27 Oktyabr 2020 22:56
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ münaqişəsi dini və etnik baxımdan sivilizasiyaların toqquşması deyil”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Azər Qasımlı deyib.

Ekspert Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı son durumdan danışıb:

“Ərazi bütövlüyümüzün bərpa edilməsi üçün başladılan əməliyyatların bir ayı tamam olur. Bu bir ay ərzində 4 şəhər, 4 qəsəbə və 165 kənd, Murovdağ zirvəsi və bir sıra yüksəkliklər işğaldan azad edilib. Bu, mükəmməl nəticədir.

Qarabağ müharibəsi bizim üçün Vətən müharibəsidir. Ermənistan rəhbərliyinin təsvir etdiyi kimi nə dini münaqişədir, nə də etnik konfliktdir. Azərbaycana açıq və ya diplomatik dəstək verən ölkələr də məlumdur. Həmin ölkələrə diqqət edin: Türkiyə, İsrail, Ukrayna, Pakistan. Müsəlman-türk və müsəlman-indus, yəhudi, xristian-slavyan…

Diplomatik dəstək verən Almaniya və Böyük Britaniya da var. Hər iki ölkə Azərbaycanın ərazi bütövlüyünü bəyan edən BMT-nin 4 qətnaməsinin qeyd-şərtsiz yerinə yetirilməsini tələb edən ölkələrdir. Almaniya Avropa İttifaqının iqtisadi lokomotivi və siyasi baxımdan açar ölkəsidir. Britaniya isə dünyanın maliyyə və siyasi güc mərkəzlərindən biridir. Hər ikisi avropalı və xristian ölkəsidir.

ABŞ dolayı yolla dəstək verir. Bu ölkə Minsk qrupunun həmsədrlərindən biridir və bir aydır ki, məsələ ilə bağlı gözləmə mövqeyindədir. Belə hallarda ABŞ kimi ölkələrin susması da dəstəkdir.

Bəs digər türk və müsəlman dövlətləri niyə susur? Onlar ki, Minsk qrupunun həmsədrləri deyil ki, tərəfsiz qalsınlar və ya tərəfsiz kimi görünməyə çalışsınlar. “Qarabağ güzgüsü” bir daha onu göstərdi ki, müasir dünyada xarici siyasətdə din və etnik faktor əsas deyil. Dini və etnik mənsubiyyəti alətə çevirmək istəyən Ermənistanın siyasi və dini rəhbərləri orta əsrlərdə, tarixdə ilişib qaldıqlarını bütün dünyaya nümayiş etdirdilər. Qarabağ münaqişəsi dini və etnik baxımdan sivilizasiyaların toqquşması deyil. Bu münaqişə geridə qalmışlıqla müasirliyin, hüquqla tarixi mifologiyanın və həyasızlığın mübarizəsidir. Qarabağ Azərbaycandır!”.


Müəllif: Mənsur Rəğbətoğlu