2 Mart 2017 18:35
2 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın Avropa İttifaqı ilə həyata keçirdiyi layihələr Ermənistanın sahibini narahat edir”

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə günün aktual məsələləri ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

– Son günlər cəbhə xəttində baş verən toqquşmaların başlıca səbəbləri kimi nələri göstərmək olar?
– Ermənistan öz təcavüzkar siyasətinə son qoymaq istəmir. Çox güman ki, Azərbaycana hansısa təzyiqlər üçün Ermənistanı bizim üstümüzə onun havadarları qısqırdır. Bilirsiniz ki, belə hallar hər zaman baş verir və indi vəziyyət sadəcə, bir istiqamətdə dəyişib. Az əvvəl Ermənistan və onların sahibləri Azərbaycana böyük zərbələr endirə bilirdilər. İndi isə Azərbaycan Silahlı Qüvvələri onların layiqli cavablarını verir və yerlərində oturdur. Onlar bilməlidirlər ki, belə hallarda Ermənistan Azərbaycandan çox ciddi cavablar alacaq.

– Ötən ilin aprelində cəbhədə baş verən hərbi əməliyyatlardan sonra müxtəlif vasitəçilik missiyası həyata keçirildi, “Lavrov planı” irəli sürüldü. Ancaq bütün bunlar faydasız qaldı və biz cəbhə xəttində yeni toqquşmaların şahidiyik. Necə hesab edirsiniz, budəfəki insidentlərdən sonra beynəlxalq birlik aktiv şəkildə problemin həllinə girişəcəkmi?
– Beynəlxalq vasitəçilər, danışıqlar prosesinin iflasa uğradığını görürlər. Ermənistan əvvəllər danışıqlarda iştirak etməklə prosesi imitasiya etmək istəyirdi. Çox güman ki, Ermənistan ümumiyyətlə, danışıqlar prosesini dayandırmaqla bağlı sahiblərindən əmr alıb. Bu hərəkətlərin arxasında təbii ki, hansısa göstərişlər dayanır. Çünki Ermənistan müstəqil dövlət deyil. Artıq Ermənistan silahlı qüvvələri də Rusiya Silahlı Qüvvələrinə birləşib. Mən yaxın vaxtlarda Ermənistanın siyasətində köklü dəyişiklik olacağını gözləmirəm. Vasitəçilərdən də sülh istiqamətində hansısa fövqəladə fəaliyyət görünmür. O ki qaldı, toqquşmaları gücləndirməyə, hərbi əməliyyatları davam etdirməyə, mən inanmıram ki, Ermənistanın buna gücü çata. İrəvanda çox gözəl bilirlər ki, istənilən halda çox ciddi cavab alacaqlar.

– Yanvar ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ məsələsinin həllinin Azərbaycanın daxili işi olmadığını açıqladı. Fevral ayında isə Ermənistan tərəfi bütün cəbhə boyu təxribatları intensivləşdirdi. Sizcə, bu iki fakt arasında hansısa əlaqə varmı?
– Cəbhədə vəziyyətin gərginləşməsi hansısa açıqlama ilə bağlı deyil. Siyasətləri var, bu siyasəti mütəmadi olaraq həyata keçirirlər. İstisna deyil ki, Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rol, həyata keçirdiyi böyük nəqliyyat layihələri Ermənistanın sahiblərini narahat edir. Ona görə növbəti dəfə Ermənistanı qısqırdırlar ki, bölgədə sabitliyi bir balaca pozsunlar.

– Yəni, hesab edirsiniz ki, cəbhə xəttində baş verən hadisələr Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığın səviyyəsini yüksəltməsinə Rusiyanın cavabıdır?
– Azərbaycan Avropa ilə əməkdaşlıq edir və Avropanın enerji təhlükəsizliyi ilə bağlı önəmli layihələr həyata keçirir. Bu da Ermənistanın ağalarını narahat edir. Mən düşünürəm ki, son günlər cəbhədə baş verən hadisələr sadəcə, Ermənistanın bizim üstümüzə qısqırdılmasıdır. Ermənistandan bölgədə sabitliyi pozmaq üçün istifadə edirlər.

– Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı deyilən bir qurum var. Onun budəfəki hadisələr barədə nədənsə pozisiyası hiss edilmədi…
– Bu təşkilatın ümumiyyətlə, hər hansı pozisiyası yoxdur. Bilirsiniz ki, bu təşkilatın üzvü olan Belarus və Qazaxıstan kimi ölkələr Ermənistanın təcavüzkar siyasətinə dəfələrlə öz etirazlarını bildiriblər. Lakin bu təşkilat bilavasitə Rusiyanın təşkilatı olduğu və qərarların da Rusiya tərəfindən verildiyi üçün bu bir təşkilat deyil. Bu, Rusiyanın yaratdığı bir hərbi blokdur. Bu hərbi blokda da ən fəal üzv məhz Rusiya və Ermənistandır.

– Prezident İlham Əliyevin Pakistanın baş naziri Məhəmməd Nəvaz Şəriflə görüşündə müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələr müzakirə olundu. Azərbaycanın Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal etməsi ilə bağlı razılaşma əldə edildi. Bunu necə qiymətləndirisiniz?
– Çox yüksək qiymətləndirirəm. Bilirsiniz ki, Azərbaycan Pakistanla həm siyasi, həm də təhlükəsizlik nöqteyi-nəzərindən çox ciddi əməkdaşlıq edir. Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Pakistanla yanaşı xüsusi olaraq, Türkiyənin və bir sıra digər ölkələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır. Biz beynəlxalq təşkilatlardan, beynəlxalq ictimaiyyətdən də məhz hüququn aliliyinin müdafiəsini gözləyirik. Məxsusi olaraq Azərbaycanın mövqeyinin müdafiəsini yox, məhz beynəlxalq hüquq normalarına riayət olunmasını istərdik.

– Bir aydan artıqdır ki, ABŞ-da yeni administrasiya fəaliyyətə başlayıb. Amma biz hələ ki, yeni administrasiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir addımını müşahidə etmirik. Yalnız bir dəfə ABŞ-ın BMT-dəki nümayəndəsi, səfir Nikki Haley Təhlükəsizlik Şurasının “Avropada təhlükəsizlik” sessiyasında çıxışı zamanı Dağlıq Qarabağ münasişəsindən barədə cəmi bir cümləlik fikir bildirib…
– Administrasiya təzəlikcə fəaliyyətə başlayıb. Təbii olaraq ABŞ bölgədə sülh əldə edilməsində maraqlıdır. Ələlxüsus, yeni administrasiyada rəhbər vəzifədə olanların erməni diasporunun qaşısında hər hansı məsuliyyəti yoxdur. Buna görə də ümidvarıq ki, Amerikanın siyasəti məhz beynəlxalq prinsiplərin, beynəlxalq hüquq normalarının müdafiəsindən ibarət olacaq.

– Bu hadisələrlə eyni vaxtda Ermənistan prezidenti Serj Sərkisyanın Moskvaya səfər edəcəyinə dair məlumat yayılıb. Bu səfəri necə qiymətləndirirsiniz?
– Sərkisyanın Moskvaya səfərini nə cür qiymətləndirmək olar? Əmr ediblər, qaçıb sahiblərinin qabağına. Sərkisyan kimdir, yaxud Ermənistan nədir?! Ermənistan müstəqil bir dövlət deyil ki, burda hansısa müstəqil dövlətin başçısının səfərindən danışmaq mümkün olsun. Növbəti əmrləri verməyə çağırıblar.

– Təəssüf ki, bu əmrlər hər zaman bizim ziyanımıza olur…
– Görək bu dəfə nə olur. Rusiya prinsipcə bölgədə müəyyən bir balans saxlamaqda maraqlıdır və indi Ermənistandan istifadə edir. Amma onlar çox gözəl bilirlər ki, Azərbaycanın müstəqil siyasəti var. Azərbaycan bu gün kifayət qədər güclü dövlət olduğu üçün Ermənistanın cavabını verə bilər. Ona görə də hələlik xırda təxribatlardan o tərəfə keçmirlər. Mən bir məqamı da xüsusi qeyd etmək istəyirəm ki, Rusiya Azərbaycanla bir neçə sahə üzrə əməkdaşlığa maraqlı olmalıdır. Rusiya-Ermənistan münasibətləri, yəni, Ermənistanın hər hansı hərəkətləri də Rusiyanın maraqlarına xələl gətirməməlidir.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər