İşğalçı Ermənistan hər zaman olduğu kimi mülki obyektləri, insanları hədəf seçir. Cənab Ali Baş Komandan da işğalçılara açıq mesaj göndərdi ki, üz-üzə döyüş əməliyyatları aparaq. Sözsüz ki, elə bir gücdə olmayan işğalçı Ermənistanın hərbi statusa malik olmayan obyektlərə zərbə vurmağa çalışır. Eyni zamanda düşmən 90-ci illərdəki riyakar təcrübələrindən yararlanmaq istəyindədir. Onlar düşünür ki, yenidən mülki insanlar arasında qorxu, vahimə yaratmaqla çirkin niyyətlərinə nail olacaqlar.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.
O bildirib ki, işğalçı Ermənistandan fərqli olaraq, 30 ilə yaxın bir müddətdə Azərbaycanda çox böyük dəyişikliklər baş verib:
"Riyakar düşmənin düşüncəsinin əleyhinə olaraq bu gün xalqımız ancaq Qarabağın azadlıq əzminə köklənib. 90-ci illərdən fərqli olaraq artıq cəmiyyətimiz düşmənin heç bir təxribatına inanmır və əksinə olaraq buna öz adekvat reaksiyasını bildirir".
İlham Məmmədov vurğulayıb ki, Ermənistanın mülki obyektlərə artilleriya hücümları onun hazırkı durmunu ifadə edir:
“Düşmən Gəncəni, Mingəçeviri və digər mühüm strateji əhəmiyyətə malik yaşayış məntəqələrini ardıcıl olaraq artilleriya atəşinə tutur. İşğalçı ölkənin cinayətkar rəhbərləri düşünür ki, Azərbaycanın mühüm mülki obyektlərinə zərbə vurmaqla əhali arasında panika və qorxu yaratmağa nail olacaqlar. Ötən gün Ermənistan digər yaşayış məntələrimiz kimi, Yevlax rayonuna da artilleriya hücumu həyata keçirib. Ermənilərin əsas hədəfi Yevlax rayonu ərazisindən keçən starteji əhəmiyyətli boru xətləridir. Silahlı Qüvvələrimizin əks-tədbirləri nəticəsində düşmənin bu iyrənc niyyəti baş tutmayıb. Düşmən artıq məğlub durumda qaldığı üçün bu cür cinayətkar üsullara əl atır. Bu hərb qanunları, müharibə prinsiplərinə zidd bir addımdır. Bununla bağlı beynəlxalq birliyin konkret mövqeyi olmalıdır”.
Yevlaxlı millət vəkilinin sözlərinə görə, Ermənistan tərəfindən Yevlaxa atılan raket yaşayış məntəqələrindən uzaq məsafədə zərərsizləşdirilib:
“Düşmən Yevlaxdan keçən mühüm strateji, beynəlxalq əhəmiyyətli boru kəmərini sıradan çıxarmaq məqsədi güdürdü. Silahlı Qüvvələrimiz adekvat addımlar ataraq, bu iyrənc planın qarşısını alıb və düşmənə sarsıdıcı zərbə vurulub. Hazırda rayonda yüksək əhval-ruhiyyə mövcuddur. Yevlaxlılar hər saniyə cəbhədən gələn qələbə xəbərlərini gözləyirlər. Ölkəmizin hər yerində olduğu kimi Yevlaxda da Ali Baş Komandana, Ordumuza böyük inam, qələbə ruhu var. Düşmənin atdığı hər hansı bir mərmi yevlaxlıları qətiyyən qorxutmur. Rayonda əli silah tutan hər bir kəs Ali Baş Komandanın əmri ilə düşmənə zərbə vurmağa hazırdır”.