6 Mart 2017 14:47
3 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Prezident Administrasiyasının sabiq sektor müdiri, politoloq Rüstəm Məmmədovla müsahibəni təqdim edir.

- Rüstəm müəllim, Azərbaycan prezidentinin İran səfəri, orada apardığı müzakirələr, keçirdiyi görüşləri necə şərh edirsiniz?
- Mən ümumiyyətlə, Azərbaycanın siyasi rəhbərliyinin, o cümlədən prezidentin bütün səfərlərinin öncədən düşünülmüş, məntiqli və ümumi işə xidmət edən rəsmi fəaliyyət kimi qəbul edirəm. Bu mənada qeyd etmək lazımdır ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin İran İslam Respublikası ilə doğmalıq münasibətini qurmaqda əsas məqsədi Azərbaycanda yaranan siyasi varisliyi davam etdirməkdir. İranla siyasi cəhətdən dostluq münasibətinin qurulması uzun illər Azərbaycan siyasətində özünə xas gediş olub. Mərhum prezident Heydər Əliyev İran İslam respublikası ilə bu cür siyasət qururdu. Fikrimcə, indi Heydər Əliyev siyasətinin məntiqi davamını müşahidə edirik. Çünki İranla münasibətləri gərginləşdirməyə ehtiyac yoxdur. Bunu etmək olmaz və bu siyasi cəhətdən məntiqə də sığmır. Azərbaycan Respublikasının rəhbərliyi və prezident İlham Əliyev bu mənada siyasəti uğurla davam etdirir.

Azərbaycan prezidentinin İran səfəri həqiqətən də düşünülmüş, məntiqli və uğurlu oldu. Həm də hesab edirəm ki, bu perspektivli və böyük imkanlar vəd edən bir səfərdir. Bu səfəri uğurlu qiymətləndirmək olar. Orada keçirilən görüşlər, aparılan müzakirələr əhəmiyyətli oldu.

- Sizcə, bu səfər ikitərəfli münasibətlərdə inkişafa xüsusi təkan verəcəkmi?
- Əlbəttə. Bu gün Azərbaycanla Ermənistanın münasibətləri son nöqtədədir. Bundan sonra məsələ ya oyan, ya da bu yanlıq olmalıdır. Bu baxımdan Azərbaycan özünə dostlarını seçir, bu dostluğu qoruyub saxlamağa, hətta möhkəmləndirməyə çalışır. Bu mənada Azərbaycan siyasəti düzgün olaraq İran İslam Respublikası istiqamətində mühüm addımlar atır.

- Ancaq görünən budur ki, İranla nə qədər yüksək əlaqələr qurmağa çalışsaq da, Tehranın Ermənistanla bağlı siyasətində ciddi dəyişikliklər olmur. Sizcə, bu dəyişikliyin baş verməsi üçün Azərbaycan daha hansı addımlar atmalıdır?
- İran dövlətinə siyasəti necə aparmaq lazımdır diktəsini heç kəs edə bilməz və etmir də. Bu mənada İran dövlətinin siyasəti xətti özü yetişməlidir. İran İslam Respublikasının əhalisinin özü də başa düşməlidir ki, Ermənistandan onlara dost olmaz. Onlar Ermənistanı özlərinə dost edə bilməzlər. Bu mənada Azərbaycan prezidenti İlham Əliyevin İranla yaxınlaşmağa üstünlük verməsi onu nümayiş etdirir ki, Azərbaycan İrana dost ölkədir, doğmadır. Azərbaycan faktiki olaraq belə bir siyasəti nümayiş etdirir. Bu mənada mənə elə gəlir ki, Bakının addımları İranda əhali arasında da rəğbətlə qarşılanır. Bu iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olması hər iki ölkənin vətəndaşlarının da maraqlarına uyğundur.

- Son zamanlar müşahidələr göstərir ki, İran və Türkiyə arasında münasibətlər bir qədər gərgindir. Bu baxımdan Azərbaycan prezidentinin Tehran səfəri məlum gərginliyi aradan qaldırmaq baxımından stimul ola bilərmi?
- Bəli, bu səfər Ankara-Tehran münasibətlərinin yumşalmasında tramplin rolunu oynaya bilər. Azərbaycan həmişə Türkiyə-Rusiya və Türkiyə-İran arasında bir növ körpü rolunu oynamağa çalışıb və həm də bunu uğurla apara bilib. Mənə elə gəlir ki, Yaxın Şərq problemində, xüsusilə Suriya münaqişəsinə görə, Türkiyə ilə İran arasında mövcud olan narazılıqları aradan qaldırmaq üçün Azərbaycan körpü rolunu oynayır. Azərbaycanın siyasəti həm də bölgədə dostluq, əmin-amanlıq, sülhün yaranmasına töhvə verir.

- Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya səfər edib, Rusiya xarici işlər naziri Lavrovla müzakirələr aparır Bu səfər həm də Ermənistan xarici işlər naziri Nalbadiyanın Moskva səfərindən sonraya təsadüf edir. Bu mənada diplomatik təmasları necə qiymətləndirirsiniz?
- Əvvəla deyim ki, Ermənistandakı situasiya gərgindir, bu ölkənin vəziyyəti çox acınacaqlıdır. Ermənistan seçki ərəfəsindədir, heç özləri də bilmir ki, hara doğru gedirlər. Fikrimcə, Rusiya birmənalı olaraq erməniləri çarmıxa çəkib. Siz bunu bilməlisiniz. Bu çarmıxdan Sarksiyan hökumətinin necə çıxacağı maraqlıdır.

- Moskvada Qarabağ danışıqları əsas müzakirə mövzusu olacaq, yoxsa necə?
- Qarabağ sadəcə olaraq, şərtdir. Əsas söhbət ondan gedir ki, Ermənistan bir dövlət olaraq gələcək siyasətini necə qurmaq niyyətindədir. Bu ölkə gələcək siyasətini Rusiya ilə quracaq, yoxsa Qərblə və ya müstəqil siyasət aparmağa çalışacaq. Bu gün Ermənistanın siyasətində qeyri-sabitlik mövcuddur. İrəvan özü də bilmir ki, nə istəyir. Bu mənada Rusiya bu vəziyyətə bir aydınlıq gətiməlidir. Və fikrimcə gətirəcək.


- Sizcə, hazırda Ermənistanın dövlət siyasəti nədən ibarətdir: Rusiya ilə sona qədər sıx əməkdaşlıq, yoxsa sonda Qərbə doğru inteqrasiya?
-Reallıq odur ki, bu gün Ermənistan sayıqlayır. Onlar mütəmadi olaraq bir gözlə Qərbə, digər gözlə Rusiyaya baxır. Hərdən də gözləri sayıqlayır və cənuba diqqət edir. Ancaq heç bir istiqamətdə bir məntiq tuta bilmir. Bax bu səbəbdən də Ermənistanın vəziyyəti çox ağırdır. Mənə elə gəlir ki, Ermənistanın dəqiq siyasəti xətti olmadığından bu durumla üzləşməli olub.

- Ancaq iş ondadır ki, həm prezident Sarksiyan, həm də Dağlıq Qarabağdakı separatçı rejim “İsgəndər” raket kompleksi ilə Azərbaycanı qorxutmağa çalışır, elan edir ki, bu raketlərlə Azərbaycanın istənilən nöqtəsini vura bilərlər...
- Qoyun desinlər. Onlardan, bu bəyanatlarından qorxmaq lazım deyil. Əgər vurmaq istəyəcəksə, deməli cavabını da alacaq. Bu mənada Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Əksinə, Azərbaycan onu hədəfə almaq istəyən Ermənistana layiqli cavab verə biləcək dövlətdir.


- İrəvanın hərbi ritorikaya üstünlük verməsi nədən qaynaqlanır?
- Onlar Azərbaycana xox gəlməyə, bizi qorxutmağa çalışırlar. Ancaq anlamırlar ki, Ermənistanı bu gün Azərbaycana hücum etməyə, məsələn neft kəmərlərini hədəfə almağa heç kim qoymaz və imkan verməz.
İkincisi, Ermənistan bu gün Azərbaycana hücum çəkməklə əslində Rusiyanı Azərbaycandan ayırmağa çalışır. Amma buna nail ola bilməyəcək.

- Lakin son vaxtlar həm də cəbhədə vəziyyət gərginləşir. Xüsusilə, fevralın 24-dən sonra biz hətta atışmaların, tələfatların olduğunu müşahidə etdik...
- Hesab edirəm ki, indi Ermənistanda daxili siyasi situasiya ürəkaçan deyil. Fikrimcə, son dövrlər cəbhə xəttində qarşıdurmanın olması da Ermənistanın daxili vəziyyətindən doğan nəticədir. Onlar bu yolla vəziyyəti stabilləşdirmək, erməni vətəndaşlarının diqqətini əsas problemlərdən yayındırmağa çalışırlar. Məqsəd budur. Odur ki, cəbhə xəttində belə gərgin vəziyyətin olmasında maraqlıdırlar. Bir sözlə, özlərini müharibəyə sürükləmək ideyası ilə insanları sakitləşdirməyə cəhd göstərirlər.

- Proqnozunuz necədir, yaz mərhələsində cəbhədə vəziyyət yenidən gərginləşəcək, yoxsa danışıqlar və diplomatik təmaslar güclənəcək?
- Məncə, bu, Rusiya ilə səfərdən sonra daha dəqiq bilinəcək. Hazırda müzakirələr gedir. Amma o dəqiqdir ki, Ermənistanda siyasi, iqtisadi, sosial durum çox ağırdır.


- Avropa Birliyi Gürcüstan və Ukrayna vətəndaşları üçün viza sistemini aradan qaldırdı. Azərbaycanla bağlı analoji qərar verilə bilərmi?
- Avropa bu gün öz fəaliyyət prinsiplərində doğurdan da dünya həqiqətləri və reallıqları, habelə ədalət prinsiplərinə əsaslanmır. Əksinə, ikili standartların şahidi oluruq. Məncə, bu gün xristian ideyası insan haqlarına hörmət prinsipindən daha güclüdür. Ancaq Azərbaycan da yaxın gələcəkdə belə bir hüquq qazanmaq şansına malikdir.

CAVAD


Müəllif:

Oxşar xəbərlər