3 Aprel 2017 14:07
5 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sovet hakimiyyəti olmasaydı, 28 apreli işğal adlandıranlar kəndə mal-heyvan otarırdı”

Teleqraf.com Azərbaycan Vahid Kommunist Partiyasının sədri Musa Tükanovla müsahibəni təqdim edir.

- Musa müəllim, sədri olduğunuz Azərbaycan Vahid Kommunist Partiyasının fəaliyyəti, maliyyə imkanları hansı səviyyədədir?
- Hələlik aprelin 1-nə qədər siyasi partiyalar maliyyə hesabat verir. Biz də verdik. Amma hesabatımızı boş verdik. Çünki üzvlərimizdən üzvlük pulu yığa, icarəyə yer götürə bilmirik. Möhür yox, sənəd yox. Biz də problemin həlli üçün Prezident Administrasiyasına, Ədliyyə Nazirliyinə müraciət etmişik. Bu boyda partiyanı yox etmək olmaz. Nizamnaməni, Şəhadətnaməni verin, gedək qurultayımızı keçirək. Mən onsuz da Sayad Sayadovun dövründən müavin idim. Bu partiyanın şanlı tarixi var, respublikanı 70 il bu partiya idarə edib.

- Kommunistlər niyə partiyaya üzvlük haqqı vermir və ya siz yığa bilmirsiniz?
- Üzvlük pulunu toplamaq üçün bunu sonrakı mərhələdə sənəddə göstərməliyəm. Bizim də VÖEN-miz, mühasibatımız yoxdur. Biz gərək işə mühasib götürək, əmək müqaviləsi bağlayaq, bankda hesabımız olsun. Məsələn, Zaqatala təşkilatı üzvlük pulu toplayırsa, bankda hesab açılmalıdır, yığılan pullar Zaqataladan Bakıya köçürülməlidir. Bu mənada deyirəm ki, problemlər çoxdur. Sənədimiz olsa, qurultaya hazırlaşarıq, qurultayda da özümüzə sədr seçərik. Azərbaycanda cəmi iki kommunist partiyası var və onun da biri səkkiz yerə parçalanıb. Yeganə kommunist partiyası bizik ki, parçalanmamışıq. Ölkədə 50-yə yaxın burjua partiyası var. Biz isə fəhlə-kəndli sinfinə xidmət edirik. Bizim partiyamız da yiyəsiz, sahibsiz qalıb.

- Aprel kommunistlər üçün mühüm aydır. Bu ayda hansı tədbirləriniz olacaq?
- Bəli, olacaq. Aprelin 12-də Leninin doğum günüdür. Təbii ki, özümüz toplaşıb bu tarixi qeyd edəcəyik.

- 1920-ci il aprelin 26-da XI Qızıl Ordu müstəqil Azərbaycanın sərhəddinə daxil olaraq paytaxt Bakıya doğru irəlilədi və ölkəni işğal etdi. Yəqin bu tarixi də sevincə qeyd edəcəksiniz...
- Aprelin 28-i Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ildönümüdür. Bəli, bu tarixi də qeyd edəcəyik. Hesab edirik ki, 28 apreldə sovet hakimiyyətinin qurulması ilə Azərbaycan irəliyə getdi, inkişaf etdi. Biz Azərbaycan hökumətinə də müraciət etmişik ki, 28 aprel tarixi ölkəmizdə rəsmi bayram kimi qeyd edilsin. Bu tarixdən sonra Azərbaycan inkişafa başladı. Məncə, bunu itirmək olmaz. Özü də sizə deyim ki, XI Qızıl Ordu Azərbaycanı işğal etməyib. O zaman Azərbaycanda burjua partiyası hakimiyyətdə idi. Müsavat əsas siyasi təşkilat idi. Müsavatla bolşeviklərin razılaşması əsasında XI ordu Türkiyəyə gedirdi. Burada işğaldan söhbət gedə bilməz.

- Siz, ciddisiniz?
- Bəli. İşğaldan söhbət gedə bilməz. İşğal söhbətini bilərəkdən ortaya atırlar. XI ordu o dövrdə Azərbaycan hökumətinin razılığı əsasında gəlib. İşğal məsələsi yoxdur. Hər şeyə nəticəyə görə qiymət verilməlidir. Hansı qoşun Azərbaycana daxil olub və bunun nəticəsi necə olub? Sovet hakimiyyəti Azərbaycanda quruldu və nəticədə Azərbaycan iri sənaye dövlətinə çevrildi. Azərbaycanda bir işsiz adam qalmadı, dilənçi yox idi. Bizim nə qədər ali savadlı insanlarımız oldu. 1990-cı illərdə əks inqilab baş verdi, hakimiyyətə burjuaziya gəldi. Nəticə bəllidir. Hesab edirəm ki, sovet hakimiyyəti bizə çox şey verdi. Nə qədər kasıb, yetim balası ali savad ala bildi, akademik, professora qədər yüksəldi, vəzifə sahibi oldu. Bunu itirmək adamın burnundan gələr.

- Ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparan sağ partiyalar hesab edir ki, aprel işğal tarixidir və bunun əksini iddia etmək ağlasığmazdır...
- Onlar belə demədilər, mən onları qınamıram. Çünki apreldə məhz həmin burjuaziya hökuməti süqut etdi. Bu, Müsavat hökuməti özü bolşevikləri dəvət etdi ki, gəlin, hakimiyyəti götürün. Biz idarə edə bilmirik, siz idarə edin. Onların da davamçıları 1993-cü ildə ölkəni və iqtisadiyyatı iflic duruma qoyduqdan sonra məcbur olub Heydər Əliyevi Bakıya dəvət etdilər. Heydər Əliyev Bakıya gəldikdən sonra işğalın qarşısı alındı, ölkə nizama düşdü. Əliyev gəlməsəydi, işğal 50 faiz olacaqdı. Yəni bunlar həmişə hakimiyyəti idarə edə bilmirlər, ölkəni pis hala salırlar. Tarix boyu belə olub. İndi onlar deməlidirlər ki, aprel işğal tarixidir. Çünki hakimiyyətdən gediblər. Kim qatığına turş deyər? Tarix var, nəticə var. Sağ partiyalar gedib baxsınlar ki, onların ataları, babaları kim olub. Əksəriyyəti kasıb balaları olub. Sovet hakimiyyəti qurulmasaydı, apreli işğal adlandıranların hamısı kəndlərdə mal-heyvan otarırdı.

- Əgər kommunizm siz tərənnüm etdiyiniz qədər idealdırsa, nədən Azərbaycanda kommunist partiyaları inkişaf etmir, əksinə süqut ediblər?
- Çünki 1953-cü ildən sonra kommunistləri məhv etməyə başladılar. 1990-cı ildə artıq Azərbaycanda kommunist qalmadı. Odur ki, kommunist ideyalı insanlar yenidən formalaşmalıdır. Kommunist olsaydı, 1992-ci ildə burjuaziya partiyaları hakimiyyəti ala bilərdimi? Tarixən kommunistlərdən heç kim hakimiyyəti ala bilməyib. 1991-ci ildə hakimiyyət ona görə dəyişdi ki, Azərbaycanda kommunist yox idi. Hazırda burjuaziya, bazar iqtisadiyyatı inkişaf edir. Bəli, indi sinfi mübarizə formalaşır. Hesab edirəm ki, kommunistlər indi formalaşacaq. Kommunistlər kim olub? Əzilən, ağaların, bəylərin qapısında nökərçilik edən, kasıb, ac insanlar olub.

- Gəlin fikrinizi inkişaf etdirək. Azərbaycanda kommunist yoxdur?
- Bəli, Azərbaycanda kommunist yoxdur və bu fikirlə razıyam.

- Deməli siz də kommunist partiyasının sədri olmağınıza baxmayaraq, əslində kommunist deyilsiniz...
- Mən də özümü tam kommunist hiss etmirəm. Çünki biz hələ o dərəcəyə çatmamışıq. Hələlik kommunist kimi formalaşmamışıq. Kommunist ayrı şeydir, kommunist adla deyil, qanla, əqidə və düşüncə ilə kommunist olmalısan.

- Deməli kommunist olmadığı üçün bizdəki kommunist partiyaları bir neçə yerə parçalanıb və bir-birilə düşmən münasibətləri içindədir?
- Sadəcə kommunist adı altında partiyalar yaratmağa çalışırlar, amma kommunist hərəkatı formalaşmayıb.

- Sizin sədriniz Sayad Sayadov vəfat etdikdən sonra yoldaşı partiyanın möhürünü və şəhadətnaməsini sizə verməkdən imtina edir. Səbəb nədir?
- Bilmirəm. Fikrimcə, bu suala cavabı qarşı tərəfdən ala bilərsiniz. Adama deyərlər ki, neynəyirsən bunu saxlayıb? Sayad müəllim bizim ağsaqqalımız, rəhbərimiz olub. Bizim də ona qarşı mənfi münasibətimiz olmayıb. Partiyamızın yaradıcılarından biri olub. Biz də onun başına toplaşmışıq.

- Amma sonra arada ciddi narazılıq yaranıb...
- Sonra rəhmətlik Sayad müəllim partiyanı buraxdı. Biz də buna etiraz etdik, dedik ki, özbaşına partiyanı buraxa bilməzsiniz. Yəni partiya bir nəfərin deyil. Mübahisə və narazılıq da bunun üstündə yarandı. Hətta təklif etdim ki, bu qərarı geri götürün, yenə də partiyanın başında siz durun, biz də yanınızda olaq. Ancaq bunu da etmədi. Beləcə narazılıq yarandı.

CAVAD


Müəllif:

Oxşar xəbərlər