1 İyun 2016 19:24
1 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran prezidenti Həsən Ruhaninin Mahabad sakinləri qarşısında etdiyi çıxış rezonans doğurub. O bildirib ki, ölkə ərazisində yaşayan bütün milli azlıqların nümayəndələri öz dillərini öyrənmək imkanı əldə etməlidirlər.

H.Ruhaninin fikirlərini şərh etməsi üçün “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi şərhçi Araz Aslanlıya müraciət etdik.

– Araz bəy, Həsən Ruhaninin İranda yaşayan milli azlıqların ana dilində təhsillə bağlı açıqlamasını necə qiymətləndirirsiniz?

– Bu məsələ İran konstitusiyasında tənzimlənib. Çünki hələ şah dövründə bununla bağlı narazılıq, narahatlıq və etirazlar var idi. 1979-cu il inqilabi prosesləri başlayanda şaha qarşı etirazların sosial, dini və digər motivləri ilə yanaşı, milli motivləri də var idi. Təbii ki, bu etiraz edənlər hamısı gözləyirdi ki, şah devriləndən sonra onların gözləntiləri reallaşacaq, arzularına çatacaqlar. Amma bir çox inqilablarda olduğu kimi 79-cu il inqilabından sonra da bir qrup gücləndi, digər qrup sıradan çıxarıldı. Bununla da sadəcə bir qrupun arzuları, hədəfləri reallaşdı. Digər qrupların arzuları reallaşmadı. Baxmayaraq ki, bununla bağlı konstitusiyada konkret maddə var. Yəni, ana dilində təhsillə bağlı məsələlər tənzimlənməli, ana dilini öyrənməklə bağlı hüquqlar qorunmalıdır. Amma bu, təmin olunmur. Müxtəlif dövrlərdə bununla bağlı ehtimallar ortaya atılıb, təşəbbüslər irəli sürülüb. Həm Azərbaycan türkü, həm də digər millətlərdən olan millət vəkilləri bu məsələləri parlamentdə qaldırıb, yaxud müxtəlif yerlərdə səsləndiriblər.

Deyiblər ki, konstitusiyanın 15-ci maddəsində bu var, niyə yerinə yetirilmir? Amma eyni zamanda xatırlayırıq ki, islahatçı imiclə tanınan prezidentliyə namizədlər də, – hansı ki, bunlar bəzi hallarda prezident də ola biliblər –vədlər veriblər. Məhəmməd Hatəmi də, Həsən Ruhani də belə vədlər veriblər. Mirhüseyn Musəvi də həmçinin. Amma istər Hatəminin, istərsə də Ruhaninin vədləri reallaşmadı. Həmin dövrdə deyildi ki, bu, İranın özünün daxili şərtlərindən qaynaqlanır. Hər halda yeni konyunktura üçün Ruhanidən gözləntilər var idi. Seçilməsinin üstündən bu qədər vaxt keçib, indi sadəcə fikirlər deyilir. Yəni, mesaj verilir ki, ölkədə yaşayan bütün milli azlıqların nümayəndələri öz dillərini öyrənməlidirlər. Bunu deyən adam prezidentdir və arzu şəklində cümlə qurub. Ona görə də sual yaranır ki, bu, növbəti dəfə Güney Azərbaycan türklərinin, eləcə də digərlərinin hissləri ilə oynamaqdır, yoxsa real bir addıma işarədir?! Şəxsən məndə bu arzu kimi qalır, amma yenə də tərəddüdlər var.

– Prezidentin belə mövqe tutması növbəti dəfə milli hisslər üzərindən xal qazanmağa xidmət etmirmi?

– Burada xüsusi bir məqam ondan ibarətdir ki, məsələ konstitusiyada onsuz da tənzimlənib. Yəni, iki problem ola bilərdi. Bir; məsələnin qanuni, hüquqi bazası yoxdur və Ruhanidən tələb olunur ki, hüquqi baza yaradılsın. Bunun üçün parlament və başqa hansısa əngəlləri aşmalıdır. Yəni, məsələ konstitusiyada təsbit olunub. Birinci məqam budur. İkinci məqam isə ondan ibarətdir ki, bu nə İslami dəyərlərə ziddir, nə də İranın beynəlxalq təhlükəsizliyi ilə bağlıdır. Deyək ki, nüvə danışıqlarında başa düşdük. Burda bütün imkanlar Ruhaninin əlində deyil. Dövlətdə başqa dairələr var, onlar müəyyən məqamlarda Ruhaninin siyasətinə müdaxilə edirlər və hətta mane ola bilirlər. Amma bu məsələ konstitusiyada təsbit olunub, İslami dəyərlərə zidd deyil.

Yəni, bu istiqamətdə atılmış bir addımı xəyanət kimi qiymətləndirmək mümkün deyil. “Altılıq ölkələri” ilə danışıqlarda nüvə proqramı ilə bağlı hansısa güzəşti, hansısa addımı İrandakı müəyyən dairələr xəyanət kimi qiymətləndirə, Ruhani də bundan çəkinə bilər. Amma dillə bağlı hüquqi baza var və atılan addım xəyanət kimi qiymətləndirilə bilməz. Hər halda yaşayıb görəcəyik. Bəlkə, Ruhani, doğrudan da, hansısa addım atacaq. Amma hazırkı yanaşma, arzu formasında cümlənin qurulmasının özü göstərir ki, ola bilsin müəyyən narazı təbəqəni sakitləşdirmək məqsədi daşıyır. Yaxud, İranın ümumi hədəfləri istiqamətində cəmiyyətin daha çox hissəsini səfərbər etmək, ya da başqa hansısa məqsədlər üçün verilmiş açıqlamaya daha çox oxşayır.

– Həsən Ruhani həmçinin bildirib ki, İran Prezidentinin Administrasiyası Təhsil Nazirliyi ilə birlikdə ölkə konstitusiyasının 15-ci maddəsinin reallaşdırılması məsələsini müzakirə edir...

– Bu, sadəcə əvvəlki açıqlamalardan bir az mahiyyət fərqi yaradır. Əvvəlki açıqlamalar adətən daha ümumi olurdu. Yəni, dünənki açıqlamanın ilk hissəsi kimi olurdu, “öyrənməlidirlər, imkan olmalıdır”-filan. Amma bu “müzakirə edir” sözü özü də reallıq ehtimalını zəiflədir. Təbii ki, müzakirə bir qədər daha mənalıdır. Müzakirə o deməkdir ki, ortada bir şey var. Amma burda “müzakirə edir” ifadəsində qərarlılıq yoxdur. Mən gözləyərdim ki, bu qədər mərhələlər var və indi artıq İran prezidenti daha qərarlı bir ifadə işlədəcək. Deməli idi ki, bizim konkret bir düşüncəmiz, planımız var və bu planı reallaşdırmaq istəyirik.

Amma deyir ki, 15-ci maddənin reallaşdırılması məsələsini müzakirə edirik. Bunun özü İranda konstitusiyaya hansı dərəcədə hörmətlə yanaşıldığının göstəricisidir. Prezident deyir ki, konstitusiyanın bir maddəsinin reallaşdırılmasını müzakirə edirik. Təsəvvür edin ki, konstitusiyanın qəbul olunmasının üstündən nə qədər vaxt keçib, hələ bunun bir maddəsinin reallaşdırılması məsələsini müzakirə edirlər. Halbuki, bunun reallaşdırılması onların borcudur. Yəni, Ruhaninin açıqlamasını qismən irəliləyiş saymaq olar. Ümumilikdə, isə nə konstitusiyaya, nə İranda yaşayan millət və xalqların ruhuna, yəni onların maraqlarının qorunmasına tam uyğun deyil. Əvvəlki açıqlamalarla müqayisədə qismən uğurlu, amma ümumilikdə götürdükdə çox ciddi yanaşma hesab etmirəm.

Səxavət HƏMİD


Müəllif: