9 Aprel 2015 11:57
1 727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elizabet Vayt: “Çalışdıq ki, seçdiyimiz filmlər məhz azərbaycanlıların diqqətini cəlb etsin”

Ötən gün Bakıda İkinci Britaniya Film Festivalına start verilib. “Gündəlik Teleqraf”ın suallarını festivalın təşkilatçısı olan “British Council”in Azərbaycan üzrə direktoru Elizabet Vayt cavablandırıb.

- Bakıda artıq ikinci dəfədir ki, Britaniya Film Festivalı keçirilir. Birinci festivaldan gözləntiləriniz nələr idi və onlar doğruldumu?
- Əslində, biz bunu festival adlandırmırıq. Bizə görə bu, Böyük Britaniya Filmlərinin yazıdır. Gördüyünüz kimi, təbiətə yaz gəlib. Və yaz təravəti, gözəlliyi təcəssüm etdirir. Ötən illə müqayisədə biz bu il filmləri “28 Cinema” kinoteatrında nümayiş etdirəcəyik. Ötən festivalla müqayisədə istəyirik ki, festival daha geniş kütlələri əhatə etsin və yüksək səviyyədə keçsin. Niyyətimiz daha böyük auditoriya toplamaqdır.

- Müşahidələrimə əsasən deyim ki, adətən, Azərbaycanda təşkil olunan əcnəbi film festivallarında, yaxud film həftələrində tamaşaçı kütləsi həmin ölkənin nümayəndələri olur. Bilmək istərdim, Azərbaycan tamaşaçıları bu festivalda hansı şəkildə təmsil olunur?
- Böyük Britaniya Səfirliyi ilə əməkdaşlıq çərçivəsində əlimizdən gələni edib elə bir proqram tərtib etmişik ki, seçdiyimiz filmlər məhz Azərbaycan auditoriyasının diqqətini cəlb etsin. Azərbaycanlı tamaşaçıların festivala cəlb olunmasında festivalın piarı heç də az rol oynamır. Təbii ki, festivalda biz Britaniya və Azərbaycan vətəndaşları arasında ayrıseçkilik etmək niyyətində deyilik. Heç bir halda bundan söhbət gedə bilməz. Festivalın qapıları hər kəsin üzünə açıqdır. Onu da deyim ki, filmlərin seçimini biz “28 Cinema” kinoteatrının rəhbərliyi ilə apardıq. Müzakirə və danışıqlar əsnasında qərara gəldik ki, proqramda geniş auditoriyanın diqqətini cəlb edib, zövqünü oxşayan filmlər yer almalıdır. Ona görə məhz bu filmlər üzərində dayandıq. O baxımdan, əminliklə deyə bilərəm ki, festival üçün filmlər necə gəldi seçilmədi.
Festivalın başqa üstünlüklərindən biri göstəriləcək filmlərin ingilis dilində təqdim olunmasıdır. Bildiyiniz kimi, ingilis dili Azərbaycanda danışılan və tədris olunan, bir çox təhsil ocaqları arasında xüsusilə populyarlıq qazanan dildir. Yalnız “Shaun the Sheep” filmindən bütün filmlərə tamaşaçılar ingilis dilində baxacaqlar. Bircə, o filmdə qoyunlar öz dilində danışacaqlar.
Qeyd edim ki, bizim auditoriyanın böyük əksəriyyəti azərbaycanlılar olacaq. Elə sizdən də xahiş edirik ki, dostlarınıza, tanışlarınıza söyləyin gəlib festivalda bu filmlərə baxsınlar.

- Belə festivallarda ən böyük problemim dillə bağlı olur. Subtitrlə də film izləməyi sevmirəm, o zaman bilmirəm filmə baxım, yoxsa titrlərə...Ola bilərmi ki, gələcək festivallarda bu məsələni də həll edəsiniz.
- Sabiq müəllimə kimi sizə bir şeyi məsləhət görərdim: dili öyrənmək istəyirsinizsə, filmlərə ingilis dilində baxın. Çünki filmə gözlə baxıb, qulaqla eşitmək və gözlə subtitrləri görmək dilin öyrənilməsi prosesində mühüm əlaqələndirici rol oynayır. İnanın, bu, çox kömək edir. Subtitrlər öyrəndiyinizin, eşitdiyinizin öyrənilməsində kifayət qədər mühüm rol oynayır.
Bizim festivalda “Mr Turner” filmi nümayiş olunacaq. Bu film kifayət qədər vizuallığı ilə seçilən filmdir. Dili yüksək səviyyədə bilməyən şəxs belə filmə baxıb vizual effektlərdən, fonda baş verən hadisələrdən söhbətin nədən getdiyini anlaya bilər.

- Belə çıxır ki, festival filmlərin nümayişindən daha çox dilin öyrənilməsinə xidmət edir. Sözlərinizdən belə nəticəyə gəlmək olarmı? Kinoteatra filmi izləməyə gələn tamaşaçı üçün dili öyrənmək o qədər də önəm kəsb etmir. Qardaşım üçün bu festival maraqlıdır, çünki o ingilis dilini öyrənir və bu, onun üçün əla fürsətdir. Amma mən o mərhələdə deyiləm, kinoteatra da yalnız filmə baxıb, zövq almağa gəlirəm.
- Onda siz “Shaun the Sheep” filminə baxın. Mən sizə zəmanət verirəm ki, filmi çox sevəcəksiniz. Mən də Azərbaycan dilini öyrənirəm. Və boş vaxtım olanda axşamlar kinoteatra getməyi, müxtəlif tədbirlər çərçivəsində Azərbaycan filmlərini izləməyi, orada baş verənləri maksimal dərəcədə qavramağa çalışıram.

- Festival pulludur? Pul olan zaman adətən proqramlar daha çox kommersiya filmləri üzərində qurulur. Sizin festivalda kommersiya, yoxsa festival filmləri daha çoxdur?
- Bəli, festival ödənişlidir, amma bu məbləğ o qədər də baha deyil. Hətta nəzərə alın ki, 2D və 3D filmlər arasında bir manat fərq var. Qiymətlər isə 2-3 manat arasında dəyişir. Proqrama daxil etdiyimiz filmlər müxtəlif auditoriyanın zövqlərini əhatə edir. Filmlər çox maraqlıdır və onlar arasında Britaniyada müxtəlif mükafatlara layiq görülmüş filmlər var. Onlar seyr edilən ölkələrdə də çox müsbət rəylər alıb. Onu da deyim ki, festivalda “The Rinq” adlı ağ-qara film nümayiş olunacaq. 1927-ci ildə ekranlaşdırılmış filmin rejissoru Böyük Britaniyanın tanınmış kinorejissoru Albert Hiçkokdur. Səssiz film olduğunu nəzərə alsaq, bu, kifayət qədər böyük auditoriya üçün nəzərdə tutulub. Filmin effekti çox cəlbedicidir, əsasən sevgi hekayəsini özündə təcəssüm etdirir və Silvester Stolonedən əvvəlki dövrü əhatə edir.
Festival çərçivəsində qeyri-adi proqramlar da olacaq. Artıq uzun müddətdir ki, “UNİCEF”-lə əməkdaşlıq çərçivəsində işləyib hazırladığımız qısametrajlı filmlər bu festivalda nümayiş olunacaq. Biz bu layihəyə kifayət qədər tanınmış rejissorları cəlb etdik. Layihənin qeyri-adiliyi müxtəlif fiziki əlillik qrupları üzrə təmsil olunan gəncləri bir araya gətirmək, onların bacarıqlarını üzə çıxarmaq idi. Sanki onlar demək istədiklərini kino dili ilə nümayiş etdirmişdilər. Bu gənclərin əl işləri diqqətdən kənarda qalmadı. Belə ki, həmin gənclər müxtəlif mükafatların qalibləri oldular. Bu filmləri izləyən insan artıq dəyər vermədiyi, gözdən qaçırdığı, inkar etdiyi məqamlara fərqli düşüncə tərzindən, fərqli prizmadan baxacaq. Filmlərin hərəsi bir dəqiqə davam edir və onlar proqramda nümayiş olunan filmlərdən öncə göstəriləcək. Filmlər həmin gənclər tərəfindən çəkilib.

- Festivalda ustad dərsləri olacaqmı?
- Bu festivalda ustad dərsləri olmayacaq. Amma yadınıza gəlirsə, ötən festivalda biz ssenaristlərlə bağlı bir ustad dərs təşkil etmişdik. Bu festivalda “Təhlükəli əlaqə”, “Günahların yuyulması kimi” məşhur filmlərin, eləcə də, hazırda Bakıda çəkilən “Əli və Nino” filminin ssenari müəllifi, “Academy Award” mükafatının laureatı, “Oskar” mükafatının sahibi Kristofer Hempton festivalın açılışında iştirak etdi. Onunla xeyli fikir mübadilə apardıq.

- “Əli və Nino”dan söz düşmüşkən, filmin əsas yaradıcı heyəti ingilislərdən ibarətdir. Onlarla görüşmüsünüzmü? Və “Əli və Nino” kitabını oxumusunuz?
- Əslində, filmin yaradıcı heyətin hamısı britaniyalı deyil. Bildiyim qədər, film Böyük Britaniyanın məşhur “PeaPie Films” kinoşirkəti tərəfindən çəkilir. Filmin rejissoru isə “Bafta” mükafatının sahibi, britaniyalı Asif Kapadiyadır. Həm texniki, həm də aktyor heyətinin tərkibində italyan, amerikan, ispan, azərbaycanlılar və eləcə də, digər millətlərin nümayəndələri təmsil olunur. Bəli, Qurban Səidin “Əli və Nino” əsərini çoxdan oxumuşam. Hətta o vaxtlar Azərbaycana gələcəyimi belə düşünmürdüm. Xüsusilə qeyd etmək istəyirəm ki, mənim babam yüz il əvvəl Bakıda qısa səfərdə olub.
Bu filmə ümidlər çoxdur. Həqiqətən, yaxşı film olacağını düşünürəm. Onu da deyim ki, mən özüm İçərişəhərdə yaşayıram. Və səhər işə gələndə, işdən evə dönəndə İçərişəhərdə dəvələri, yüz il əvvəl geyinilən geyimlərlə hərəkət edən aktyorları küçədə görəndə günün yorğunluğunu unudurdum, bu mənzərə əhvalımı əməlli-başlı qaldırırdı.

- Hansı Azərbaycan filmlərinə baxmısınız?
- Əslində çox Azərbaycan filminə baxmışam, amma adları yadımda qalmayıb. Bayaq dediyim kimi, müxtəlif tədbirlər çərçivəsində sizin filmləri izləyə bilirəm. Və izləyərkən sizin kimi mən də dil problemi ilə qarşılaşıram. Baxmış olduğum filmlər əsasən sovet dövründə çəkilənlərdir. Onlardan biri də məşhur komediya “Qaynana”dır. Amma çox istərdim ki, müasir filmlərə baxım. Mənə hansı filmləri tövsiyə edirsiniz?

- “Nabat”, “Axınla aşağı”, “Dolu”...
- Hələlik, üçü bəsdir... “Nabat” filminin adını eşitmişəm, çalışacam ki, hamısına baxım.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər