10 Aprel 2017 17:15
2 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com professor Əli Abbasovla müsahibəni təqdim edir.

- Əli müəllim, Suriya ilə bağlı gərginlikən pik nöqtədədir. Suriya rejiminin kimyəvi silah tətbiq etməsindən sonra hətta ciddi dövlətlər üz-üzə gəlməyə başlayıb. Bu halı necə şərh edirsiniz?
- Orada dəqiq nəyin baş verdiyi bilinmir. Məsələn, bir tərəf deyir ki, kimyəvi silahı Bəşər Əsəd tətbiq edib. Digər tərəf isə iddia edir ki, bunu Suriya hökumətinə qarşı vuruşan silahlı müxalifət həyata keçirib və ya terrorçuların əlində belə silahlar olub. Ancaq sizə deyim ki, vaxtilə Suriyada olan kimyəvi maddələr götürülüb. Bu illər əvvəl olub. Hətta bunu icra edən komandaya Nobel Mükafatı verilib. Odur ki, kimyəvi silahın kim tərəfdən tətbiq edildiyini demək elə də asan məsələ deyil.


Düzdür, ABŞ hadisədən sonra Suriya rejiminin hava bazasına raket hücumu həyata keçirdi. Ola bilsin ki, prezident Tramp da artıq özünü göstərmək istəyir. Bəlkə də bu səbəbdən biz ABŞ-ın Suriya hava bazasına hücumunu müşahidə etdik.

Hazırda vəziyyət mürəkkəbdir. Amma Amerikanın hücumu o qədər də güclü olmayıb. Atılan raketlərin təxminən 50 faizi hədəfə dəyməyib. Ona görə də bundan sonra necə olacağı da bəlli deyil. Amma iş ondadır ki, bundan sonra prezident Tramp yeni hücumlar təşkil etmək üçün Konqresdən icazə almalıdır. Konqresin belə bir icazəni verib-verməyəcəyi isə bəlli deyil.

- Çoxları düşünürdü ki, prezident Tramp daha çox əməkdaşlığa meyl edəcək, ABŞ-ın problem yaşadığı dövlətlərlə əlaqələri yoluna qoyacaq. Onun son addımı bu cür düşünənlərin səhv etdiyini ortaya qoyurmu?
- Bəli, bu cür də düşünə bilərik. Ümumiyyətlə, indi görünür ki, prezident Trampın siyasi təcrübəsi yoxdur. Hələlik nə onun komandası, nə də özü sistemli fəaliyyət içində deyil. Məncə, bu məsələdə cürbəcür variantlar ola bilər.

- Bu məsələlərə Rusiyanın reaksiyalarını necə qiymətləndirmək olar?
- Demək olar ki, rusların artıq gücləri yoxdur. Axırıncı imkanlarından istifadə edirlər. Sonra necə olacağı bilinmir. Bunlar bir tərəfdən istəyir, çalışır və gözləyirdi ki, prezident Trampla bir əlaqə, yaxınlaşma olacaq. Ancaq bu baş tutmadı. İndi çox peşmandırlar və vaxtilə səhv etdiklərini düşünürlər.


- İş ondadır ki, rus qırıcıları da ötən gün İdlib şəhərini fosfor bombalarla atəşə tutub. Rusiya bununla hansı mesajı verir?
- Bu, bir tərəfdən rusların amerikanlara cavabıdır. Digər tərəfdən, başa düşürlər ki, bu çox mürəkkəb problemdir. Əgər belə davam edəcəksə, hansısa hadisələr olacaq. Onlar göstərməyə çalışırlar ki, qorxmurlar. Amma reallıqda onların o qədər də gücləri yoxdur. Bu reallıqdır.


- Rusiya prezidenti Vladimr Putin, İran prezidenti Həsən Ruhani və Suriya prezidenti Bəşər Əsəd birgə bəyanat yayaraq bildiriblər ki, ABŞ-ın son hücumu beynəlxalq hüququn pozulması idi, əgər belə bir hücum yenidən olarsa, cavab vermək məcburiyyətində qalacaqlar...
- Bəli, üç prezidentlər birgə bəyanat veriblər. Ancaq iş ondadır ki, onların başqa bir imkanı olmadığı üçün bunu deməlidirlər. Hesab edirəm ki, bu gülməlidir. Mən inanmıram ki, Amerika və ya digər ölkələr buna fikir verəcək. Yuqoslaviya hadisələrində Avropa ölkələri ayrılıqda bu işə qarışmaq istəmirdi, daha çox Rusiya ilə birgə tədbirlər görməyə üstünlük verirdi. Amma indi İran və Rusiya birgə addımlar atmaq haqqında düşünür. Onlar birlikdə neyləyə və kimə qarşı addım ata bilərlər?

- Deyirsiniz ki, bu ölkələrin hətta birlikdə ABŞ-a qarşı durmaq imkanı yoxdur?
- Əlbəttə, yoxdur. Bu reallıqdır. Mən başa düşürəm ki, imkanlar baxımından bu iki qüvvə bir-birinə uyğun və bərabər deyil. Mən görürəm ki, hər yerdə ruslar çalışırlar ki, Amerikadan bir qədər uzaqda dursunlar. Bu da təbiidir.

- Suriyada müşahidə olunan proseslər daha qlobal qarşıdurmaya səbəb ola bilərmi?
- Artıq Avropa ölkələri də deyirlər ki, vəziyyət yaxşı deyil. Hətta qeyd olunur ki, Rusiyanın iştirakçılığı olmadan bu problemi həll etmək də olmaz. Hazırda belə söhbətlər gedir. Amma Amerikanın bu fikirlərə nə dərəcədə qulaq asacağını deyə bilmərəm. Mən hələlik böyük dövlətlər arasında gərgin münaqişələr gözləmirəm. Əvvəla, buna imkan yoxdur, ikincisi, bunu etmək istəyən də yoxdur.

- ABŞ həm də Şimali Koreya ilə bağlı da ciddi ölçülər götürmək istəyir. Vaşinqton “Karl Vinson” aviadaşıyıcısını Şimali Koreya sahillərinə göndərib və sanki ballİstik raket sınağına görə ciddi addımlar atmaq niyyətindədir...
- Bu da ciddi məsələdir. Donald Tramp hakimiyyətə gələndə bəlli idi ki, əsasən, iki gücə qarşı çıxış edə bilər. Bunlardan biri Rusiya, digər Çindir. Səhv etmirəmsə, Çinin birinci şəxsi Trampla görüşüb. Orada ola bilsin ki, Şimali Koreya məsələsi müzakirə edilib, Vaşinqton bu məsələdə Çinə dəstək verəcəyini, problemlə maraqlanacağını qeyd edib. Həm də son vaxtlar Şimali Koreya dünyaya meydan oxuyur. Odur ki, ABŞ belə bir əzələ nümayiş etdirməyə ehtiyac duyub.

- Amma söhbət həm də ABŞ-ın nüvə silahına malik bir ölkə ilə qarşı-qarşıya gəlmək istəyindən gedir...
- Silah təbii ki, var. Amma ola bilsin ki, nüvə silahı olan yerləri hədəf alsınlar, onları ləğv etsinlər. Bu son variantdır. Digər hərəkət isə sanksiyalardır.

- Sizə elə gəlmirmi ki, dünya III Dünya Müharibəsinin astanasındadır?
- Ümumiyyətlə, bu məsələ son bir ilin işi deyil. Dünyada siyasi, iqtisadi, hərbi və diplomatik gərginlik artıq neçə müddətdir ki, müşahidə olunur. Məncə, bu gərginlik 2010-cu ildən başlayıb və özü də Şərqdən başlayıb. Bunun necə davam edəcəyi hələlik bilinmir. Amma reallıq odur ki, gərgin durum davam edir, səngimək əvəzinə bir qədər də qəlizləşir. Odur ki, hər şey ola bilər. Qeyd edim ki, bu durumdan çıxmaq üçün bəzi addımlar da atıla bilər. Məsələn, Birləşmiş Millətlər Təşkilatının yeni formada dəyişilməsi, bu quruma yeni üzvlərin əlavə edilməsi ola bilər. Söhbət Təhlükəsizlik Şurasına yeni üzvlərin əlavə edilməsindən gedir. Belə addımlar atıla bilər.

- Yəni siz ciddi qarşıdurma, daha böyük müharibələr gözləmirsiniz?
- Bu elə prosesdir ki, onun necə qurtaracağı bilinmir. Sözsüz ki, hansısa anda xoşagəlməz proses başlaya bilər. Amma bunun haradan, hansı nöqtədən başlayacağını biz deyə bilmərik. Problem ondadır ki, duruma diqqət edən yoxdur. Məsələn, bu Avropaya lazım deyil, elə başqa ölkələrə də. Normalda bir çox ölkələr belə hallara qarşı çıxış etməlidir.

- ABŞ dövlət katibi Reks Tillerson Rusiya prezidenti Vladimir Putin ilə görüşünü ləğv edib. Sizcə, niyə?
- Təkcə ABŞ dövlət katibi deyil. Böyük Britaniyadan da belə bir açıqlama gəlib. Görünən odur ki, münasibətlər yenidən tarıma çəkilir.

- Ruslar Qarabağ, Krım, Abxaziya, Suriya, İraq, Moldova münaqişələrində böyük rol oynayırlar. Bu baxımdan siz hazırda Rusiyanın dünya siyasətində rolunu və imkanlarını, perspektivini necə görürsünüz?
- Burada başqa bir problem var. Prezident Reyqan zamanında elə siyasət aparıldı ki, Rusiyanın iqtisadiyyatı sanki məhv edildi. İndi mən belə anlayıram, Qərbdə müəyyən qüvvələr çalışırlar ki, hər yerdə belə qaynar nöqtələr olsun və ruslar orada aktiv iştirak etsin. Bilirsinizmi, Rusiyanın özünün də o qədər imkanı olmayacaq ki, hər yerdə olsun. Heç başqa bir dövlətin də eyni zamanda 4-5 yerdə müharibə aparmaq imkanı yoxdur. Belə bir müharibəni heç Amerika apara bilməz, qaldı Rusiya aparsın. Mənim anladığım budur ki, Rusiyanı bilərəkdən aktivləşdirirlər ki, o, dDaha çox münaqişə ocağında olsun, daha çox maliyyə xərcləsin, daha çox düşmən qazansın.


- Yaxın Şərqdə Türkiyənin də maraqlı gedişləri ortaya çıxır. Əvvəl Ankara Moskva ilə ciddi yaxınlıq içərisində idi. Amma ABŞ Suriyanı vurduqdan sonra Ankara bu hücumu dəstəklədi...
- Söhbət ancaq bundan getmir. Bəli, Türkiyə Suriya prosesində müəyyən qədər Rusiya ilə birlikdə hərəkət edirdi. Sonradan kimyəvi silah tətbiq edilməsi məsələsi meydana çıxdı. Ankara bu addımı pislədi. Daha sonra ABŞ-ın hücumunu dəstəklədi. Hətta Rusiyaya müraciət etdi ki, Bəşər Əsədi müdafiə etmə. Yəni onu qurban vermək lazımdır. Bu onu göstərir ki, Türkiyənin özünün maraqları var və bu maraqlara uyğun addım atır. Əlbəttə, bu maraq ABŞ-ın maraqları ilə daha uyğundur, nəinki Rusiyanın.


- Sizcə, Suriya probleminin sonu necə olacaq, onun həlli tapılacaqmı?
- Mən hesab edirəm ki, həlli tapılmayacaq. Lap tutaq ki, Bəşər Əsəd hakimiyyətdən getdi. Bununla məsələ həllini tapırmı? Suriya son 4-5 ildə əsas müharibə poliqonu olub. Burada çoxlu sayda silahlı dəstələr var və bir-birinə tabe deyillər. Onlar hansı addım atacaqlar? Baxın, Liviyada necə oldu, Qəddafi getdikdən sonra hər şey düzəldimi? İndi də orada vətəndaş müharibəsi gedir. Yəni bir qüvvə gedir, onun yerinə gələn isə daha pis olur. Əgər yaxşı bir dəyişiklik olsaydı, bu, çoxdan baş verərdi.

CAVAD


Müəllif:

Oxşar xəbərlər