14 Yanvar 2021 17:28
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük vətən müharibəsi... 2805 bədəndən ayrılan can, 2805 gözü yaşlı ailə. Vətən müharibəsinin cəsur qəhrəmanları 30 ildən sonra ərazi bütövlüyümüzü bərpa etmək üçün canlarını qurban verdilər.

Onlardan biri də 23 yaşında həyatla vidalaşan Həsən Qasımovdur.

Həsən 21 sentyabrda vətənin çağırışına səs verərək, döyüşə yollanıb. Həyat yoldaşı Aytəkin Qasımova deyir ki, onunla sonuncu dəfə 8 oktyabrda danışa bilib:

“Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Gündə zəngləşirdik. Amma oktyabrın 8-dən sonra əlaqəmiz kəsildi. 26 oktyabrda Cəbrayıl uğrunda döyüşlərdə şəhid olub. Noyabrın 7-də elə doğulduğu Hacıqabulun Tağlı kəndində torpağa tapşırdıq”.

Zəhmətkeş və məsuliyyətli olan qəhrəmanımız işlədiyi yerdə həm müdiriyyət, həm də işçilər tərəfindən çox sevilib. Həyat yoldaşının sözlərinə görə, Həsən gələcəkdə ata olsa, övladının da özü kimi valideynlərinə hörmət edib, onları çox sevməsini arzulayırmış:

“2016-2017-ci illərdə Goranboyda həqiqi hərbi xidmət keçmişdi. Ən böyük arzusu kəndlərində məscid tikdirmək idi”.

Şəhadətə qovuşan qəhrəmanımız Həsən döyüşlərdən sonra “Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Həsən Qasımov və onun timsalında bayrağımızı ucaldan bütün şəhidlərimizin qarşısında baş əyirik...


Müəllif: Aysel Azad

Oxşar xəbərlər