22 İyun 2023 14:54
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Qazaxıstan arasında bir sıra sənədlər imzalanıb.

Nazirlər Kabinetindən Teleqraf.com-a verilən məlumata görə, iyunun 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bakıda rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailov ilə görüşüb.

Hökumət başçıları əvvəlcə təkbətək görüş keçirərək ikitərəfli gündəliyin aktual məsələlərinə toxundular.

Sonra Baş nazirlər Ə.Əsədov və A.Smailov iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüşü davam etdirdilər.

Görüşdə A.Smailovun Qazaxıstanın Baş naziri vəzifəsinə yenidən təyin olunduqdan sonra ilk xarici rəsmi səfərini məhz Azərbaycana etməsindən məmnunluq ifadə olundu.

Qeyd edildi ki, ötən il Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlamətdar olub. Bu illər ərzində iki ölkə bütün sahələrdə konstruktiv dialoq və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına nail olub.

Vurğulandı ki, prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayevin birgə səyləri ilə Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı bu gün bütün istiqamətlər üzrə inkişaf edir və hərtərəfli xarakter daşıyır.

Tərəflər ali səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin iki ölkənin səmərəli əlaqələrinə böyük töhfə verdiyini qeyd etdilər. Azərbaycan Prezidentinin cari ilin aprelində Qazaxıstana uğurlu rəsmi səfəri bunun növbəti təsdiqi kimi qiymətləndirildi.

Səfər çərçivəsində bir sıra vacib sənədlərin imzalanmasının əhəmiyyəti vurğulandı, bunlardan ən mühümünün “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokol”un olduğu bildirildi.

Ə.Əsədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Qazaxıstanda tədbirlərin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə etdi.

Hökumət başçıları Qazaxıstan Prezidentinin Azərbaycana ötənilki rəsmi səfərinin səmərəli nəticələrini də qeyd etdilər. Vurğulandı ki, bu səfər bir sıra çox mühüm sənədlərin imzalanması ilə əlamətdar oldu. Xüsusilə “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” Azərbaycan-Qazaxıstan əlaqələrini keyfiyyətcə yeni səviyyəyə çıxardı.

Qazaxıstan Prezidentinin işğaldan azad edilən Füzuli şəhərində uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin inşası ilə bağlı təşəbbüsünə görə minnətdarlıq ifadə olundu.

Qeyd edildi ki, Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın əsas istiqamətini ticari-iqtisadi əlaqələr təşkil edir. Tərəflər 2022-ci ildə əmtəə dövriyyəsinin əhəmiyyətli şəkildə - təxminən 4,5 dəfə artaraq 600 milyon dollar həddinə çatmasından məmnunluq ifadə etdilər.

İki ölkənin iqtisadi inkişaf səviyyəsi və potensialı nəzərə alınmaqla, yeni göstəricilərə nail olmaq üçün bundan sonra da birgə səylərin göstərilməsinə hazırlıq ifadə olundu.

Ticari-iqtisadi əlaqələrin inkişafı ilə bağlı məsələlərin həllində Birgə hökumətlərarası komissiyanın rolu qeyd edildi.

Nəqliyyat-logistika əlaqələrinə prioritet əhəmiyyət verildiyi bildirildi. Transxəzər beynəlxalq nəqliyyat marşrutunun (Orta Dəhliz) əhəmiyyəti xüsusi qeyd olundu. Ötən il Azərbaycan və Qazaxıstan arasında yükdaşımaların ümumi həcminin təxminən 3 dəfə, tranzit yükdaşımalarının isə 3,2 dəfə artmasından məmnunluq ifadə edildi. Orta Dəhliz üzrə yüklərin nəqlinin artırılmasına dair dövlət başçılarının tapşırıqlarının hökumət xətti ilə icra edilməsinə tərəflərin sadiqliyi ifadə olundu.

Baş nazirlər neft-qaz sahəsində əməkdaşlığın müsbət məcrada inkişafını vurğuladılar, Qazaxıstan neftinin cari ildə Azərbaycan vasitəsilə üçüncü ölkələrin bazarlarına təchizatının başlanmasını məmnunluqla qeyd etdilər.

İki ölkənin kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı əlaqələri müsbət qiymətləndirildi.

Hökumət başçıları, həmçinin bir sıra digər istiqamətlərdə, o cümlədən yüksək texnologiyalar, telekommunikasiyalar və bərpaolunan enerji sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etdilər.

Danışıqların yekunlarına görə Azərbaycan və Qazaxıstan arasında aşağıdakı sənədlər imzalandı:

“AzerTelekom” MMC ilə “Kazakhtelecom” SC arasında Səhmdarlar Müqaviləsi”;

“Azərbaycan Dəmir Yolları” QSC, “Qazaxıstan Dəmir Yolları Milli Şirkəti” SC və “Gürcüstan Dəmir Yolları” SC arasında birgə müəssisənin yaradılması və fəaliyyətinin əsas prinsipləri haqqında Saziş”;

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “KazMunayQaz Milli Şirkət” SC arasında Qazaxıstan neftinin Azərbaycan Respublikasının ərazisindən tranzitinə dair strateji əməkdaşlıq haqqında Memorandum”;

“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında 24 may 2005-ci il tarixli Saziş”in icrası ilə bağlı 2023-2024-cü illər üçün Tədbirlər Planı”;

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında Görüşün Protokolu”;

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə əməkdaşlıq Memorandumu”;

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında gəmilərin və dəmir yolu lokomotivlərinin təchizatı sahəsində əməkdaşlıq haqqında Memorandum”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər