Teleqraf.com tarixçi Dilavər Əzimli ilə müsahibəni təqdim edir.
- Dilavər müəllim, təsəvvür edin, balaca bir uşaqdan soruşurlar ki, Azərbaycanın tarixi hardan başlayır? O uşaq bu suala qısa şəkildə necə cavab versin?
- Elə Azərbaycanın özündən.
- Aydındır.
- Buyurun.
- Sizin bir açıqlamanızı oxudum. Deyəsən, Güntay Gəncalpa hansısa bir məsələ ilə bağlı demişdiniz ki, Elçibəyin çörəyi sənin gözündən gəlsin. Maraqlıdır, bir tarixçi alim niyə bu cür emosiya ilə danışsın ki?
- Bilirsiz, Vətən, Millət, Torpaq məsələsində kimsə hədyanlar danışanda emosiyasız danışmaq olmur. Bu adam elə həddə çatdı ki, bütün tarixi şəxsiyyətlərimizi təhqir edir. Ağzına gələni danışır. Elçibəyin adından da yalanlar söyləyir. Elçibəyin hesabına adam oldu, indi onu bəyənmir.
- Başqa bir məsələ, Strabonun işlətdiyi “Armeniya” sözü mübahisəlidir. Ermənilər iki əlli yapışıb ki, bu söz bizimdir. Çünki dünya erməniləri “arminin” kimi tanıyır. Bizimkilər də “Arminiya” deyəndə qıcıqlanırlar. Siz necə düşünürsünüz, bu məsələ bizim tarix kitablarında öz həllini necə tapmalıdır?
- Tarixi mənbələrdə adı keçən Arminin bu ərazilərə dəxili yoxdur. Strabon Azərbaycanda olmayıbdır, eşitdiyini yazıbdır. Həmin söz Mesopotamiya ərazilərinə aiddir. Bizdə Ərməniyyə adı keçir. Ermənilər və ruslar Armeniya yazırlar. Ərməniyyənin bu günki ermənilərə dəxili yoxdur. Bu günki ermənilərin haradan və nə zaman gəldiyi hamıya, ermənilər də, ruslara da bəllidir. Ərməniyyə sözü isə Ər-rəm sözündən yaranıb. Ərəblər Azərbaycan yaşayan xristian əhalini Ər-rum, Ər-rom adlandırırdılar. Çünki xristian əhali Bizansa bağlı idi. Bizans isə ikinci Roma adlanırdı. Bu söz xristianların Bizansa bağlı olduqlarına işarə idi. Ərməniyyə sözü ərəblərin gəlişindən sonra işlənib. Armin isə bir daha qeyd edim ki, bu ərazilərə aid deyildir. Sadəcə olaraq, bu sözü işə salmaqla “erməni” tarixini qədimləşdirməyə çalışırlar.
- Sizcə, niyə İslamda Avropadakı kimi intibah olmadı? Söhbət erkən orta əsrlər dövründən gedir. Hansı ki, Avropada elm dili latın dili olanda, ərəb dili də Şərqin elm dili idi.
- “İslamda intibah olmadı” sözü düz deyildir. İslam həmişə intibahın tərəfdarı olubdur. İslam elmə, yaradıcılığa geniş yer verib. İslamdan fərqli olaraq xristianlıq elmi, yaradıcılığı təqib edib.
- Anlamadım. Xristianlıq elmi, yaradıcılığı təqib edib?
- Daha doğrusu, kilsə demək istəyirəm. İnkivizisiya buna canlı misaldır. İnsanları diri-diri yandırırdılar. İslam isə yaranandan elmə böyük önəm verdi. Bu gün dünya elmin inkişafına görə İslama minnətdar olmalıdır. Sadəcə olaraq, xristianlıq mübarizədə elm ayrılmağa başladı. Elm adamları başa düşürdülər ki, alternativlik ortaya qoymasalar, kilsə onları tamam məhv edəcəkdir. Ona görə də min illik sükutdan sonra Avropada elm ayrı institut kimi çıxış etdi. Kilsəyə qarşı çıxışlar nəticədə elmin ondan ayrılıb müstəqil inkişafına şərait yaratdı. İslamda isə belə olmadı. Çünki İslam dinə qarşı deyildi.
- Bəs nəticə nə oldu?
- Burada nəticə o qədər də yaxşı olmadı. Yəni, XVII-XVIII əsrlərdə din xadimləri özlərini peyğəmbərlər kimi aparmağa başladılar, özlərindən fitvalar verdilər. Bir az keçdi, daha da irəli getdilər, artıq qadağalar tətbiq etdilər. Yəni, alternativliyə şərait olmadığından elm ayrı institut kimi formalaşa bilmədi. Sonda geriləmə baş verdi. Hesab edirəm ki, bu bir tarixi proses idi ki, xristianlıq və islam bu prosesi keçdi.
- Babəklə bağlı televiziyalarda və mətbuatda mübahisələr tez-tez gedir. Amma Afşindən danışmırıq. Sizcə, niyə? Ümumiyyətlə, Afşin kim idi? O, hardan gəlmişdi? Nə istəyirdi? Nə elədi, nə eləyə bilmədi?
- Afşin Abbasilərə sığınmış bir tayfanın rəhbərlərindən biri idi. Orta Asiyada doğulmuş, orada böyümüşdü. Hesab edirdi ki, gələcəkdə toplaya biləcək qüdrət hesabına xilafətdə rəhbərliyi ələ keçirəcəkdir. Ona görə də Babəkə birgə mübarizə təklif edirdi. Babək buna gedə bilməzdi. Çünki bu müstəqillik, azadlıq yolundan geri çəkilmək idi.
- Tarix kitablarımız yazır ki, Babəkin ərəblərlə mübarizədə məğlub olmasından sonra xilafət zəiflədi, nəticədə Azərbaycanın şimalında və cənubunda xırda feodal dövlətləri yarandı. Məsələn, Sacilər və Salarilər. Görəsən, biz niyə yüz illik Sacilərə və Salarilərə xırda feodal dövləti deyirik? Halbuki, SSRİ 70 il mövcud olub.
- Sacilər və Salarilər Azərbaycan dövlətləri idi. Sacilər zamanında Azərbaycan əraziləri bütövləşdi. Ümumən, Azərbaycan əraziləri həmişə bütöv olub. Sadəcə olaraq ayrı-ayrı sülalələr hakimiyyətdə olublar.
- Dilavər müəllim, Ağqoyunlu və Qaraqoyunlu adlı dövlət olar? Qoyun adını bu dövlətlərə kim qoyub? Niyə bizim feodal dövlətlərimiz sülalənin adı ilə adlanır? Niyə bunlara Azərbaycan dövləti demirik ki?
- Bilirsiniz, bu məsələdə reallıqdan çıxış etmək lazımdır. Ağqoyunlu, Qaraqoyunlu olmaq təhqirdirmi? Əslində, qoyun adı qoyunçuluqla məşğul olmadan xəbər verir. Bu tayfalar türkman tayfaları idi. Onlar qoyunçuluqla məşğul idilər. Türkman tayfalarında belə bir adət vardı: hansı tayfa iri buynuzlu heyvan saxlayırdısa, qoyun saxlamırdılar. Yaxud, qoyun saxlayırdılarsa, iribuynuzlu heyvan saxlamırdılar. Bu bir qanunauyğunluq idi. Bir də Ağqoyunlu bu tayfanın adı deyildi. Mənbələrdə onun adı bayanduri tayfası kim keçir. Qaraqoyunlularda da əsas aparıcı tayfa baharlılar idi. Hesab edirəm ki, bu müzakirə mövzusu olmamalıdır. Yuxarıda bildirdiyim ki, bunlar sülalə idi. Azərbaycan ərazilərində iqtidarda olan sülalələr... Sizinlə razıyam ki, bunlar Azərbaycan Ağqoyunlu dövləti, Azərbaycan Qaraqoyunlu dövləti kimi yazılmalıdır. SSRİ vaxtı bunu ediblər. Bunun qarşısı alınmalıdır. Məsələn, Fransada, Almaniyada sülalələr iqtidarda olub və dövlət onların adı ilə adlanıb. Amma onlar sülalə adını yazmırlar. Yazırlar ki, Fransa IX əsrdə, Fransa XV əsrdə və s. Yaxud Almaniya IX əsrdə, Almaniya XVI əsrdə.... Bu cür misalların sayını artırmaq mümkündür.
- Niyə deyirlər ki, islam Azərbaycanda qılınc gücünə qəbul olunub?
- İslam Azərbaycanda daha çox dinc yolla qəbul olunub. Bu birmənalıdır. Sadəcə, bu sözü elə-belə işlətmirlər. Burada söhbət İslamdan deyil, Ərəb-Türk münasibətlərindən gedir. Yəni, Ərəb-Xəzər münasibətləri.... Əməvilər hakimiyyəti zorla ələ keçirdikdən sonra ərəzbizm siyasəti aparır və ərəb olmayanları ələ salaraq “məvali” adlanıdırırdılar. Onların dövründə balans pozuldu və Ərəb-Xəzər müharibələri baş verdi. Bu müharibələr daha çox Azərbaycan ərazilərində getdi. İslamın buna dəxli yoxdur.
- Fikriniz necədir, “qılınc müsəlmanı” anlayışı hardan meydana çıxıb?
- Mənə elə gəlir ki, yuxarıda buna cavab verdim. Ola bilsin ki, başqa cür də yanaşmalar var. Amma daha çox bununla bağlayırlar.
- Bir sual da verim: Uzun Həsənin, doğrudan, boyu uzun olub deyə, ona bu adı qoyublar?
- Uzun Həsən mənbələrdə Həsən Padişah adlanır. Bir də adamın boyu uzun olar da....Uzun Həsənin ağırlığını hər at saxlaya bilmirdi. Beli sınırdı. Bu necə olur? Onun boyuna uyğun çəkisi var idi. Cəngavər idi. Adətən, uzun deyəndə arıq nəzərdə tutulur. O, isə belə deyildi. Tökmə bədəni var idi. Sadəcə olaraq, Avropa səyyahları onu uzun yazıblar. Bizim mənbələrdə belə söz yoxdur.
- Osmanlılar Səfəvilərlə müharibəyə hansı ideoloji əsasdan yanaşırdılar? Dünya ağalığı, ərazi, yoxsa məzhəb davası...?
- İstər Osmanlılar, istər Səfəvilər, istərsə də Məmlüklər bütün Şərq dünyasını bir ərazidə birləşdirib Şərq və Müsəlman dünyasının fatehi olmaq istəyirdilər. Bu fatehlik idi. Çingizdə də bu idi. Əmir Teymurda da... Sonradan Nadir şahda da...
- Güntay Gəncalp Şah İsmayılın 14 yaşında hakimiyyət başına keçməsinin türk ənənələrindən irəli gəldiyini inkar edir. Deyir, bu yaşda uşaq nə bilirdi ki, dövlət nədir?
- Güntay Gəncalp Türk tarixini bilmir. Bilsəydi, belə danışmazdı. Türk dünyasında az yaşında dövləti idarə edənlər çox olub. O, bilmir ki, gələcək şahzadəni seçib, yetişdirirdilər və onun ətrafında sədaqətli insanlar toplaşırdı. Bu insanlar daima məsləhətçi kimi çıxış edirdilər. Bir adamı beş yaşından dövlətçiliklə yetişdirsən idarə etmək olar, yoxsa yox?
- Güntayın “Səfəvilər” kitabında Şah İsmayılın şair olub-olmamasına da şübhə ilə yanaşır. Müəllif deyir, guya Anadoluda “Xətai” təxəllüsü ilə şeirlər yazan çoxlu şairlər olub, o şeirlər hamısı Xətainin adına çıxılıb.
-Bilirsiniz, bu birmənalı şəkildə sübut olunub. Orta əsrlər üzrə ən məşhur tədqiqatçılar onu Füzuli səviyyəndə olan şair kimi təqdim edirlər. Güntay kimdir ki? Bunu hansısa orta əsrlər üzrə mütəxəssis desəydi, bəlkə, mübahisə etmək olardı. Ola bilsin ki, hansısa şeirləri onun adına yaza bilərlər. Bu təsadüf olunan bir şeydi. Amma onun şeirlər yazması birmənalıdır.
- Bəzən tarixə bu günün maraqları ilə yanaşırlar. Məsələn, Səfəvi-Osmanlı haqqında danışanda Türkiyə-Azərbaycan münasibətləri nəzərə alınır. Sizcə, doğrudur bu?
- Tarixə bu gündən yanaşmaq düzgün deyildir. Niyə avropalılar bunu etmir? Bizdə Azərbaycan-Türkiyə münasibətlərini korlamaq istəyən qüvvələr vardır. Onlara maliyyə yardımları edilir. Buna görə də Osmanlı-Səfəvi münasibətlərində qıcıq yaradacaq söhbətləri ortaya atırlar. Azərbaycansız Türkiyə olmadığı kimi, Türkiyəsiz də Azərbaycan yoxdur. Bu bir aksiomadır.
- Dilavər müəllim, Rəsulzadə niyə “Qafqaz türkləri” kitabında yazır ki, Allah bizi Səfəvi mühitindən xilas etmək üçün rusları göndərdi?
- Bilirsiniz, bu məsələdə kimisə qınamaq olmaz. Məşhur Almaniya mütəfəkkiri Höte yazırdı ki, “Dünya tarixi vaxtından asılı olaraq yenidən yazılmalıdır. Söhbət ondan getmir ki, hansısa tarixi hadisə baş verir və yaxud şəxsiyyətlər yetişir. Ona görə yazılmalıdır ki, yeni nəzəriyyələr ortaya çıxır”. İndi özünüzü M. Ə. Rəsulzadənin yaşadığı dövrdə hiss edin. Siz nə yazardınız? Tarixi məlumatlar birtərəfli və yox səviyyədədir. Azərbaycan tarixşünaslığı yoxdur. Onu eşidib, onu oxuyub və onu da yazıb. Tarix də zaman kimidir. İnkişaf edir, münasibətlər dəyişir. Buna görə də bu məsələdə bir qədər ehtiyatlı olmalı və zamana görə qiymət verilməlidir.