bir nəticələr doğura bilirdi. Onlar Dağlıq Qarabağ sözünü “Artsax” sözü ilə dəyişdirməyi də referenduma çıxarmışdılar. Guya ki, Artsax erməni sözüdür. Halbuki, Artsax da erməni sözü deyil. Bu, alban sözüdür. Bu gün xarici ölkələrdə, xüsusən Norveçdə yaşayan albanlar “Artsax” cəmiyyəti yaradıblar və onlar həmin torpağın alban torpağı olduğunu və o torpaqda olan maddi-mədəniyyət nümunələrinin də Artsax xalqı, yəni alban xalqı tərəfindən yaradılmasını dünyaya təkidlə isbat etməyə çalışırlar. Doğrudur, onlar azsaylıdırlar, amma hər halda getdikcə onların tərəfdarlarının sayı artır. Bu mənada keçirilən referendumun cəfəng mahiyyətini əvvəla, dünya qəbul etmir, ikincisi isə onun elmi-tarixi əsassızlığını da əvvəllər bu torpaqda yaşamış albanlar, eləcə də Azərbaycan alimləri isbata yetirirlər.

– Son vaxtlar cəbhə xəttində vəziyyət davamlı şəkildə gərgin olaraq qalır. Sizcə bu, nə ilə bağlıdır?

– Cəbhənin müxtəlif yerlərində, xüsusən də son bir ayda Azərbaycan ordusu tərəfindən geri qaytarılmış ərazilərdə – Talış yüksəklikləri, Tərtər, Ağdam istiqamətində erməni qoşunlarının cəmləşməsi müşahidə edilməkdədir. Bölgəyə yeni artilleriya qurğuları, tanklar, zirehli texnika, hətta raket texnikası yerləşdirilib. Əlbəttə, Azərbaycan tərəfi də əks tədbirlər görür və həmin bölgələrin müdafiəsini daha da möhkəmləndirir. Ermənilər artıq bir neçə dəfə indiyədək istifadə etmədikləri ağır artilleriyadan, uzaqvuran toplardan istifadə edərək atəş açmağa başlayıblar. Nəticədə Azərbaycan Ordusu bir şəhid verib. Yəni, Ermənistanın təhrikçi mövqeyi hər gün bir qədər də artır. Nalbandyanın Moskvaya səfəri və orda Lavrovla görüşü xeyli şübhəli qənaətlər doğurur. Belə demək mümkündürsə, ermənilər sanki öz ərazilərində keçiriləcək seçkilər ərəfəsində bizi hansısa bir təxribata çəkmək fikrindədirlər və Azərbaycan Ordusunu təxribata cəlb edə bilərlər. Amma Azərbaycan Ordusu bu dəfə hər şeyə hazırdır. Artıq bir neçə erməni diversiya dəstələri həmin ərazilərdə məhv edilib. Bu dəfə əgər ermənilər yenə də istər lokal, istərsə də genişmiqyaslı olsun, provokasiyaya əl atarlarsa, Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbəsi ilə məhv ediləcək və yeni-yeni torpaqlar işğaldan azad edilərək Azərbaycana qaytarılacaq.

– Edvard Nalbandyanın Moskvaya səfərlərinin sayı son vaxtlar artıb. O, yanvarda və fevralda Rusiya paytaxtında görüşlər keçirib. Bu səfərlər nədən xəbər verir?

– Bunlar çox ürək bulandırıcı səfərlərdir. Çünki danışıqlar prosesinin dondurulduğu, ermənilərin lovğalıqla sülh danışıqlarından çəkildikləri bir vaxtda Rusiya tərəfinin, xüsusən də ermənilərlə mənşə qohumluğuna malik olan xarici işlər naziri olan Lavrovun onlarla kontaktlarının güclənməsi heç də xoş olmayan əhval-ruhiyyə yaradır. Ancaq nə olub ki, Nalbandyanın bir ayağı Moskvada, bir ayağı İrəvandadır. Onun Moskvaya hər səfərindən sonra erməni ordusunun provokasiyaları durmadan artır. Görüşdən sonra isə Lavrovun verdiyi bəyanatlar, izahatlar problemin həlli istiqamətində yaxşı ümidlər oyatmır. Yəni, Lavrov yenə də əvvəlki ampluasında qalaraq Dağlıq Qarabağ probleminin çözülməsi ilə bağlı hansısa razılaşdırılmamış, indiyədək deyilməmiş müddəaları səsləndirməyə başlayıb. Gah Madrid prinsipindən, gah Kazan, gah Sankt-Peterburq, gah da Vyana görüşündə əldə edilmiş hansısa razılaşmadan danışır. Həmişə də ön plana bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi və bu sülhməramlı qüvvələrin daha yaxşı olar ki, KTMT-nin ordularından ibarət olmasını arzuladığını bildirir. Belə təsəvvür yaranır ki, referendum məsələsini də, bölgəyə sülhməramlı qüvvələr gətirilməsi məsələsini də Rusiya öz inhisarına alıb və sanki bu məsəldə heç kimə hər hansı təşəbbüskarlıq göstərməyə imkan verməyəcəyini bəyan edir. Ermənilər də Moskvadan aldıqları bu təlimatdan ruhlanaraq cəbhədə provokasiyalarının sayını artırırlar və aradabir “biz danışıqlara hazırıq” kimi inandırıcı olmayan fikirlər səsləndirirlər. Düzdür, həmsədrlər də, danışıqlar prosesinin canlandırılmasının zəruriliyindən, atəşkəsə riayət etməyin vacibliyindən danışırlar. Amma hər halda ortada bir səmimiyyət hiss olunmur. Həm Rusiya tərəfindən həmsədr dövlət kimi bir səmimiyyət hiss olunmur, həm də Fransanın özü bu səmimiyyəti pozan bir sıra provokasion hərəkətlərə yol verdi. Belə olan şəraitdə Azərbaycanın danışıqlar prosesinə marağı o qədər də artmır. Düzdür, Azərbaycan sülh danışıqları prosesinə sadiq olduğunu dəfələrlə bəyan edib. Amma sülh danışıqları prosesi ilə bağlı Azərbaycanın irəli sürdüyü əsas prinsip ərazi bütüövlüyü məsələsinə əməl edilməsi, ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa dünyada mövcud olan ən yüksək muxtariyyət statusunun verilməsini vəd edib. Eyni zamanda ermənilərin statusla da bağlı qabaqcadan səsləndirdikləri müstəqillik, yaxud Ermənistana birləşdirilməklə bağlı sərsəmlərini təkrar etməmələrini tələb edir. Çünki bu, danışıqlar prosesinə olan marağı tamamilə öldürür. Hər halda belə görünür ki, danışıqlar prosesində inhisarı ələ almış Rusiya bütün prosesləri özü idarə edir və bu vəsilə ilə də danışıqlar prosesinin lazımı məntiqi sonluğa çatmasına bir növ imkan vermir. Üstəlik, cəbhədəki qarşıdurmanın artması da zənnimcə, təkcə Ermənistanın təşəbbüsü deyil. Düzdür, Ermənistanda bu istək var. Amma Ermənistanda Azərbaycan Ordusunun güc və qüdrəti qarşısında çox böyük qorxu və həyəcan var. Ancaq rus ordusunun, xüsusilə Ermənistanda yerləşdirilmiş rus hərbi bazalarının kömək edə biləcəkləri barədə vədləri, bundan əvvəl Ermənistan və Rusiya ordularının birləşdirilməsi, ona erməninin komandirlik etməsinə dair sazişin imzalanması da ermənilərə əlavə ruh yüksəkliyi verib. Belə bir şəraitdə hərbi qarşıdurma, hətta müharibə riski xeyli yüksək görünür. Müdafiə naziri Zakir Həsənovun nazirliyin bütün general heyəti ilə cəbhə bölgəsində olması, orda təlimlərin həyata keçirilməsi, döyüş hazırlığı qabiliyyətinin yoxlanılması və sair tədbirlər göstərir ki, Azərbaycan ordusu hər an erməni hücumlarını dəf etməyə və ermənilərə sarsıdıcı zərbə vurmağa hazırdır. Ermənilər mütləq Azərbaycanın bu niyyətini və qətiyyətini başa düşüb danışıqlar masası ətrafına qayıtmalıdırlar.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər