“Torpaqlarımızı işğalda saxladıqları 30 ilə yaxın dövrdə ermənilər harada gəldi minalar basdırıblar. Onlar bilirdilər ki, nə vaxtsa Azərbaycan öz ərazilərini geri qaytaracaq və bu problemi də öz düşmənçliklərini nümayiş etdirərək düşünülmüş şəkildə ediblər”.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.
Deputat bildirib ki, ermənilərdə minalanmış ərazilərin xəritələri mövcuddur:
“Əgər xəritələr mövcud olmasaydı, bu illər ərzində çoxlu erməni minaya düşərək məhv olardı. Belə hallar bu illərdə baş verməyibsə, mütləq şəkildə minalanmış ərazilərin xəritələri olub və qəsdən bizə verilmir. Bu, beynəlxalq konvensiyalara da ziddir və növbəti hərbi cinayətin davamıdır. Əgər minalanmış ərazilərin xəritələri əlimizdə olsaydı, bu işi tez başa çatdırmaq olardı. Amma xəritələr əlimizdə olmadığından 10 minlərlə kvadrat km ərazilərimizin hər santimetrini yoxlamalayıq. Torpaqlarımız işğaldan azad olunsa da, bu ərazilərin minalardan təmizlənməsi uzunmüddətli və əziyyətli bir prosesdir. Minalardan təmizlənmə işi ilə məşğul olan insanların həyatı hər zaman təhlükə altındadır. Amma bütün bu təhlükələrə baxmayaraq onlar maksimum zəhmət qoyaraq bu işi tez başa çatdırmaq üçün çalışırlar”.
Azər Badamovun sözlərinə görə, bu, minalanmış ərazilərə özbaşına səfər edən şəxslərin həyatları üçün təhlükə mənbəyidir:
“Məhz ona görə də minaya düşərək mülki insanlardan 20 nəfər dünyasını dəyişib, 100 yaxın isə yaralanıb. Məcburi köçkünlərimizin doğma yurd həsrəti başadüşüləndir. Onlar 30 ildə öz yurdunu yenidən görmək arzusuyla yaşayıblar. Hətta öz doğma kəndini, şəhərini görmək arzusu ürəyində qalıb dünyasını dəyişmiş çox insan var. Bu gün Qarabağımız azaddır. Sadəcə o ərazilərdə təhlükəsizlik təmin olunana qədər səbirli olmalıyıq. Qeyri-qanuni yollarla gedənlərin taleyinin şahidiyik. Biz o torpaqları yaşamaq üçün azad etmişik, minaya düşüb ölmək üçün yox. Ona görə də dövlətimiz icazə verənə qədər azad olunmuş ərazilərə özbaşına səfərlərdən qaçmalıyıq”.