13 May 2014 09:53
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərdar Cəlaloğlu: “İsa Qəmbərlə Əli Kərimlinin Ollandla görüşməsi boşunadır”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu günün aktual məsələləri haqda suallarımızı cavablandırıb. Müsahibimiz, əsasən, Fransa prezidentinin Bakı səfəri və bunun əhəmiyyəti, Fransa-Azərbaycan münasibətlərinin tarixi kökləri, Bişkek protokolu, müxalifətin durumu və son gəlişmələr haqda danışıb. ADP sədri Fransa prezidenti ilə görüşən müxalifət liderləri haqda da fikrini bölüşüb.

-Sərdar bəy, Fransa prezidenti Fransua Ollandın ölkəmizə səfərini necə qiymətləndirirsiniz?
- Baxır bu səfərə hansı aspektdən yanaşırıq. Məsələn, Minsk qrupunun həmsədri kimi Fransanın ermənipərəst mövqe tutması, antitürk əhval ruhiyyədə olması baxımından bu səfər əhəmiyyətlidir. Amma səfərin və müzakirələrin media üçün açıq hissəsində bununla bağlı söhbət aparılmadı. Bilirik ki, ilk dəfə Dağlıq Qarabağ separatçı qurumun nümayəndəliyi Fransada açılıb, soyqırımla bağlı qanun hazırlanıb, fransız deputat və ziyalıları Azərbaycanın ixtiyarı olmadan Dağlıq Qarabağa gedib. Fransa prezidenti Dağlıq Qarabağla bağlı burada dəqiq mövqe ortaya qoymadı. Yəni ola bilsin ki, bu səfərin forması əhəmiyyətlidir, amma məzmunu o qədər də maraqlı deyil. Bura dünyanın bütün prezidentləri gələ bilər, amma burada Qarabağla bağlı açıq mövqe sərgiləməsələr, bunu əhəmiyyətli hesab edə bilmərik. Azərbaycan maraqlarına xidmət etmək baxımından bu səfər bizim strateji problemlərimizdən birinin həllinə kömək etməlidir. İndi biz deyə bilmərik ki, bu səfərin nəticəsindən asılı olaraq Fransa tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ədalətli mövqe tutacaq. Bunu gələcək göstərəcək.

- Siz dediyiniz məsələlər təkbətək görüşdə qaldırıla bilərmi?
- Əlbəttə, bu mümkündür. Amma məndə bu haqda konkret məlumat yoxdur. Əgər qaldırılıbsa, lap yaxşı. Əgər Azərbaycan hökumətinin bu səfərdə əsas məqsədi Fransanı neytrallaşdırmaqdırsa, bu çox mühüm məsələdir.

- Səfər regionda baş verən ictimai-siyasi proseslər kontekstində nə qədər əhəmiyyətlidir?
- Avropa Birliyində aparıcı dövlət Almaniyadır, Fransa burada ikinci dərəcəli rolda çıxış edir. Bölgədə gedən proseslərdə də əsas rolu Almaniya və Amerika oynayır. Amma bu səfər bölgədə gedən hadisələrlə bağlı olsaydı, situasiyaya uyğun olaraq birgə bəyanatlar verilərdi. Düzdür, Ukraynada keçirilən saxta referendumla bağlı Fransa prezidenti bəyanat verdi. Amma məncə, sərt bəyanatlara şahid olmadıq. Baxmayaraq ki, bu bəyanat həm Rusiyanın hərəkətlərinə, həm də ermənilərin regionda apardığı işlərə bir cavab olacaqdı. Baxın, Putin mayın 9-da Krıma gəldi. Buna görə, bütün dünya ayağa qalxdı, bunu təxribat adlandırdı, beynəlxalq hüququn pozulması kimi qiymətləndirdi. Amma faktiki olaraq Krım Rusiyanın tərkibinə keçib. Lakin Qarabağ formal da olsa, Ermənistanın tərkibində deyil, amma mayın 9-da Ermənistan prezidenti, müdafiə naziri gəlib Şuşada işğal tarixini qeyd ediblər. Dünyanın bir ölkəsi bunu təxribat kimi qiymətləndirmir. Və ya Ukrayna ərazilərini işğala cəhd etdiyinə görə bütün dünya Rusiyaya qarşı birləşib, sanksiyalar tətbiq edirlər. Lakin uzun illərdir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, dünyanın bir ölkəsi Ermənistana qarşı sanksiyalar tətbiq etmir və bunu da tələb etmir. Bu halda ikili standartı necə qəbul etmək olar? Fransa prezidenti ərazilərin işğaldan azad olunmasını, Sərkisiyanın Şuşa səfərini pisləsəydi, münaqişənin ədalətli şəkildə həllini tələb etsəydi, bu ayrı məsələ olardı.

- Ancaq Azərbaycan tərəfi Fransaya ən çətin dönəmlərində dəstək verib...
- Tamamilə haqlısınız. Fransızlar unudurlar ki, 1800-cü illərdə Fransanın Rusiyaya qarşı müharibəsi zamanı onların yeganə müttəfiqi biz idik. O zaman heç erməni dövləti yox idi. Bu ərazilərdə Qacarlar dövləti var idi və Fətəli şahla Napoleon arasında ruslara qarşı müqavilə imzalanmışdı. Sonradan Azərbaycanın Rusiya tərəfindən işğal edilməsinin dolayısı səbəblərindən biri də Qacarların Fransa ilə bağladığı bu müqavilə olub. Yəni fransızların tarixi-mənəvi cəhətdən bizim qarşımızda bir borcu da var. Biz onlara görə ərazilərimizi itirmişik, 200 il işğal altında qaldıq. Bundan sonrakı dövrdə isə Fransa bizə heç bir dəstək vermədi, əksinə, bizim ərazimizdə bir erməni dövlətinin yaradılmasında dəstəkçi kimi çıxış etdi. Halbuki Rusiyanın Azərbaycanı işğal etməsinin əsas səbəbi bizim Fransa ilə müttəfiq olmağımız idi. Bu məsələlər Fransa tərəfinin diqqətinə çatdırılmalıdır və mən ümid edirəm ki, çatdırılıb da. Bu problemlərin həllində Fransa tarixi borc kimi Azərbaycana dəstək verməlidir.

- Sizə elə gəlmirmi ki, Sarkozi ilə müqayisədə Olland daha liberal təsir bağışlayır?
- Ola bilsin ki, indiki prezident yumşaq xətt tutur. Amma Sarkozi sərt xətt tutub neylədi ki? O da Bakıya gəlmişdi. Sarkozi ən radikal xətt tutmuşdu, saxta soyqırımı qanununu iki dəfə parlamentə göndərmişdi.

- Bişkekdə imzalanan 12 may atəşkəs müqaviləsinin 20 ili tamam oldu. Sizcə, atəşkəs rejimini yaratmaq üçün bu müqaviləni imzalamaq lazım idimi?
- Nəzərə alın ki, o vaxtki şərtlərə görə bu lazım idi. Ona görə də vaxtında düzgün mövqe seçilərək atəşkəs rejiminə gedildi. Amma Bişkek müqaviləsinin şərtləri yerinə yetirilmədi.

- Hansı müddəaları nəzərdə tutursunuz?
- Bişkek protokolunda əsas üç şərt var: atəşkəs elan olunmalıdır, sülh sazişinə hazırlıq getməli və qısa müddətə böyük sülh sazişi imzalanmalı və atəşkəs rejimi ilə böyük sülh sazişinin əldə olunmasına qədər olan məsafədə cəbhə xəttinə beynəlxalq müşahidəçilər yerləşdirilməlidir. Rusiya deyirdi ki, beynəlxalq müşahidəçi kimi biz hərbçilərimizi gətirək. Azərbaycan tərəfi isə bəyan etmişdi ki, burada sülhməramlı qüvvələr bir tərəf ola bilməz və burada Türkiyə və ABŞ-da iştirak etməlidir. Bu məsələdə fikir ayrılığı olduğuna görə atəşkəs elan olundu, amma nə sülhməramlı qüvvələr gəldi, nə də böyük sülh sazişi imzalandı. Beləcə sənədin üç şərtindən biri həyata keçirildi, ikisi isə havada qaldı. Onu da qeyd edim ki, atəşkəs rejimi beynəlxalq standartlara uyğun atəşkəs deyil. Beynəlxalq hüquqa baxsanız, görərsiniz ki, atəşkəs elan olunduğu zaman onun rejimi olur və bu rejimə də ciddi nəzarət olunur. Bizdə isə nəzarətsiz atəşkəs rejimi var, ermənilər atəşkəs rejimi adı altında işğal etdiyi əraziləri ilhaq etməklə, məskunlaşdırma siyasəti aparmaqla məşğuldur. Üstəlik, bizim ərazilərimizdə hava limanı, zavod, hərbi obyektlər tikirlər. Halbuki beynəlxalq hüquqa görə, bunlar qadağandır. Üstəlik də zaman-zaman atəşkəs rejimini pozurlar. Bunlar göstərir ki, Bişkek protokolundan sonra meydana çıxan atəşkəs klassik mənada atəşkəs rejimi deyil. Bu beynəlxalq hüquqa uyğun gəlməyən prosesdir. Nə müharibə var, nə də sülh.

- Müxalifət düşərgəsində vəziyyət nə yerdədir?
- Müxalifətin fəaliyyətinin zəif olmasının obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər bizdən asılı məsələ deyil. Məsələn, müxalifət dövlət tərəfindən maliyyələşdirilmir. Üstəlik, beynəlxalq şərait də indi buna imkan vermir. Həm də subyektiv amil var və bu bizim özümüzdən qaynaqlanır. Müxalifətçilik ancaq iqtidarı söymək deyil, müxalifətçilik həm də öz cəbhəni genişləndirmək, öz cəbhəndə nizam-intizam yaratmaq, vahid platforma yaratmaq və s işlərdir. Baxın, Türkiyədə Ərdoğanın qələbəsinin iki əsas səbəbi var. Birinci səbəb odur ki, vaxtında Tansu Çillər və Məsud Yılmaz Ərdoğana qarşı birləşə bilmədi. Nəticədə də məğlub oldular. Sonrakı mərhələdə isə CHP ilə MHP-nin dil tapa bilməməsi Ərdoğana yeni üstünlüklər verdi. Eyni ilə bizdə də buna oxşar hadisələr baş verir. Çoxpartiyalı sistemdə koalisiyalar qaçılmazdır. Azərbaycanda çoxpartiyalı sistemdir. Ancaq bir çox partiyalar sanki ikipartiyalı sistem davranışı ifadə edir. Deyir ki, bir mən varam, bir də hakim partiya var. Bu da əslində həmin partiyaların özlərinin məğlubiyyətinə gətirib çıxarır. Adamlar başa düşmürlər ki, ikipartiyalı sistemin formlaşmasının özünün inkişaf tarixi var. Amerika buna 200 il müddətində nail olub. Amma dünyanın əksər ölkələrində çoxpartiyalı sistemdir və burada ittifaqların yaranmasına ciddi ehtiyac hiss olunur. Bu baxımdan müxalifətin özünün öz daxilində səmimi və milli maraqlara uyğun blokların yaranmaması bu düşərgənin zəifləməsinin ən ciddi səbəblərindən biridir. İqtidarın bizə qarşı piar aparması normaldır, çünki biz də onlara qarşı aparırıq. Amma ən böyük piar bizim müxalifətçi kimi xalqın gözləntilərinə cavab verə bilməməyimizdir. Xalq bizdən birləşmə tələb edir, amma müxalifət bu istəkləri bir kənara qoyaraq özünün istəklərini xalqa sırımaq istəyir. Bu da məğlubiyyətə səbəb olur.

- Fransa prezidenti Əli Kərimli və İsa Qəmbərlə görüşüb. Siz niyə belə görüşlərə dəvət edilmirsiniz?
- 20 ildir ki, beynəlxalq ictimaiyyət bu iki şəxslə müzakirə aparır. Vəziyyətin necə olması sizə məlumdur. Başqa sözlə, bu müzakirələr boş-boş şeylərdir.

- Niyə?
- Çünki mənim özümün də iştirakımla keçirilən görüşlərdə görmüşəm ki, bu adamlar səhv mövqe nümayiş etdirirlər. Bu görüşlər ölkə müxalifətinin və xalqının maraqlarına bir qram da olsun xidmət etmir. Xidmət etsəydi, bu 20 il müddətində nəticəsini görərdiniz. İkincisi, kimin bu görüşə dəvət olunması həmin dövlətin öz işidir. Əgər məni dəvət etsəydilər, görüşə gedərdim. Dəvət etməyiblər, heç maraqlanmıram da. İnanmıram ki, bu danışıqlar ya Fransaya üstünlük gətirə, ya da Azərbaycan müxalifətinə xeyir versin. Formal bir protokol görüşü, fikir mübadiləsidir. Həm də son zamanlar biz səfirliklərlə sıx əlaqə yaratmırıq. Çünki bunun üçün partiyanın fəaliyyəti yüksək səviyyədə qurulmalıdır. İndi heç bir partiya fəaliyyətini yüksək səviyyədə qura bilmir.

Nemət Hüseynli


Müəllif: