Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal altında qalan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini, Qarabağın incisi olan Şuşa şəhərini işğaldan azad etdi.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə Ermənistanın sülhə məcburetmə çərçivəsində imzaladığı bəyanat sazişini şərh edərkən deyib.
O bildirib ki, imzalanmış bəyanat Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutudur:
“Beləliklə, 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Tarixi qələbə milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi. Artıq dünya, liderimiz və xalqımız arasında necə möhkəm və sarsılmaz inamın olduğunun şahidi oldu. Ermənistan ordusunun müzəffər Azərbaycan Ordusunun qarşısında aciz qalaraq məğlubiyyətə düçar olması bölgənin həqiqi və real güc sahibini təsbit etmiş oldu. Torpaqlarımız uğrunda canını, qanını fəda edən qəhrəman oğullarımızın, terror qurbanı olan mülki vətəndaşlarımızın qisası alındı.
Tarixi qələbənin mənbəyi xalqımızın həmrəyliyi, Cənab Ali Baş Komandanın yumruğu ətrafında sıx birləşən insanlarımızın inamı, Azərbaycan ordusunun məğlubedilməzliyi hünəri və qətiyyəti idi”.
Yusif Bağırzadənin sözlərinə görə, bəyanatda yer alan ən önəmli məqam ondan ibarətdir ki, burada Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur:
“Bu, Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutudur. Sənəddə yer alan digər önəmli məqam isə Naxçıvanın blokadadan azad olunması ilə bağlıdır. Belə ki, Rusiya tərəfi Ermənistan ərazisi üzərindən Naxçıvan ilə dəhlizin yaradılmasını öz üzərinə götürür. Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla əlaqəsinin Cənab Ali Baş Komandanımızın təkidi ilə bəyanatda təsbit edilməsi bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradılmasına səbəb olmasıdır.
Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bu qələbə xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Dünya gördü ki, məğlubiyyətlə heç vaxt barışmayan Azərbaycan xalqı öz qələbəsini döyüş meydanında əldə etdi”.