“Müharibə Ermənistanla sərhəd dirəklərinə çatmayanadək əsla dayandırılmamalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu filosof Ağalar Qut deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağdakı işğal illərdir Azərbaycan cəmiyyətinin psixologiyasına və əhval-ruhiyyəsinə mənsif təsir edirdi:
“Adam öz sevincini bildirəcək sözləri tapa bilməzmiş. Sevinc sözlərə çevrilə bilməyəndə, qışqırığa, əl-qol hərəkətlərinə, göz yaşlarına çevrilərmiş.
Passivizim – hücumçu, işğalçı, ekspansion siyasət anlayışına qarşı çevrilmiş nəzəriyyədir. Misal üçün, passivistləri olmalıdır Rusiyanın, ABŞ-ın, elə Ermənistanın özünün. Yeri gəlmişkən, bizim passivistlər öz fikirlərini erməni xalqına indiyədək nə üçün təbliğ etməyiblər və yaxud indi etmirlər? İkincisi, Azərbaycan düz 26 ildir passivist siyasət yürüdüb, indi qoy, 26 gün də hərbi siyasət yürütsün. Üçüncüsü, o şəxslər ki, passivizmdən danışırlar, bir anlığa özlərinə sual verə bilərlər ki, bəyəm, onlar özləri fərd olaraq və yaxud doğmaları hansısa hücuma, soyğuna, zorlamaya məruz qalsalar, yenə də passiv qalarlarmı? Buna qəti inanmıram. Üstəlik, passivist olmamaq qətiyyən antihumanist, vəhşi, barbar olmaq demək deyil.
Passivizm – yarımdini dünyagörüşüdür, tarixin böyük müqəddəslərinə xas toxluq, şükür, təslim (vu-vey) anlayışıdır. Fəlsəfi mənada azərbaycanlı dünyagörüşündə “füzuliçi” (passivist) vektorla yanaşı, bu vektoru balanslaşdıran “nəsimiçi” (aktivist) vektor da mövcuddur. Məsələn, bizim “Əsli və Kərəm” dastanımız da var, “Koroğlu” dastanımız da. 26 il Kərəm yolu getdik, qoy indi də 26-ca gün Koroğlu yolu gedək.
Mən şəxsən bu mövqedəyəm ki, müharibə Ermənistanla sərhəd dirəklərinə çatmayanadək əsla dayandırılmamalıdır.
Son 30 ildə biz təkcə Qarabağı itirmiş deyildik, eyni zamanda, psixi sağlamlığımızı, düzgün mühakimə yürütmək qabiliyyətimizi, qürurumuzu, milli vəhdətimizi itirmişdik. Böyük tariximizə özgələşmişdik. Ümummilli bədbinlik və bu bədbinlikdən doğulan öz-özümüzə aqressiya və məsxərəçilik bizi hədsiz yorurdu. Gözgörəsi həyasızlığa – “Münaqişənin danışıqlar yoluyla həllindən başqa həlli yoxdur” alçaqlığına – qarşı heç nə edə bilməməkdən doğulan ümummilli qəzəb hissi bizim hər birimizin fərdi müstəvidə düzgün qərarlar çıxarmasına, böyük əsərlərə imza atmasına, nikbinliyinə mane olurdu. İndi bütün bu lənətli proses əksinə çevrilib.
Bayrağımızı tezliklə Xankəndində, Şuşada və digər şəhərlərimizdə görmək arzusuyla”.