24 Dekabr 2014 11:36
1 552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musa Quliyev: “YAP-ın seçkilərdən qalibiyyətlə çıxacağına şübhəm yoxdur”

“Seçkilərdə müxtəlif siyasi partiyaların nümayəndələri iştirak edib, eləcə də bitərəf şəxslər namizədliklərini irəli sürüblər. Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi partiyasıdır. Təbii ki, bu seçkilərdə mənim təmsil olunduğum partiya qalibiyyətlə çıxacaq. Buna zərrə qədər şübhəm yoxdur. Əlbəttə, ikinci və üçüncü yerləri hansı partiyaların götürəcəyini də yaxın günlərdə biləcəyik. Seçki bir yarış və rəqabətdir. Siyasi təşkilatlar bu prosesə ciddi hazırlaşmalıdır”.

Bunu qəzetimizə müsahibəsində Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev bildirib. Müsahibəni təqdim edirik.

- Musa müəllim, bu gün Prezident İlham Əliyevin doğum günüdür. Siz Yeni Azərbaycan Partiyasının funksionerisiniz. Bu doğum günündə Prezidenti necə xarakterizə edərdiniz?
- İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının, Azərbaycan vətəndaşlarının deyil, dünya azərbaycanlılarının prezidentidir. O, azərbaycançılıq amalı, sevgisi olan hər kəsin lideridir. Cənab İlham Əliyev hələ ilk dəfə prezident seçiləndə açıq formada bəyan etdi ki, bütün Azərbaycan vətəndaşlarının prezidenti olacaq. Bildirdi ki, siyasi görüşündən, iqtidar-müxalifət mövqeyindən asılı olmayaraq Azərbaycan vətəndaşları mənə arxayın ola, inana və məndən lazım olan köməyi ala bilər. Prezidentin dediklərinin təsdiqini biz sonralar dəfələrlə gördük. Bunu real həyatda onun şəhidlərə olan münasibətində gördük. Xüsusilə, Mübariz İbrahimovun məsələsini qeyd etmək istərdim. Eləcə də mən bura Azərbaycan alimlərinə, gənclərinə, idmançılara münasibətini əlavə edirəm. Doğrudan da, cənab Prezident Azərbaycan vətəndaşlarının, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarının lideridir. Bu, artıq öz təsdiqini tapan bir məsələdir. Biz buna görə sevinirik.

- Prezidentin son 11 ildə apardığı siyasəti necə qiymətləndirmək olar, bu siyasət Azərbaycana nələr verdi?
- İlham Əliyev müasir dövrün Heydər Əliyevidir. O, birinci dəfə prezident seçildikdən sonra bəyan etdi ki, ümummilli lider Heydər Əliyevin siyasətini bundan sonra davam etdirəcək, qurulan Azərbaycan bundan sonra daha da güclənəcək və çiçəklənəcək. Eləcə də, Azərbaycan xalqı daha sivil, daha yaxşı yaşayacaq. Cənab Prezident bunların hər birinə nail oldu. O, Azərbaycanı tarixində ilk dəfə olaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri daimi üzvü etdi. Azərbaycan hazırda dünyanın kosmos dövlətlərindən biridir. Cənab Prezidentin rəhbərliyi altında dünya tarixində ilk dəfə keçiriləcək Avropa Yay Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsinə nail olundu. Bu müddətdə Azərbaycan musiqisi, muğam sənəti, rəssamlıq, incəsənət inkişaf etdi. Azərbaycan musiqisi Eurovision musiqi yarışmasında qalib oldu, dünya Azərbaycan musiqisini tanıdı. Cənab Prezidentinin siyasətinin nəticəsində dünyanın tanınmış alimləri, Nobel mükafatçıları dəfələrlə ölkəmizə gəldilər. Onlar ölkəmizi tanıdılar, Azərbaycan haqqında fikirlərini dünyada yaydılar. Sosial-iqtisadi istiqamətdə də Azərbaycan irəli getdi, ölkədə ciddi inkişaf baş verdi. Birləşmiş Millət Təşkilatında 200-dən çox dövlət var. Azərbaycan öz rəqabətlik qabiliyyətinə görə dünyanın 38-ci dövlətidir. Yəni ilk əllilikdə yer alan ölkədir. Dünyanın hər yerində siyasi, iqtisadi, maliyyə böhranı yaşanır. Eləcə də, siyasi və hərbi böhranlar müşahidə olunur. Ancaq bunlarla müqayisədə ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan inkişaf edir, çiçəklənir, iqtisadi böhran müşahidə edilmir. Bu mənada cənab Prezidentin Azərbaycan xalqı qarşısında xidmətləri danılmazdır. Bu xidmətlər uzun illər Azərbaycana və xalqımıza lazımdır. Bizim qarşımızda cənab Prezidentin təşəbbüsü ilə hazırlanan Azərbaycan-2020 konsepsiyası var. Bu layihə ilə Azərbaycan dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevriləcək. Hamımız prezidentin rəhbərliyi altında bu günlərin şahidi olacağıq.

- Musa müəllim, bələdiyyə seçkiləri prosesində hansısa formada iştirak etdinizmi?
- Bəli. Əvvəla, bələdiyyə seçkiləri ilə əlaqədar vətəndaşlıq borcumu yerinə yetirərək səs verdim. Seçki məntəqəsinə getdim və partiyamızın namizədlərinə dəstəyimi ifadə etdim. Bundan başqa, mən bu seçkilərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınan səlahiyyətli nümayəndəsiyəm. Səlahiyyətli nümayəndə olaraq partiya tərəfindən Binəqədi rayonu 8-saylı dairənin ərazisində olan seçki məntəqələrində müşahidə aparmışam. Deyim ki, bu dairədə 38 seçki məntəqəsi fəaliyyət göstərir. Mən bu məntəqələrin 25-də müşahidə aparmışam. Eyni zamanda apardığım müşahidə ilə bağlı fikirlərimi də mənsub olduğum partiyaya bildirmişəm.

- Fikirlərinizi bizə də bildirə bilərsinizmi?
- Əlbəttə, açıqlaya bilərəm. Öncə vurğulayım ki, bələdiyyə institutu bizim üçün yeni təsisat hesab oluna bilər. Fikrimcə, bələdiyyələr hər seçkidən-seçkiyə tədricən təkmilləşir, oturuşur, bu instituta maraq artır, inkişaf edir. Seçkilərlə bağlı təəssüratım da yüksəkdir. Azərbaycan vətəndaşları azad və rahat şəkildə səsvermə prosesində iştirak etdi, istədiyi namizədə səs verdi. İştirak etdiyim seçki məntəqələrinin heç birində qanun pozuntularına rast gəlinmədi. Seçki məntəqələrində müxtəlif siyasi partiyaların müşahidəçiləri də müşahidə aparırdı. Mən onlarla da görüşdüm və söhbət etdim. Heç bir qanun pozuntusu barədə bir kəlmə belə danışmadılar. Dedilər ki, hər şey axarı ilə davam edir. Bir daha qeyd edim ki, apardığım müşahidələr, habelə seçki məntəqələrində müxtəlif müşahidəçilərlə söhbətimdən sonra deyə bilərəm ki, bələdiyyə seçkiləri tam demokratik, şəffaf, azad və ədalətli keçirildi. İnsanlarımız da istədiyi şəxsə səs verdilər.

- Seçki prosesində rəqabət necə idi, sizi qane etdimi?
- Rəqabəti proses tam başa çatandan sonra görə biləcəyik. Bunun üçün seçkinin nəticələrinin tam açıqlanması, kimin nə qədər səs toplaya bilməsi məsələsi var. Seçkilərdə müxtəlif siyasi partiyaların nümayəndələri iştirak edib, eləcə də bitərəf şəxslər namizədliklərini irəli sürüblər. Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi partiyasıdır. Təbii ki, bu seçkilərdə mənim təmsil olunduğum partiya qalibiyyətlə çıxacaq. Buna zərrə qədər şübhəm yoxdur. Əlbəttə, ikinci və üçüncü yerləri hansı partiyaların götürəcəyini də yaxın günlərdə biləcəyik. Seçki bir yarış və rəqabətdir. Siyasi təşkilatlar bu prosesə ciddi hazırlaşmalıdır. Yeni Azərbaycan Partiyası daima seçkilərə hazırlıq işlərinə xüsusi diqqət və önəm verir.

- Seçicilərin seçkidə iştirakı fəallığını necə qiymətləndirirsiniz?
- Seçkilərdə seçicilərin fəallığı müxtəlif cür olur. Məsələn, prezident seçkilərində fəallıq daha gur olur. Eləcə də, parlament seçkiləri zamanı da fəallıq nisbətən aktiv olur. Bələdiyyə seçkiləri zamanı isə bütün dünyada belədir ki, digər seçkilərlə müqayisədə fəallıq bir qədər aşağı olur. Bu, qanunauyğunluqdur. Əsas məsələ odur ki, seçkidə qanun pozuntusu yoxdur, vətəndaşlarımız öz iradəsi ilə istədiyi namizədə səs verir. Eləcə də, əsas məsələ vətəndaşlarımızın öz hüquqlarını bilməsidir.

- 15 min bələdiyyə üzvü seçiləcək, ancaq 37 min namizəd var. Bunu normal göstərici kimi qəbul etmək olar?
- Sözsüz ki, olar. Bu, rəqabət mühitinin olduğunu göstərir. Ən azından bir bələdiyyə yerinə iki nəfərdən çox iddiaçının olduğunun göstəricisidir. Bu, Avropa standartlarına uyğun göstəricidir. Həm də, nəzərə almaq lazımdır ki, siz dediyiniz respublika üzrə orta rəqəmdir. Elə dairələr var ki, orada namizədlərin sayı daha çoxdur, eləsi də var ki, azdır. Bu daha çox bələdiyyələrin səviyyəsi ilə bağlı məsələdir. Fikrimcə, proses normal gedir.

- Hər seçkidən sonra Avropa Şurası, ATƏT-in Varşava Bürosu bəyanatla çıxış edir, seçkilərə rəyini bildirir. Bu seçkilərlə bağlı biz hansı reaksiyanı gözləyə bilərik?
- Mən ümumiyyətlə beynəlxalq təşkilatların bəyanatlarına ciddi fikir verməyin tərəfdarı deyiləm. Biz indikatorları dəyişməliyik. Bizim indikatorumuz Azərbaycan xalqı, vətəndaşlarımızın mövqeyi olmalıdır. Beynəlxalq təşkilatlar seçkilərdə iştirak etmirlər, özlərinə lazım olan namizədləri seçmirlər. Onların verdiyi hər bir bəyanatın arxasında siyasi və ya iqtisadi maraq durur. Bu da bizə çoxdan məlumdur. Odur ki, həmin təşkilatların bəyanat verib-verməməsindən asılı olmayaraq öz işimizlə özümüz məşğul olmalıyıq.

- Qarşıdan 2015-ci il gəlir, bu ildən nə gözləyirsiniz?
- Arzum odur ki, ölkəmizdə sabitlik olsun, ictimai-siyasi sabitlik pozulmasın, dünyada baş verən böhranlar Azərbaycana gəlməsin. Əgər bu sabitlik olacaqsa, müharibə olmayacaqsa, Azərbaycanda işlər öz qaydasında gedəcək. İqtisadi inkişafımız da, sosial durum da yaxşı olacaq. Dünya bazarında neftin qiymətinin enməsi müşahidə olunsa da, bizim ehtiyat yastığımız var və bu imkan verəcək ki, xalqımız qarşısına qoyduğu məqsədləri yerinə yetirsin. Arzu edirəm ki, 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsi də sülh yolu ilə həll edilsin.

Nemət Hüseynli


Müəllif:

Oxşar xəbərlər