4 Avqust 2015 16:59
1 499
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İŞİD-i şübhəsiz ki, yaradıblar. Belə böyük orduya, silaha, bütün avadanlıqlara, maliyyə imkanlarına sahib silahlı birləşmə öz-özünə yarana bilməz. Görünür, bunda da maraqlı qüvvələr var və hansısa ssenariləri həyata keçirmək istəyirlər. Bu da müsəlman dünyasını dağıtmaq, millətləri və dövlətləri bir-birinə vurmaq, ölkələrin inkişafını dayandırmaq məqsədilə ortaya atılan oyundur. İŞİD də gördüyünüz kimi hər yeri dağıdır. İnanmıram ki, İŞİD müstəqil olsun. Onu yaradanlar, arxasında duranlar, maliyyələşdirənlər var”.

Bunu Teleqraf.com-a müsahibəsində sabiq deputat, professor Yaqub Məmmədov bildirib. Müsahibəni təqdim edirik:

- Yaqub müəllim, sanki ictimai-siyasi fəaliyyətdən kənardasınız. Buna səbəb nədir?
- Hazırda yay mövsümüdür. Biz də dincəlir, mütaliə edir, yazı-pozu işləri ilə məşğul oluruq. Elm adamı olduğumuz üçün əsas işimiz yazı-pozudur. Aradabir təbiətdə olur, təmiz hava alırıq. Beləcə, vaxtımızı keçiririk. Güclü istilər müşahidə edilir, insanlarımız gərək özlərini qorusun. Vətəndaşlarımız çalışmalıdır ki, birbaşa günün altında olmasın, mümkün qədər kölgədə hərəkət etsinlər. Eləcə də, imkan daxilində dəniz, çay kənarında, meşədə olsunlar, dincəlsinlər.

- Hazırda haradasınız?
- Bu saat Gədəbəy rayonunda, öz kəndimizdəyəm.

- Sizin də başqa ziyalılar və tanınmış insanlar kimi 50 yaşdan sonra doğulduğunuz kəndə marağınız artıb?
- Yox. Mən hər zaman kəndimiz və rayonumuzla əlaqə saxlamışam. Cavan vaxtlarımda da, vəzifədə olduğum illərdə də, sonrakı dövrdə də daima əlaqəm olub. Eləcə də, rayonun problemlərinin həll edilməsində daima iştirak etmişəm.

- Demək yay mövsümündə sizi ancaq kənddə tapmaq olar...
- Yox. Ancaq kənddə olmuruq. Xaricə də gedirik. Türkiyəyə, Gürcüstana, bəzən Avropaya gedirik. Bizim iki ay məzuniyyətimiz olur. İmkan daxilində dincəlirik.

- Elmi fəaliyyətinizdə hansı yeniliklər var?
- Təbii ki, kitablarım , əsərlərim, məqalələrim çıxır. Mütəmadi olaraq bu istiqamətdə fəaliyyət göstəririk.

- Ancaq bu haqda heç məlumat yoxdur, sanki yazdığınız əsərlərin təqdimatını keçirmirsiniz...
- Adətən, bədii əsərlərin təqdimatı olur. Biz tibbə, mütəxəssislərə aid kitablar hazırlayırıq. Odur ki, bunlar haqqında məlumatlı olmamağınız normaldır. Bu, bizim öz elmi istiqamətimizə, elmi problemlərimizə aid olan məsələlərlə bağlı olur. Təbii ki, bu ədəbiyyatdan sonra istifadə edilir. Biz dərsliklər yazırıq. İndi Boloniya sistemi ilə əlaqədar olaraq bəzi istiqamətləri yenidən işləyir, testlər hazırlayırıq. Bir sözlə, işimiz çoxdur. İmkanımız qədər bunlarla məşğul oluruq.

- 2015-ci il üçün qəbul imtahanları başa çatıb. Siz də uzun illərdir Tibb Universitetində tələbələrə dərs deyirsiniz. Universitetə yeni qəbul olunan tələbələrin bilik səviyyəsi sizi qane edirmi?
- Ümumilikdə təhsilin səviyyəsindən razı deyilik. İstəyirik ki, bütün şagirdlərimiz, tələbələrimiz daha çox biliyə malik olsunlar. Təbii ki, uşaqların arasında savadlılar, təhsili çox yüksək olanlar var. Eyni zamanda zəiflər də var. Ancaq ümumi səviyyə mümkün qədər yuxarı olmalıdır. Əvvəlki dövrdən fərqli olaraq indi uşaqlar çox dar şəkildə universitetə hazırlaşırlar. Yəni konkret istiqamət üzrə hazırlaşıb test imtahanı verirlər. Başqa sözlə, onların geniş dairədə bilikləri məhdud olur. Çünki konkret olaraq özlərinə lazım olan sahəni oxuyurlar. Geniş mütaliə, bilik və dünyagörüş də vacibdir.

- Ağdamın Quzanlı kəndində anası ilə bir daxmada yaşayan şagird qəbul imtahanı zamanı 635 bal toplayır, Bakıda hər cür şəraitdə yaşayan, repetitor yanına gedən şagird isə 300 bal toplaya bilmir. Sizcə, buna səbəb nədir?
- Bu, təbii haldır. Çünki bu, hər bir fərdin özünün inkişaf xüsusiyyəti, fizioloji anatomik quruluşu ilə bağlıdır. Yəni, burada bir çox faktorlar var. Dağda, kənddə və ya şəhərdə yaşamasından asılı olmayaraq istedadlı uşaqlar da, küt uşaqlar da var. Burada genetika, dünyagörüş, tələbkarlıq kimi məqamlar da xüsusi rol oynayır. Yəni, yaşayış yeri əhəmiyyətli deyil. Baxın, biz dağ kəndində doğulmuşuq, oxumuşuq və gəlib alim olmuşuq. Bəzən, görürsən, şəhərin mərkəzində yaşayan vətəndaşımız oxumayıb, savadı olmayıb. Yəni, bu kənddə qalmaqdan və ya şəhərdə yaşamaqdan asılı məsələ deyil.

- İstirahət vaxtı ictimai-siyasi proseslərlə maraqlanırsınızmı?
- Düzünü deyim ki, yox. Yalnız televiziyada xəbərlərə və bəzi proqramlara baxıram. Arada internetə daxil oluram. Kənddə qəzet, jurnal olmur. Mən də imkan daxilində televiziya vasitəsilə dünyada baş verən hadisələri, Azərbaycanla bağlı xəbərləri izləyirəm.

- Türkiyədə siyasi hərarət yüksək həddə çatıb, PKK terror hadisələri törədir, durum arzuedilən deyil. Bu haqda məlumatlısınız?
- Bu, mürəkkəb sualdır. Prosesi dəqiq izləyib, təhlil etdikdən sonra cavab vermək lazımdır. Bu baxımdan sualınıza birmənalı cavab vermək çətindir. Ancaq hər halda Türkiyədə baş verən hadisələr həm də müsəlman coğrafiyasında gedən proseslərin tərkib hissəsidir. Mən durumu bu prizmadan qiymətləndirirəm. Görünür, orada da maraqlı qüvvələr, xarici əllər var. Türkiyə Avropalaşan, inkişaf edən ölkədir. Ola bilsin ki, bu, bəzilərinin xoşuna gəlmir. Bu səbəbdən Türkiyəni qaynadırlar. Proseslərin mahiyyətində bu məqam durur.

- Türkiyədə son seçkilərdən sonra həm də hökumət boşluğu yaranıb. Bu da yaşanan duruma səbəb ola bilərmi?
- Son parlament seçkilərindən bu yana koalisiya hökumətinin yaranmaması həm də son ildə Türkiyədə gedən proseslərin məntiqi nəticəsidir. Türkiyədə son 10 ildə hakimiyyətdə olan siyasi partiya əvvəlki illərdən fərqli siyasət həyata keçirib. Ona görə də, indi fərqli situasiya yaranıb. Ancaq hər halda biz Türkiyənin sabit və güclü olmasını istəyirik.

- Sizcə, PKK terror təşkilatını cilovlamaq olarmı?
- Bu da mürəkkəb məsələdir və ona birmənalı cavab vermək asan deyil. PKK terror təşkilatının arxasında duran, onu silah-sursatla təmin edən, istiqamətləndirən güclər var. Təbii ki, onlar da bunu məqsədli edir. Hər halda terror müdafiə olunmamalıdır.

- HDP son seçkidə 13 faiz səs alaraq 80 deputatla parlamentə daxil oldu. Sizcə, bu, Türkiyə üçün xeyirlidir, yoxsa ziyanlı?
- Hələlik baş verənlər göstərir ki, xeyirli bir şeylər yoxdur. Əksinə, məhz parlament seçkilərindən sonra Türkiyədə vəziyyət kəskinləşib, terror hadisələri baş verir, insanlar bundan ciddi əziyyət çəkir. Əlbəttə, xoşagələn hal deyil.

- Bu gərginliyin sonunu necə görürsünüz?
- Gec-tez kürd dövləti yaranacaq.

- Sizcə, Türkiyə buna imkan verər?
- Söhbət ancaq Türkiyədən getmir axı. Söhbət ondan gedir ki, regionun digər dövlətlərində də kürdlər yaşayır. Onlar da bu prosesi uzun illərdir ki aparırlar. Fikrimcə, bunun da müsbət və ya mənfi nəticəsi olmalıdır.

- Ancaq həmin bölgədə milyonlarla türkmən yaşayır və onlar daha pis durumdadır...
- Təbii ki... Ancaq iş ondadır ki, hazırda türkmənlər bölgədə mütəşəkkil bir qüvvə olaraq çıxış etmirlər. Bu səbəbdən onların səsi eşidilmir, rəyləri nəzərə alınmır. Başqa sözlə, türkmən toplumunun iddiaları görünmür. Bəlkə vaxtı gələndə onlar da baş qaldırıb iddialarını ortaya qoya bilərlər.

- ABŞ-İran arasında nəhayət anlaşma oldu, İran üzərindən beynəlxalq sanksiyalar qaldırıldı. Bu durumu necə qiymətləndirirsiniz?
- Bu prosesi müsbət qiymətləndirirəm. Ya müharibə, ya da anlaşma olmalı idi. İran böyük dövlətdir, müstəqil siyasət yürüdür. Qərb ölkələrinin İranla anlaşması regionumuz üçün də müsbət hadisədir. Regionda stabilliyin olması əhəmiyyətli məsələdir. Şübhəsiz ki, İran neftinin dünya bazarına çıxması neft ölkələrinə təsir edəcək. Hələlik konkret nəsə demək olmur, amma yaxın gələcəkdə dünya neft və qaz bazarında dəyişiklik ola bilər.

- Sizcə, bir mərhələdən sonra İranı zəiflətmək üçün əldə olunan razılaşma pozula bilərmi?
- Hazırda dünyada proseslər elə sürətlə gedir ki, uzaq perspektivlə bağlı proqnoz vermək olmur. Amma yaxın illər üçün ciddi bir gərginlik müşahidə edilməyəcək. Sonrakı mərhələ haqqında isə bir söz deyə bilmərəm. Bizim İranla münasibətlərimiz yaxşıdır. Müstəqillik əldə edildikdən sonra münasibətlərimiz inkişaf etdirilib, yaxşılaşdırılıb. Bölgədə sülhün, əməkdaşlığın olması xeyrimizədir.

- Nədən məhz müharibələr, qırğınlar ancaq müsəlman ölkələrində yaşanır?
- Bu da ciddi məsələdir. Çünki bu proses tarixən belə olub. Hər zaman müharibələr məhz müsəlman coğrafiyasında müşahidə edilib. İndi də bu proses davam edir. Görünür, bu ssenarini cızanlar istəyir ki, müsəlman ölkələri güclənməsin, inkişaf etməsin. Eləcə də, burada bir məqsəd də müsəlman ölkələrinin təbii sərvətlərindən başqalarının istifadə etməsi məsələsidir. Düşünürlər ki, millət və xalq nə qədər küt olsa, onlardan istifadə etmək bir o qədər asandır.

- İŞİD deyilən qurumla bağlı müxtəlif fikirlər səsləndirilir. Sizcə, İŞİD-i kim yaradıb və məqsəd nədir?
- Bu qurumu, şübhəsiz ki, yaradıblar. Belə böyük orduya, silaha, bütün avadanlıqlara, maliyyə imkanlarına sahib silahlı birləşmə öz-özünə yarana bilməz. Görünür, bunda da maraqlı qüvvələr var və hansısa ssenariləri həyata keçirmək istəyirlər. Bu da müsəlman dünyasını dağıtmaq, millətləri və dövlətləri bir-birinə vurmaq, ölkələrin inkişafını dayandırmaq məqsədilə ortaya atılan oyundur. İŞİD də gördüyünüz kimi hər yeri dağıdır. İnanmıram ki, İŞİD müstəqil olsun. Onu yaradanlar, arxasında duranlar, maliyyələşdirənlər var.

Nemət


Müəllif:

Oxşar xəbərlər