29 Sentyabr 2020 15:10
4 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələrinin 27 sentyabrda törətdiyi hərbi təxribat nə birinci, nə ikinci nə də yüzüncüdür. Bu 30 ilə yaxın dövr ərzində onlar sonsuz sayda belə hərbi təxribat törədiblər. Azərbaycan dövlətində inam var idi ki, nəhayət ATƏT-in Minsk Qrupunun vasitəçiliyi və Beynəlxalq Birliyin təzyiqləri altında Ermənistanın bu təxribatlarına son qoyulacaq, münaqişənin dinc yolla həll yolu tapılacaq. Ancaq bu mümkün olmadı. İlk növbədə dinc yolla tənzimləməyə inam öldü. Buna Beynəlxalq Birliyin, ATƏT-in Minsk Qrupunun biganə, laqeyd, qətiyyətsiz mövqeyi səbəb oldu. Eyni zamanda, Ermənistanın hərbi siyasi hakimiyyəti bütün hədləri aşdı.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Ermənistan təkcə Azərbaycanın hərbi mövqelərini deyil, ilk növbədə dinc əhalinin yaşadığı məskənləri atəşə tutdu:

"Ən çox itki də məhz dinc əhali arasında baş verməyə başladı. Belə vəziyyətdə Azərbaycan Silahlı Qüvvələri əks-hücuma keçməyə məcbur oldu. Bu, müdafiə xarakterli addımdır və Azərbaycan Silahlı Qüvvələri Beynəlxalq Hüquq əsasında özünümüdafiə tədbirlərini həyata keçirməyə başladı. Bu hüququ bizə BMT nizamnaməsinin 51-ci maddəsi verib. Həmin maddəyə görə, ərazisi təcavüzə məruz qalan dövlətin fərdi və kollektiv müdafiə hüququ var. Azərbaycan Silahlı Qüvvələri bu müdafiə hüququndan istifadə edib, düşmənə sarsıdıcı zərbələr vurmaqdadır. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev həm 27 sentyabrda Azərbaycan xalqına müraciətində, həm Təhlükəsizlik Şurasının Toplantısında, həm BMT Baş katibi ilə video-konfrans şəklindəki görüşündə, həm də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsindəki ümumi debatlardakı çıxışında, eyni zamanda Pakistanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən bir daha vurğuladı ki, Azərbaycanın atdığı addımlar müdafiə addımlarıdır. Ermənistan tərəfinin isə hədəfində ilk növbədə Azərbaycanın dinc əhalisi var. Buna dözmək olmaz".

Millət vəkili bildirib ki, Azərbaycan dövləti öz əhalisinin təhlükəsizliyini qorumaq, eyni zamanda suveren hüquqlarını bərpa etmək üçün əks-hücum əməliyyatları həyata keçirir:

"Bölgədə yaranmış gərginliyə, hərbi əməliyyatların başlanmasına görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Bundan qarşı tərəf nəticə çıxarmalıdır. Azərbaycan ordusunun uğurlu əks-hücumları davam etməkdədir. Görünür ki, güc faktoru beynəlxalq siyasətdə həqiqətən də həlledici amildir. Dünənə qədər Azərbaycanı yeni müharibə, yeni ərazi tezisi ilə hədələyən Ermənistanın müdafiə naziri bu gün təhlillə çıxış edərək danışıqlara, kompromisə hazır olduqlarını deyir. Amma İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında vurğuladı ki, yalnız BMT Təhlükəsizlik Şurasının 853-cü qətnaməsində göstərilən Erməni silahlı qüvvələrinin işğal olunmuş əraziləri tərk etməsi üçün göstərilən zaman qrafiki yeniləndiyi zaman Beynəlxalq Birliyin zəmanəti altında Azərbaycan danışıqlara gedə bilər. Yeganə çıxış yolu budur".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər