28 Fevral 2017 15:31
7 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həmsədrlərdən biri Ermənistana kəşfiyyat avadanlığı, digəri raket kompleksi verdi”

Teleqraf.com sabiq xarici işlər naziri, uzun müddət Dağlıq Qarabağ problemi ilə məşğul olan təcrübəli diplomat Tofiq Zülfüqarovla müsahibəni təqdim edir.

- Tofiq müəllim, fevralın 24-26-da cəbhədə gərgin vəziyyət müşahidə etdik, lokal döyüşlər oldu. Sizcə, cəbhədə vəziyyət hansı səbəblərdən qəfildən kəskinləşdi?
- Zənnimcə, apreldən sonra gedən prosesləri nəzərə almalıyıq. Gözləyirdik ki, danışıqlar prosesində real addımlar atılacaq, razılıq əldə olunacaq və s. Ancaq təəssüflər olsun ki, bu, baş vermədi. Yəni apreldən əvvəl mövcud olan tendensiya indi daha da güclənib. Azərbaycan və Ermənistan ictimaiyyəti həmsədrlərə vasitəçi kimi inanmır, onlardan heç nə gözləmirlər. Bu baxımdan Ermənistanda revanşist fikir və şüarlar daha da güclənib. Hesab edirəm ki, bunun əsasları da ondan ibarətdir ki, apreldə uğursuzluq baş verib, onlar özləri üçün aprel səhifəsini bağlamaq və yenidən başlamaq niyyətindədirlər. Yəni məqsəd erməni millətçiliyi mentalitetinə uyğun səhifə açmaqdır və bunun üçün də cəbhə xətti vacib elementdir. Bir sözlə, yenidən başlamaq istəyirlər. Çünki Ermənistanın daxili siyasətində baş verən müəyyən tendensiyaları nəzərdən qaçırmamalıyıq. Nəzərə almaq lazımdır ki, Ermənistanın müdafiə və təhlükəsizliyi ilə bağlı elitasında dəyişikliklər baş verib. Əvvəlki müdafiə naziri, bir çox şəxslər işdən gedib, sonra isə elan edilib ki, bu şəxslər müdafiə ilə bağlı lazımı tədbirlər həyata keçirməyib, Azərbaycana uduzublar. İndi elitaya yeni simalar gəlib və təbii ki, onlar özlərini göstərmək, bir növ təsdiq etmək istəyirlər. Bu cür təxribatlar Ermənistanın daxili siyasəti üçün çox vacibdir və məncə, bundan sonra da olacaq.

İkincisi, Rusiyanın Ermənistana silah ötürməsi erməni ictimaiyyətində belə fikir yaradıb ki, onlar artıq gücləniblər və Azərbaycanla bərabər səviyyədə, hətta Azərbaycanı üstələyən müdafiə imkanlarına malikdirlər.

Digər tərəfdən, hesab edirəm ki, Azərbaycanın da mövqeyi bir qədər sərtləşib. Yəni Azərbaycan vasitəçilərə deyir ki, biz sizə inandıq, siz apreldə müharibəni dayandırdınız və söz verdiniz ki, real danışıqlar başlayacaq. Bu müddətə də danışıqlar olmadı. İndi də ictimaiyyət haqlı olaraq soruşur ki, nəyə görə bu baş verdi? Həmsədrlərə inam tam itib. Xüsusilə, xarici işlər naziri Lavrovun məlum bəyanatından sonra. İctimaiyyət həmsədrlərdən heç nə gözləmir. Bu tendensiyalar apreldən sonra güclənib və artıq təmas xəttində bu əhval-ruhiyyə ilə yaşayan iki ordu üz-üzə dayanıb. Hansı ki, bu ordular silahlanıb, Azərbaycan əsgərinin isə daha güclü motivasiyası var. Fikrimcə, cəbhədə belə təxribat və provokasiyaların sayı artacaq, keyfiyyət baxımından daha da yüksələcək, təsirli silahların istifadəsi üstünlük təşkil edəcək. Bu tendensiya hazırda mövcuddur və getdikcə də güclənəcək.

- Bu tendensiyanın ötən ilin aprelində müşahidə etdiyimiz müharibəyə və ya ondan da geniş qarşıdurmalara gətirib çıxardacağı gözləniləndirmi?
- Mən bunu istisna etmirəm. Aydındır ki, bu hadisələr baş verir. Həm də demək lazım deyil ki, belə qarşıdurmalar kimin fikri əsasında baş verə bilir. Belə hallar təsadüfən də baş verə bilər.

- Təsadüfi necə baş verə bilər?
- Məsələn, son hadisələrdə bizim şəhidlərimiz oldu. Allah onlara rəhmət etsin. Təsəvvür edin ki, onları danışıqlar yolu ilə deyil, silahlar vasitəsilə də evakuasiya etmək mümkün idi. Yəni silahlar danışardı, qarşı tərəfin səngəri darmadağın edilə və bundan sonra evakuasiya etmək mümkündür. Ancaq gördüyünüz kimi, həmsədrlər fəallıq göstərib, çalışıblar ki, bu danışıqlar yolu ilə baş versin. Başqa sözlə, mən deyən təhlükəni aradan qaldırmağa çalışıblar. Amma yenə də qeyd edirəm ki, bu tendensiyalar mövcuddur və növbəti dəfə Azərbaycan tərəfi, istisna etmirəm ki, erməni tərəfi də sərt addımlar atacaq. Məni bir məqam da narahat edir.


- Konkret hansı məqam sizi narahat edir?
- Rusiyanın Ermənistana verdiyi silah çox yüksək markalı silahdır. Bu növ raketlər əsasən, taktiki nüvə silahı üçün nəzərdə tutulur. Nəyə görə, Rusiya tərəfindən məhz bu növ silahları veriblər? Mənim fikrimcə, əsas məqsəd ondan ibarətdir k, Rusiya tərəfinin iştirakı olmasa, erməni tərəfi bu silahlardan istifadə edə bilməz. Əlbəttə, erməni tərəfi bəyanatlar verir ki, bu silahları ermənilərin özü istifadə edir və s. Amma bu silahların idarə edilməsi zamanı koordinatları təsdiq etmək, daha sonra hədəfi müəyyən etmək və sonda raketi buraxmaq lazım gəlir. Bunu həyata keçirmək isə Ermənistanın işi deyil. Başqa sözlə, Rusiyadan bu tip məlumatlar silahlara ötürülməsə heç vaxt atəş açıla bilməz. Bunu adi hərbçilər də bilir. Səndə həmin silahın idarə edilməsi, koordinatların müəyyənləşdirilməsi, hədəfin müəyyən edilməsi imkanı olmasa, bu silahdan istifadə edə bilməzsən. Bu çox qəribə silahdır, ermənilərə verilsə də, onlar təklikdə bunu istifadə edə bilməz. Həmin silahlar 280 kilometr məsafədə hədəfi vura bilər. Bu eksport variantıdır. Belə silahları beynəlxalq sazişlərə görə Rusiya başqasına verə, texnologiyanı yaya bilməz.

Digər tərəfdən, Azərbaycanda olan silahlar təxminən 150 kilometrə qədər olan hədəfləri vura bilər. Coğrafi baxımdan götürsək, Azərbaycanın Naxçıvan və Qazaxdan imkanları daha münasibdir, nəinki ermənilərə verilən yeni silahların imkanları. Ermənilər də anlayır ki, onlara elə silahlar veriblər ki, təkbaşına onu istifadə edə bilməzlər. Onlar bu silahı istifadə etsə, Azərbaycan onlara daha təsirli zərbə endirə bilər. Təsəvvür edin ki, Azərbaycan “Qasırğa” tipli dörd raket buraxsa, onun partlayış gücü “İsgəndər” kompleksindən dörd dəfə çox olar. Bizə qarşı "İsgəndər" raketlərindən istifadə edilərsə, birbaşa İrəvana daha ciddi zərbələr endirə bilərik. Bu baxımdan indi müharibə daha təhlükəli olub və hesab edirəm ki, bunu saxlamaq da çox çətin olacaq. Mən hesab edirəm ki, indiki mərhələ həmsədrlər üçün sonuncu şansdır ki, danışıqlar prosesini başlasın. Əgər bu baş verməsə, müharibə qaçılmazdır.

- Fevral hadisələrindən sonra siz danışıqlar prosesində aktivlik gözləyirsiniz?
- Mən buna inanmıram. Çünki əsaslar yoxdur.

- Niyə?
- Şanslar var idi ki, apreldən sonra Ermənistana təzyiqlər göstərərək irəliləyişlərə nail olunsun. Təəssüflə deyim ki, üç həmsədrdən ikisi fərqli mövqe tutdu. Həmsədrlərdən biri Ermənistana kəşfiyyat avadanlığı, digəri isə raket kompleksi verib. Bu mesajdır ki, həmin həmsədrlər danışıqların başlanması və ya status-kvonun dəyişməsini istəmirlər. İndi aktiv danışıqların başlanması üçün əsas görmürəm.

- Ötən ilin aprelindən fərqli olaraq bu dəfə beynəlxalq qurumların elə bir ciddi reaksiyası olmadı. BMT və ATƏT-in narahatlığını ifadə edən bəyanatlar oldu...
- Bilirsinizmi, Ukraynada, Suriyada və digər qaynar nöqtələrdə gedən proseslər və həm də təcrübə onu göstərir ki, bəyanat təsiredici amil deyil və belə bəyanatlarla hansısa hadisənin qarşısını almaq olur. Dəqiq başa düşmək lazımdır ki, beynəlxalq qurumlar bəyanat verə bilər, amma inanmıram ki, bu hansısa məsələnin həllinə ciddi təsir etsin. Yəni müxtəlif bəyanatlar və açıqlamaları ciddi qəbul etmirlər. Söhbət bizim münaqişədən getmir, mən ümumiyyətlə, dünyada olan münaqişələri və ortada olan təcrübəni deyirəm.

- İndiki vəziyyətdə Azərbaycan hansı addımlar atmalıdır?
- Fikrimcə, hər şey göz qarşısındadır və bu addımlar atılır. Cəmiyyətdə stabillik olmalıdır. Hesab edirəm ki, idarəetmə mexanizmləri təkmilləşməlidir. Qarabağ məsələsi ilə məşğul olan hansısa qurum olmalıdır və o, koordinasiyanı həyata keçirilməlidir. Təbii ki, prezident səviyyəsində bu məsələlər koordinasiya edilir. Fikrimcə, prezidentə yardımçı qurum kimi işlək orqan təşkil edilə bilər. Burada xarici siyasət, diplomatiya, iqtisadi məsələlər, qaçqınlara köməkdən tutmuş təbliğatın koordinasiyasına kimi fəaliyyətlər həyata keçirilə bilər. Məncə, bu qurum lazımdır. Aydındır ki, müdafiə məsələləri daima diqqət altındadır. Sözsüz ki, biz ictimaiyyət olaraq çox şeyləri görmürük, amma hiss edirik ki, müəyyən işlər də görülür.

- Siz ehtimal edirsiniz ki, qarşıda regionda müharibə alovlana bilər və təmas xəttində qeyri stabil durum müşahidə edə bilərik?
- Təəssüflər olsun ki, müsbət amillər çox azdır, mənfi, toqquşmaya gətirib çıxara bilən amillər daha çoxdur. Bəlkə də, mən səhv edirəm.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər