29 İyul 2017 16:11
1 707
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri, tanınmış bəstəkar və müğənni Emin Ağalarov Azərtac-a müsahibə verib.

Teleqraf.com müsahibəni təqdim edir.

- Bakıda ikinci dəfədir keçirilən “Jara” Beynəlxalq Musiqi Festivalını müxtəsər olaraq necə səciyyələndirərdiniz?

- Mən Bakıda doğulmuşam, həyatımın böyük hissəsini isə Rusiyada yaşamışam. Ona görə də rus estradasının tanınmış simalarını Bakıya toplamaq mənim üçün çox xoşdur və “Jara” layihəsinin uğurlu alınmasına ürəkdən sevinirəm. “Jara” artıq sadəcə festival deyil, o, böyük musiqi platformasına çevrilib.

Mən doğma Bakıda, çox sevdiyim Xəzər sahillərində böyük musiqi bayramı gözləyirəm. Özüm müğənni olduğum üçün musiqinin insan ovqatına necə təsir etdiyini, həyatımızda necə böyük rol oynadığını duyuram. Hər kəs bu bayramın bitməməsini, davam etməsini istəyir, çünki bu hisslər heç nə ilə müqayisə oluna bilməz.

- “Sea Breeze” istirahət mərkəzi “Jara” üçün gözəl məkandır. Sizcə, bu festivalı daha harada keçirmək olar?

- Mən bu festivalın keçirilməsi üçün alternativ məkan görmürəm. “Sea Breeze Resort” doğrudan da “Jara” üçün ideal yerdir. Etiraf edim ki, “Jara”nın möhtəşəmliyi hətta mənim özümü belə təəccübləndirir.

- Festivalın coğrafiyası getdikcə genişlənir. Maraqlıdır, “Jara”ya daha hansı ölkələrdən iştirakçılar, yaxud mütəxəssislər cəlb oluna bilər?

- Bu il festivalın fəxri qonaqları qismində xarici şou-biznesin tanınmış mütəxəssislərini dəvət etmişik. Hələlik biz postsovet məkanında böyük sürətlə irəliləyirik. Əlbəttə, festivalın coğrafiyasını daha da genişləndirmək haqqında düşünürük. Ümidvaram ki, yaxın gələcəkdə “Jara”ya dünyanın tanınmış ulduzları da qoşulacaq. Biz bu istiqamətdə irəliləməkdə davam edəcəyik. Avropadan başlayıb, Amerikaya doğru hərəkət edəcəyik.

- Sizcə, festivalda Azərbaycan estradasına ayrılan yer yetərlidirmi?

- Azərbaycan müğənniləri konsert proqramlarının hər birində səhnəyə çıxır, festivalda tanınmış estrada ifaçıları iştirak edirlər. Onların sırasında tanınmış mədəniyyət xadimi və müğənni Polad Bülbüloğlu da var.

Mən də özümü Azərbaycan ifaçısı hesab edirəm. İdeyalarımız çoxdur, məqsədimiz “Jara”nı daha unikal etməkdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər