28 Mart 2017 16:02
2 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com politoloq Toğrul İsmayılla müsahibəni təqdim edir.

- Toğrul bəy, son günlər Rusiya-Türkiyə münasibətlərində yenidən ziddiyyətli məqamlar müşahidə olunur. Bu iki ölkəni qarşıdurmaya sövq edən səbəblər nədən ibarətdir?
- Birincisi, deyim ki, Türkiyə-Rusiya yaxınlığı daha çox Suriya mövzusu ilə bağlı olub. Bu da Suriyada atəşkəsin əldə edilməsinə cəhdlərlə bağlı məsələdır. Amma indiki münasibətlər Rusiyaya məxsus qırıcı təyyarənin Türkiyə sərhədlərini pozması səbəbindən vurulduqdan əvvəlki vəziyyət qədər yaxşı deyil. Əlbəttə, münasibətlər yaxşılaşmağa doğru gedirdi, amma tam yaxşı deyildi.

Suriya məsələsində isə tərəflər atəşkəslə bağlı həmrəy idi. Amma Suriyanın gələcəyi məsələsində Ankara və Moskvanın görüşləri üst-üstə düşmür. Rusiya əvvəlki kimi Bəşər Əsəd rejiminin davamını istəyir, öz oyununu oynamağa çalışır. Türkiyə isə Əsədin artıq Suriyaya nəzarət etməyəcəyini, ələlxüsus Suriyada dövlət sərhəddinin dəyişməməsi, ərazi bütövlüyünün qorunmasında maraqlıdır.

Son gərgin durum isə Rusiyanın Türkiyə ilə əldə etdiyi anlaşmaya baxmayaraq, terrorçu kürd qrupları ilə apardığı siyasətlə bağlıdır. Bu da təbii ki, Türkiyənin maraqlarına ziddir. Bildiyiniz kimi, Türkiyə Suriyada PKK-nın qolu olan PYD-ni terror təşkilatı kimi görür. Rusiya isə nə PKK, nə də PYD-ni terrorçu qrup kimi qəbul etmir, eyni zamanda Arfin bölgəsinə əsgər yeridərək burada YPG-nin təlimlərinə başlayıb. Bir sözlə, Rusiya üzdə Bəşər Əsəd rejiminin qalması və Suriyanın torpaq bütövlüyünü vacib saysa da, Suriyada bir kürd dövlətinin, daha doğrusu, YPG başda olmaqla terrorçu və sol qrupların başında durduğu bir qrupun dövlət qurmasına çalışır. Türkiyəni də narahat edən məqam budur. Sözsüz ki, terrorçu İŞİD məsələsində hər kəs ortaqdır. Nə üçün PYD və ya YPG terrorçu kimi qəbul edilmir və ya nə üçün İŞİD-ə qarşı ciddi mübarizə olduğu halda PYD, YPG-yə qarşı belə davranış yoxdur? Sözsüz ki, bölgədə bəzi terror qruplarının başında duracağı bir dövlətin qurulması Türkiyəni narahat edir. Odur ki, hazırda Moskvanın qeyd etdiyim oyunları aparması nəticəsində Türkiyə-Rusiya münasibətlərinəciddi təsir edə biləcək hadisələr baş verməkdədir.

- Bu durum Ankara-Moskva iqtisadi əlaqələrinə təsir göstərmirmi?
- Əslində qeyd edim ki, Türkiyədən meyvə-tərəvəz ixracına Rusiya tərəfindən qadağa qoyulması məlum təyyarə böhranından sonra ortaya çıxan məsələdir. Sonradan Rusiya söz verməsinə baxmayaraq, Türkiyədən gələn meyvə-tərəvəz məhsullarının bir qisminə, xüsusilə pomidor və xiyar məhsullarının ölkəyə daxil olmasında icazə vermədi. Buna qarşılıq olaraq da Türkiyə Rusiyadan gələn buğda, qarğıdalı məhsullarına qadağa qoymasa da, gömrük rüsumlarını 130 % artırıb. Faktiki olaraq bununla da Rusiyadan gətirilən taxıl, qarğıdalı kimi malların ölkəyə girişi dayandırılıb. Beləcə, ekonomik mübarizə gedir. Mənim fikrimcə, bu məsələdə haqlı tərəf Türkiyədir. Rusiya münasibətləri düzəldəcəyini desə də, bəzi məhsullara sanksiyalar tətbiq edir. Türkiyə də təbii ki, öz iqtisadi çıxarlarını qorumaq məcburiyyətindədir. Ancaq sizə deyim ki, belə hallar müttəfiqlər arasında da baş verə bilir. Mən iqtisadiyyatda müşahidə edilən bu kimi halları Suriya mövzusu ilə bağlamazdım. Amma Suriyada baş verənlər tam fərqli məsələdir, burada Rusiya təyyarə krizisindən əvvəlki durumdakı kimi özünü aparır, tək hərəkət edir, Türkiyə kimi dövlətin maraqlarını nəzərə almır. Belə olduğu təqdirdə ikinci böyük krizisin yaşaması ehtimalı olduqca yüksəkdir.

- İndiki durumda Türkiyə-Rusiya münasibətləri neqativ istiqamətdə hansı nöqtəyə qədər inkişaf edə bilər?
- Burada hər şey Rusiyadan asılıdır. Rusiya bölgədə, xüsusilə Suriyada var olmaq uğrunda mübarizə aparır. Türkiyə isə Suriya ilə sərhəddə yerləşən bir dövlətdir. Türkiyə bölgədə var olmaq, nüfuzunu genişləndirmək mübarizəsi ilə eyni zamanda öz sərhədlərinin təhlükəsizliyi məsələsi ilə məşğuldur. Rusiyanın xarici siyasət konsepsiyasına baxdıqda bu dövlətin ölkə daxilində hər hansı terror fəaliyyətinə icazə vermədiyini, sərhədlərinin dəyişdirilməsini böyük təhlükə hesab etdiyini görürük. Amma Rusiyanın Suriyada apardığı əməliyyatlar Türkiyə kimi bir ölkənin ərazi bütövlüyünə, təhlükəsizliyinə problem yaradacaq addımlardır. Odur ki, münasibətlərin neqativ istiqamətdə haraya qədər gedə biləcəyi məsələsi birmənalı olaraq Rusiyanın mövqe və atacağı addımlarla əlaqəli olacaq. Əgər Rusiya Türkiyənin bölgədəki marağını, sərhəd təhlükəsizliyini təhlükə altına alacaq əməliyyat aparacaqsa, bölgədə terrorun canlanması üçün fəaliyyət göstərəcəksə, PYD və PKK-nın silahla təminatı, təlimi kimi istiqamətdə gedəcəksə, bu halda Ankara-Moskva arasında krizis güclənəcək. Açığını deyək ki, Türkiyə Rusiya sərhədləri yaxınlığında və ya içində hansısa qruplaşmanı dəstəkləmir, habelə Rusiya sərhədlərinin təhlükəsizliyini hədəfə alacaq hərəkətə yol vermir. Məsələn, bu gün Şimali Qafqazda çox ciddi qruplar fəaliyyət göstərir, son məlumata görə, onların hücumu zamanı 6 rus əsgəri öldürülüb. Əgər Türkiyə belə qruplara dəstək verərdisə, bu zaman Rusiyanın hərəkətlərini anlamaq mümkün olardı. Amma gördüyünüz kimi, Türkiyə bu kimi hərəkətlərə yol vermir, əksinə Rusiya ilə yaxşı qonşuluq siyasətini aparmağa çalışır. Odur ki, burada çox şey Rusiyanın özünü aparmasından asılıdır. Əgər Rusiya düşünürsə ki, burada süni kürd dövləti qurub bölgədə öz varlığını yaşadacaq, bunun nəticəsini biz Gürcüstan misalında gördük. Gürcüstanla Rusiya arasında 2008-ci ildə savaş yaşandı, sonda Rusiya Gürcüstan ərazisinə məxsus olan Abxaziya və Osetiya kimi separatçıların müstəqilliyini tanıdı, indi isə onları özünə birləşdirməyə çalışır. Türkiyə-Moskva münasibətləri indi daha çox Rusiyadan asılıdır.

- Son ayların müşahidəsi ortaya maraqlı məqamları çıxardı. Türkiyə 15 iyul çevriliş cəhdinindən sonra Amerika ilə qarşıdurmanı gücləndirdi, daha sonra isə Avropa ilə münasibətlər kəskinləşdi. Və bu proseslər zamanı həm də Rusiya-Türkiyə müttəfiqliyi görüntüsü ortaya çıxdı. İndi Rusiya tərəfindən dışlanan Türkiyə ortada tək qalmayacaqmı? Bəllidir ki, ABŞ və Avropa da YPG-yə dəstək verir...
- Məncə, burada dəyərləndirmə səhvdir. Türkiyə öz müttəfiqi olan Amerikaya YPG məsələsində nə dərəcədə sərt davrandığını ortaya qoydu. Yəni Ankara ABŞ-ı atıb Rusiyaya tərəf getmədi. Bu gün də Türkiyə-ABŞ müttəfiqliyi davam edir, eləcə də Türkiyə-Avropa Birliyi münasibətləri var. Düzdür, bəzən Türkiyə sorğuya çəkilir. Çünki avropalılar bu saat anti-Türkiyə təbliğatı aparırlar və bunu bölgədə Türkiyəni əzməklə sürdürürlər. Baxın, Avropadakı seçkilərdə ultramillətçi qüvvələr anti-Türkiyə çıxışları ilə səs toplamağa çalışırlar. Bu ayrı bir mövzudur. Amma Suriya məsələsində Türkiyə özünün "qırmızı xətti"ni ortaya qoyub. Burada terror qrupu tərəfindən qurula biləcək dövlət Türkiyə üçün təhlükədir. Bu dövlətin qurulması üçün bölgədə etnik təmizlənmə aparıla, Əl-Bab və ya Munbiç kimi şəhərlərdən ərəb və türkmənlər qovula bilər. Ona görə də Türkiyə Suriyada süni dövlətin qurulmasına göz yuma bilməz. İkincisi, Türkiyə, Suriya məsələsində müttəfiqləri ilə sərtləşə bilən ölkədir. O ki qala Rusiya ilə. Rusiya Türkiyənin müttəfiqi deyil. Sadəcə Ankara Rusiya ilə yaxşı münasibətlər qurmağa, bunu strateji hala gətirməyə çalışır. Amma Suriya mövzusunda tərəflərin fərqli baxışları var. Odur ki, Rusiya Türkiyənin Suriyadakı mövqeyini qəbul etməsə, münasibətlərdə pisləşmə qaçılmazdır. Həm də "Türkiyə ABŞ və Avropa ilə əlaqələrini kəsib Rusiya ilə yaxınlaşdı" fikri də yanlışdır. Suriya məsələsində uzunmüddətli ittifaqlar mümkün olmur. Qısa və taktiki ittifaqlar olur, amma strateji məsələyə gəlinəndə hər bir tərəfin - ABŞ, Rusiya, İran, Səudiyyə və Avropanın öz maraqları olur. Hətta arada Səudiyyə ilə ABŞ münasibətləri və Rusiya-İran problemləri oldu. Bu göstərir ki, hər dövlət bölgədə öz oyununu oynamağa çalışır. Konkret olaraq kürd dövlətinin qurulmasına gəlincə, Türkiyə belə bir dövlətin qurulmasına qarşı deyil. Nəzərə alın ki, Şimali İraqdakı kürd muxtariyyəti var və Bərzani ilə Ankaranın çox yaxşı münasibətləri var. Elə bu səbəbdən də Rusiya bu qrupları Moskva görüşünə dəvət etmədi. Yəni burada kürdlər ifadəsi doğru deyil, daha yaxşı olar ki, qrupların adı çəkilsin. Türkiyə bölgədə kürdlərə deyil, YPG və PKK-ya qarşıdır.

- Son günlər Ankara-Tehran münasibətlərində də gərginlik özünü büruzə verir. Bu gərginlik Ankara-Moskva münasibətlərindən qaynaqlanır?
- Bu gərginlik də Suriya mövzusundan qaynaqlanır. İran da bölgədə nüfuzunu artırmağa çalışır və xüsusilə bunu özünün ideoloji baxışı üzərindən həyata keçirməyə çalışır. Türkiyə də təbii ki, bölgədə gedən mübarizədə yer alıb. Odur ki, gərginlik olur. Amma bu gərginliyin ciddi qarşıdurmaya keçəcəyinə inanmıram. Çünki İran-Türkiyə münasibətləri geniş və mürəkkəbdir, ancaq Suriyaya görə bu əlaqələr neqativə dönməyəcək

.
- Amma İran sanki Rusiyanın müttəfiqi rolunda da çıxış edir...
- Ola bilsin ki, belə görünür. Amma İran və Rusiyanın Suriya məsələsində maraqları fərqlidir. Siz İran və Rusiyanın addımlarına diqqət edin. Hətta İran bəzən Ankara-Moskva yaxınlaşmasına sərt təpki göstərir. Suriya məsələsində kimsə kimsənin müttəfiqi deyil. Orada maraqlar toqquşması var və bu çərçivədə də tərəflər qısamüddətli ittifaqlar qura bilirlər. Sadəcə İran, Rusiya və Suriya rejiminin maraqları bəzi məsələlərdə üst-üstə düşdüyü üçün bu, bizə müttəfiqlik kimi görünür. Amma bunun uzun vədəlik bir müttəfiqlik olacağını düşünmürəm. Çünki "Əsəd rejimi muxtariyyət məsələsinə necə baxır" məsələsi var. Əgər kürdlərə muxtar idarəçilik statusu verilərsə, bu zaman Əsəd, İran və Rusiya münasibətləri pozular.

Nemət


Müəllif:

Oxşar xəbərlər