9 Mart 2017 14:08
5 729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edir.

- Zərdüşt bəy, apreldə Ermənistanda parlament seçkiləri keçiriləcək. Seçkilərlə bağlı proqnozunuz necədir?
- Ermənistanda seçki yoxdur. Seçki məsələsi boş söhbətdir. Sadəcə olaraq, Ermənistanda hakimiyyəti ələ keçirən Qarabağ mafiyası öz mafioz lideri Sej Sarksiyanla birlikdə hakimiyyətin ömrünü uzatmaq naminə konstitusiya dəyişikliyinə gedib. Guya konstitusiya dəyişikliyindən sonra hakimiyyət parlamentə keçib. Seçkidə səs çoxluğu qazanan və qalib gələn partiya hökuməti təşkil edəcək. Aydındır ki, oradakı seçkilərdə indiki hakim partiya olan Respublika Partiyası qələbə qazanacaq və hökumət təmsilçiliyini əlində saxlayacaq. Bu seçki tamaşası başını itirən, cahil və nadan erməni xalqı üzərində istibdadı bir qədər möhkəmləndirəcək, habelə bölgənin ağası olan Rusiyanın hökmranlığını təmin edəcək. Vəssalam.

- Ancaq seçkilərdə bir neçə seçki bloku da iştirak edir və iddialı bəyanatlar səsləndirirlər...
- Seçki bloklarının hamısı seçkidə uduzacaq. Orada real seçki prosesi olmayıb və bundan sonra da olmayacaq.

- Levon Ter-Petrosiyanın təmsil olunduğu “Konqres-EXP” Blokunun imkanlarını necə qiymətləndirirsiniz?
- Seçki prosesi haqda danışmaq gülünc olardı. Adını çəkdiyiniz bloka Ermənistan Prezident Aparatından hansı rəqəmi yazsalar, o rəqəmi də elan edəcəklər. Onlar da əvvəldən deyiblər ki, Serjə kömək etmək məqsədilə seçkilərdə iştirak edirlər.

- Ancaq siz bir müsahibənizdə qeyd etmişdiniz ki, apreldə Ter-Petrosiyan Serj Sarksiyana dəstək verdi və parlament seçkilərində onun bu dəstəyi nəzərə alınacaq...
- Bəli, bu belədir. Ter-Petrosiyanın blokuna prezidentin yazacağı səs çərçivəsində nəsə ola bilər. Yəni onların səs qazanması boş söhbətdir. Prezident Aparatı hansı rəqəmi yazsa, bu da keçərli olacaq. Təbii ki, hansısa partiyaya 1-2 yer veriləcək. Bu da tula payıdır.

- Ancaq qəribədir ki, seçkiyə gedən siyasi bloklar hakimiyyəti tənqid etsələr də, Qarabağ məsələsinə dair ümumi vahid mövqeləri özünü göstərir. Bu nə ilə bağlıdır?
- Başqa cür ola da bilməz. Çünki erməni milləti xəstədir, onların başı xarab olub. Elə bilirlər ki, indi orta əsirlər dövrüdür və kiminsə torpağını tutmaq, ilhaq etmək asandır.


- Bu seçkilərdən sonra Ermənistanın gələcək taleyində nələrinsə dəyişəcəyini ehtimal edirsiniz?

- Ermənistanın bir dövlət və millət kimi gələcəyi yoxdur. İnsanlar da yavaş-yavaş oradan qaçıb gedir. Hər il 30-50 min insan Ermənistanı tərk edir. Bu reallıqdır.

- Ancaq prezident Sarksiyan Parisdə böyük bəyanatlarla çıxış edir...
- Boş şeylərdir. Siz birdəfəlik anlayın: dövlət əsasən, sənayesi, kənd təsərrüfatı, iqtisadiyyatı, millətin saflığı, beynəlxalq hüququ bilməsi ilə ölçülür. Dövlət, onun imkanları boş bəyanatlar verməklə ölçülmür. Yəni bu ölçü vahidi ola bilməz.

- Serj Sarksiyan ötən həftə Azərbaycanı hədələmişdi. Raket kompleksləri ilə Azərbaycanda istənilən yeri vura biləcəklərini elan etmişdi...
- Əzizim, bunlar boş söz-söhbətlərdir. Məsləhət görmürəm ki, buna vaxt ayırasınız. Bunların hamısı oyunun şərtlərdir. Hədə, arada atəşin açılması baş verir.


- Fevralın sonunda cəbhədə vəziyyət bir qədər gərginləşdi. Siz yaz fəslində danışıqlar prosesinin aktivləşəcəyini gözləyirsinizmi?
- Xeyr. Rusiya nə desə, o da olacaq. Moskva desə müharibə olsun, müharibə olacaq, yox desə ki, barış, o zaman barışacaq.

- Bir halda ki, Dağlıq Qarabağ taleyi Rusiyanın mövqeyindən asılıdırsa, o halda Rusiyanın güc və imkanlarını, habelə zəifləmək ehtimallarını necə qiymətləndirirsiniz?
- Rusiya özü də tədricən çökür və dağılır. Məncə, bunu gözləmək lazımdır. Tarixi zaman 3-5 illə ölçülmür, bəzən 10-50 illə ölçülür. Zamanı gözləmək lazımdır. Rusiya çöküşə, gedəndə ola bilsin ki, Dağlıq Qarabağ məsələsi də həllini tapdı.

- Yəni Rusiyanın çöküşünə inanırsınız?
-Bəli, hesab edirəm ki, çökəcək. Bu dövlətin gələcəyi yoxdur.

- Yaxın Şərqdəki durumu necə qiymətləndirirsiniz, martın 23-də Suriyada sülhün əldə edilməsi məqsədilə növbəti danışıqlar prosesi keçiriləcək. Optimist nəticə ortaya çıxacaqmı?
- Böyük dövlətlər öz maraqlarını təmin edənə qədər bu cıdır meydanında dəlisov müsəlman atları çapmaqda davam edəcək. Pozitiv gələcək yoxdur. Əgər xalq nadan və cahildirsə və böyük dövlətlər onlardan sui-istifadə edə bilirsə, bu artıq qaçılmaz reallıqdır.

- Türkiyə də referenduma gedir. Gözləntiləriniz nədir?
- Mənim qənaətimcə, Ərdoğanın istədiyi baş verəcək. Yəni referendumda səs alacaq. Beləcə cənab Ərdoğan istədiyi kimi prezident ola biləcək. Ancaq mən bu dəyişikliyi Türkiyə üçün ziyanlı hesab edirəm.

- Bir neçə gündür ki, Azərbaycanda “biz türkük, yoxsa azərbaycanlı” mövzusunda müzakirə gedir. Bu müzakirə Milli Məclisin komitə sədri Arif Rəhimzadənin müsahibəsindən sonra başlayıb. Bu mövzu haqqında siz nə deyə bilərsiniz?
- Bəli, müzakirələrdən xəbərim var. Ancaq mənim mövqeyim belədir ki, kim özünü nə hiss edirsə, bu onun haqqıdır. Demokratik cəmiyyətlərdə belə olur. Etnik, milli mənsubiyyət yalnız insanın özünün qərarı ilə həyata keçir. İcbari olaraq kiməsə nəsə demək düzgün deyil.

- Azərbaycanlılar türk kökənli deyilmi?
- Mən bu barədə demişəm də, yazmışam da. Gedib antropoloqlardan soruşsanız sizə deyə bilərlər ki, gerçəklik nədən ibarətdir, amma insanın özünün kim kimi hiss etməsi şəxsi qərarıdır.

- 1938-ci ilə qədər Azərbaycanda yaşayan azərbaycanlılar türk adlandırılmayıbmı?
- Bəli, türk adlandırılıb. Siz gedin o zaman Azərbaycanda yaşayan milli azlıqların da pasportlarını tapın və görün onlara da türk yazıblarmı?

- Siz deyin: milli azlıqların pasportlarına da milliyyəti türk yazılıb?
- Burada belədir, kim özünü nə hiss edirsə, əsasdır. Məsələn, mən özümü azərbaycanlı hiss edirəm. Etnik mənsubiyyət məni maraqlandırmır. Bəli, əcdadlarım türk olub, dilim türk dilləri ailəsinə aiddir, türk və islam mədəniyyəti mənə daha yaxındır. Amma eyni zamanda milli mənsubiyyət insanın özünün qərarıdır. Mən özümü azərbaycanlı sayıram. Kim özünü türk sayırsa, bu da onun haqqıdır.

CAVAD


Müəllif:

Oxşar xəbərlər