15 Fevral 2017 16:27
5 975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımovla müsahibəni təqdim edir.

- Oqtay bəy, zaman-zaman mərhum prezident Əbülfəz Elçibəy hədəfə gətirilir, onun haqqında müəyyən fikirlər, iddia və ittihamlar irəli sürülür. Siz bunu nə ilə əlaqələndirirsiniz?
- Bilirsinizmi, son dövrlər Araz və Zərdüşt Əlizadə qardaşlarının ənənəvi çıxışlarına şahid oluruq. Açığı, bunu xüsusi bir hadisə və proseslərlə bağlamazdım. Məncə, bu daha çox Əlizadələrin daxilindəki kin- küdurət, qərəz və nifrətlə bağlıdır. Çünki bundan başqa ağla bir şey gəlmir. Sadəcə olaraq, o zamanlar fikirlərinin qəbul olunmadığı, vəziyyətin onların istədikləri kimi olmadığı, proseslər arzuladıqları kimi getmədiyi üçün bu günə qədər qisas, nifrət hissi ilə yaşayırlar.

- Konkret olaraq Zərdüşt Əlizadə bəyan edib ki, Əbülfəz Elçibəyin siyasi savadı olmayıb...
- Zərdüşt Əlizadə çox şey deyə bilər. Fikrimcə, bizim cəmiyyət olaraq nöqsanlı tərəflərimizdən biri də odur ki, bu tip şəxsləri auditoriyaya çıxarır və dinləməyə maraqlı oluruq. Zərdüşt Əlizadə hesab edir ki, özü siyasi baxımdan çox savadlı, hərəkatın önündə gedən şəxslərdən biri idi, amma Əbülfəz Elçibəyin siyasi savadı və ya təcrübəsi yox idi. Əgər o haqlıdırsa, onda nədən Zərdüşt Əlizadənin dəstəkləyib irəli sürdüyü ideya-xətt cəmiyyətdə və təşkilatın daxilində bir qarşılıq tapmadı, ancaq Əbülfəz Elçibəyin fikir və ideyaları toplumda qarşılıq aldı, qəbul edildi? Belə fikirlər səsləndirmək özündən müştəbehlikdir. Dünyasını dəyişən bir şəxs haqqında tənqidi fikirlər demək olar və kimsə buna etiraz etməz. Amma tənqid təhqirə, qərəzə və nifrətə çevrilirsə, deməli adamın mənəviyyat, ədəb və tərbiyə problemi var. Onun müsahibəsində alt-üst ediləcək xeyli məqamlar var. Onun müsahibə zamanı ilk bir neçə suala verdiyi reaksiyalar göstərir ki, adamın patoloji problemləri mövcuddur. Siyasəti, ideologiyanı bir kənara qoyaq. İnsanlıq deyilən məhfum var. Əgər adamlar üç-beş manat qrant puluna görə qardaşı ilə münasibətləri kəsib və bu bəs etməyibmiş kimi, qardaşının vəfat edən oğlunun yas mərasimində iştirak etmirsə, məncə o, adam haqqında danışmağın mənası yoxdur. Bu artıq həmin şəxsin daşıdığı dəyərlərin göstəricisidir. Bu baxımdan Zərdüşt Əlizadəyə çox baş qoşmaq bəlkə də doğru olmazdı.

Qeyd edim ki, Zərdüşt Əlizadə əvvəl Azərbaycan Xalq Cəbhəsində fəaliyyət göstərib, sonra Sosial Demokrat Partiyasını yaratdı. Sadəcə olaraq, yeni nəsil Zərdüşt Əlizadənin o dövrdəki fəaliyyətini bilmir deyə, bu gün fikirlərinin müəyyən təsirləri ola bilər. 1988-ci ilin payızında Azərbaycan Xalq Cəbhəsi rəsmən yaranmamışdan bir neçə dəfə gizli toplantılarına qatılmışdım və Z.Əlizadəni oradan tanımaq imkanım olub. Bu şəxs Azərbaycanı müstəqil dövlət olaraq təsəvvür etmirdi. AXC təsis konfransında təşkilatın sədriliyinə Zərdüştün dəstəklədiyi Yusif Səmədoğlu yox, Əbülfəz bəyin seçilməsi ilə böhtan kampaniyasına start verilib. Elçibəy hakimiyyətə gəldikdən sonra Z.Əlizadənin fəaliyyəti yalnız hakimiyyətdə olan komandaya deyil, ümumilikdə Azərbaycan dövlətçiliyinə qarşı çevrildi. Prezident haqqında dəfələrlə təhqiramiz məqalələr yazdı. Amma buna görə məsuliyyətə cəlb edilməsinə Elçibəy icazə vermədi. Bunu sübut etmək üçün xüsusi əziyyət çəkmək lazım deyil. Həmin dövrdə nəşr edilən və Z.Əlizadənin redaktoru olduğu “İstiqlal” qəzetini vərəqləmək yetərlidir ki, onun Azərbaycan dövlətinə olan münasibəti ortaya çıxsın. Hələ 1993-cü ilin Gəncə qiyamında Zərdüşt və Araz Əlizadə qardaşlarının təlimatı ilə Sosial Demokrat Partiyasının Gəncə təşkilatının sədri Aypara Əliyevin hansı rol oynadığını demirəm. Bunlar bizim görüb yaşadığımız tarixdir. Adam o qədər ağlını qaçırıb ki, rus ordusunun Azərbaycandan çıxarılmasını həzm edə bilmir, buna hansısa don geyindirməyə çalışır. Bu normal insanın düşünəcəsinin məhsul deyil.


- Siz, Gəncə qiyamı zamanı Sürət Hüseynovun yanında əyləşən Aypara Əliyevi nəzərdə tutursunuz?
- Bəli. Aypara Əliyev Zərdüşt Əlizadənin sədri olduğu partiyanın Gəncə təşkilatının sədri idi. Və 1993-cü ilin iyun qiyamı zamanı Sürət Hüseynovun yanında oturub ağıl verənlərdən və Gəncədə qanunu hökumətə qarşı təşkil edilən mitinqlərin aparıcı simalarından idi. Sözsüz ki, Aypara təlimatı Əlizadələrdən alırdı.

- Yəni faktiki olaraq Zərdüşt Əlizadə Gəncə qiyamına siyasi və mənəvi dəstək verib?
- Faktiki olaraq dəstək veriblər deyəndə, onlar birbaşa Gəncə qiyamında iştirak ediblər. Həmin dövrdə onların fəaliyyətini, çıxış və bəyanatlarını götürüb baxın, araşdırın. Görəcəksiniz ki, onlar birbaşa qiyamın içində yer alan, aktiv iştirak edən qrup olublar.

Zərdüşt Əlizadənin məsələsi 1989-cu ilin oktyabrında AXC Ali Məclisinin sessiyasında müzakirə edilərkən onun kommunist partiyasının daxilindəki bir qrupla əlaqələri haqda ifşaedici ittihamlar səslənmişdi. Həmin Məclisinin iştirakçısı olan şəxslər sağdırlar və bu məsələni onlarla da dəqiqləşdirə bilərsiniz.

Bu günlərdə bir jurnalist Əlizadəyə Azərbaycandakı iqtisadi problemlərlə bağlı sual vermişdi. Nə qədər gülünc olsa da, adam bütün bunlarının səbəbkarının Əbülfəz Elçibəy olduğunu bildirmişdi. Bu pataloji problemin əlamətidir.

Adam başqalarına böhtan atır. Bir insanın etnik mənsubiyyəti qəbahət sayıla bilməz. Məsələn, mən türk deyil, ləzgi, talış və ya kürd olsaydım belə, öz etnik mənsubiyyətimlə fəxr edərdim. Azərbaycanda da bu günə qədər bu sahədə problem yaşanmayıb. Təsəvvür edin ki, adam Əbülfəz Elçibəyə, İsa Qəmbərə, İsgəndər Həmidova, Bəxtiyar Vahabzadəyə, Xəlil Rzaya çamur atır, eyni zamanda özünün etnik mənsubiyyətini danır - deyir ki, mən azərbaycanlıyam. Özünü ziyalı sayan bu adam bilməlidir ki, millətimizin adı 1936-cı il Stalinin qadağasına qədər türk olub. O zamana qədər insanlarımızın pasportlarında milləti türk olaraq yazılıb. Zərdüşt Əlizadə isə bunu qəbul etmir, deyir azərbaycanlıyam. Məşhur atalar sözü var: əslini danan haramzadədir. Adam əslini, etnik mənsubiyyətini danır. Daha biz buna nə deyək? Bizim Zərdüşt Əlizadəyə bir tövsiyəmiz ola bilər...

- Hansı tövsiyə?
- Bu məsələlərə çox qarışmasın. Əbülfəz Elçibəyə onların ailəvi münasibətlərinin kökündə əslində siyasi və ideoloji məsələlər deyil, başqa məqamlar durur. Bu məsələləri çox körükləməsin ki, biz də həmin məqamların üzərinə çox getməyək. Və məsələ burada da qapansın. Əbülfəz Elçibəyin məhkəməsi ilə bağlı stenoqram götürülüb araşdırılarsa, onun üzünə məhkəmələrdə kimlərin durduğu, kimlərin donos yazdığı ortaya çıxar.

- Siz Zərdüşt Əlizadənin atası Məmməd Əlizadənin Elçibəy haqda "KQB"-yə donos yazdığını iddia edirsiniz?
- Bilirsinizmi, məhkəmə sənədləri var. Məhkəmədə çıxışlar, ifadələr var. Elçibəyə münasibətləri məsələsi ancaq siyasi və ideoloji məsələlərdən qaynaqlanmır. Məhkəmə sənədlərində hər şey var. Bu sənədlər qaldırılsa məlum olar ki, o zaman kimin Əbülfəz Elçibəyin həbsində oynadığı rol nədən ibarət olub. Kimlərin də kim olduğu bəlli olar.

- Ancaq mən bildiyim qədər Əbülfəz Elçibəyin Məmməd Əlizadə və Ziniyət Əlizadə ilə tanışlığı, münasibəti olub...
- Yaxın dost münasibətləri olmayıb. Sadəcə olaraq, Əbülfəz bəy universitetdə müəllim işləyib. Həmin vaxt Zərdüşt Əlizadənin valideynləri də universitetdə müəllim olaraq çalışıblar. Yaxın bir münasibətlər olmayıb.

- Zərdüşt Əlizadə sözügedən müsahibəsində Əbülfəz Elçibəyin millətcə kürd olduğunu bəyan edib. Siz uzun illər mərhum Elçibəyin yanında olan bir şəxssiniz. Bu iddianı nə dərəcədə ciddiyə almaq olar?
- Mən 8 il Əbülfəz bəyin köməkçisi olaraq çalışmışam, 4 ildən çox onunla birlikdə Kələkidə qalmışam. Söhbət ondan gedir ki, Əbülfəz Elçibəyin nəsil-şəcərəsi ortadadır, bu haqda mətbuatda, kitablarda yazılıb. Əbülfəz bəyin ulu babaları Təbrizin yaxınlığında yerləşən Kükəmər kəndindən Qarabağa, Qarabağdan da Zəngəzura - Qafan rayonunun Pirdavdan kəndinə gəliblər. 1918-ci il hadisələri zamanı isə buradan Naxçıvana qaçqın kimi gediblər. Əbülfəz bəy də orada doğulub. Ata-anası isə Pirdavdan kəndində doğulub. Yəni bu kəndlərin əhalisi qədimdən türk milli kimliyi daşıyıb, bu ərazilərdə tarixən türklər yaşayıb. Qafan rayonunda da türklər yaşayıblar. Odur ki, belə iddialar irəli sürmək qərəz və nifrətdən irəli gəlir. Zərdüşt Əlizadənin bir oxşarı da var idi, Nizami Süleymanov. O da 1995-1996-cı illərdə biabırçı kampaniya apardı ki, Əbülfəz Elçibəy yezidi kürdüdür, ermənidir və s. Atılan çamur Əbülfəz Elçibəyə, nə də müsahibədə adı çəkilən digər şəxslərə yapışmaz. Əbülfəz Elçibəylə bağlı deyilən bu kimi əsassız və nifrətdən irəli gələn iddialar rədd edilir. Zərdüşt Əlizadə zəhmət çəkib kimliyini ortaya qoysun. Əslində bu sualı vermək işimiz deyil, amma elə sözlər deyir ki, bu sualı ona verməyə bilmirik.

- Zərdüşt Əlizadə bəyan edib ki, atasının əsli Təbriz yaxınlığındakı Xamnə kəndindəndir...
- Tamam. Məşhur kənddir. Şeyx Məhəmməd Xiyabani, İranın indiki ali dini rəhbəri bu kənddən çıxıb. Əgər Xamnə kəndində bir nəfər desə ki, türk deyil, azərbaycanlıdır, o zaman Əlizadənin sözlərini qəbul edərdim. Ancaq iş ondadır ki, Zərdüşt Əlizadə deyir ki, azərbaycanlıdır. Hansı ki, belə bir millət olmayıb.

Nemət


Müəllif:

Oxşar xəbərlər