Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Hicran xanım, son günlər ölkə həyatında bir sıra mühüm əlamətdar tarixi hadisələr baş verir. Hazırkı durumda Azərbaycanın regional və beynəlxalq müstəvidəki rolunu necə qiymətləndirirsiniz?
- Azərbaycan hazırda özünün ən mühüm tarixi mərhələsini yaşayır. Baş verən proseslər isə bütövlükdə böyük bir siyasi-iqtisadi və tarixi hadisənin ayrı-ayrı hissələridir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət vahid və sistem xarakterlidir. Bu mənada dövlət başçısının mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfərini də xüsusilə vurğulamaq olar. Bu, cənab Prezidentin Naxçıvana sayca 15-ci səfəri idi. Bu səfərlər sadəcə protokol xarakteri daşımayıb. Hər bir səfər taleyüklü problemlərin həllinə xidmət edib. Eyni zamanda regionda maraqlı qüvvələrə xüsusi mesajlar verilib. Naxçıvan son 20 il ərzində iqtisadi artımın templərinə görə ən öndə dayanan bölgələrimizdəndir. Muxtar Respublikada ümumi daxili məhsul 10 dəfədən çox artıb. 2000-ci illərin ikinci yarısından etibarən Naxçıvan büdcəsi Ermənistanın büdcəsi ilə müqayisə olunmağa başlayıb. Eyni zamanda Naxçıvanın hərbi potensialı artıb. Hərbi aerodromun və hərbi hospitalın açılışı Naxçıvanın təhlükəsizliyinin təmin olunması işinin təşkilində əlamətdar hadisədir. Naxçıvanın təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi var. Çünki hərbçilərin indi xidmət şəraiti yaxşılaşır, yeni hərbi hissələr tikilir. Son illər ərzində Naxçıvanda bütün hərbi hissələr yenidən quruldu və olmayan bir çox hissələr yaradıldı. Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı da əlamətdar hadisədir. Çünki bu, Naxçıvan Muxtar Respublikasının ən böyük tibb müəssisəsidir, çarpayıların sayına görə Mərkəzi Xəstəxanadan da böyükdür. Xüsusilə qeyd edək ki, Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılması mühüm əhəmiyyət kəsb edir. Ermənistanın Vətən müharibəsi dövründə “ikinci cəbhə” açmaq həvəsini yerindəcə boğulmasını təmin edib. Ordu tam NATO (türk ordusu) standarlarına keçmiş xüsusi statuslu hərbi vahiddir. Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir. Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var. İkinci Qarabağ müharibəsində Naxçıvan hərbçiləri, xüsusi təyinatlılar və digər birləşmələrin hərbçiləri fəal iştirak edib. Günnüt əməliyyatı Naxçıvan Ordusunun əsl potensialını göstərən bir faktd oldu.
- Cənab Prezidentin məhz Naxçıvandan ünvanlandığı mesajların əhəmiyyətini necə şərh etmək olar?
- Cənab Prezident İlham Əliyev həm Azərbaycan ictimaiyyətinə, həm də dünyaya bir daha bəzi məsələlərlə bağlı qəti fikir bildirdi. Bu, əlbəttə ki, 44 günlük Vətən müharibəsindən sonra yaranmış vəziyyət və səslənən fikirlərlə bağlı idi. Ölkə başçısı bir mənalı olaraq qeyd etdi ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Bu münaqişə artıq həll olunub. Revanşist fikirlər Ermənistanı daha acınacaqlı vəziyyətə sala bilər. Cənab Prezident bir daha bəyan etdi ki, əgər onlar hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar. Heç kim onları müdafiə edə bilməz. Bu, həm də ermənilərin havadarlarına edilən xəbərdarlıq idi.
- Zəngəzur dəhlizinin tarixi, siyasi, mənəvi, iqtisadi əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Zəngəzur dəhlizinin açılışı məsələsi strateji əhəmiyyət daşıyır. Ölkə başçısı bildirdi ki, Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Bu dəhliz mütləq açılacaq. Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Aparılan işlər ondan xəbər verir ki, Azərbaycan öz üzərinə düşən vəzifələrini yerinə yetirir, bəyanatın bütün bəndlərinin ardıcıl və düzgün yerinə yetirilməsində maraqlıdır. Digər tərəf də öhdəliklərini həyata keçirməlidir. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq.
- Bəzi qüvvələr və dövlətlər yenidən bölgədə sabitliyin pozulmasında maraqlı görünür. Bu cür mərkəzlərin məqsədləri nəyə hesablanıb?
- Mühüm məsələ Azərbaycanı istəməyən dövlətlərin ölkəmizin milli maraqlarına qarışmasıdır. Cənab Prezident çox qəti şəkildə bildirdi ki, Azərbaycan münaqişənin müqqədaratını müstəqil şəkildə həll etmək iqtidarındadır. Ölkəmizin milli maraqları toxunulmazdır. Azərbaycan 2020-ci il noyabrın 10-na qədərki dövlət deyil. Hər hansı ölkələr bizə hansısa tövsiyələr verə bilməz. Ölkə başçısı bəzi siyasətçilərin Dağlıq Qarabağın, olmayan qurumun statusu haqqında fikirlərinə də münasibət bildirərək, qeyd etdi ki, əgər kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, mən etiraz etmirəm, amma öz ölkəsində onlar üçün yaxşı bir yer seçsin. O yerlər artıq çoxdan erməni diasporu tərəfindən zəbt edilib. Orada bir muxtariyyət versin, ya müstəqillik versin. Bununla da cənab İlham Əliyev həmin ölkələrin nəzərinə çatdırır ki, erməni diasporunun əlində alətə çevrilməkdənsə, həm öz dövlətinizin, həm də bölgənin maraqlarını əsas götürsünlər. Əfsuslar olsun ki, bəziləri hələ də noyabrın 10-da imzalanmış bəyanatı “Atəşkəs haqqında sənəd kimi” qələmə verir. Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə bu məsələyə münasibət bildirən ölkə başçısı qeyd etdi ki, bu, təkcə atəşkəs haqqında sənəd deyil, bəziləri bunu belə qələmə vermək istəyirlər. Açsınlar gözlərini baxsınlar, orada neçə maddə var. Atəşkəs haqqında sənəddə bir maddə olur - atəşkəs, vəssalam. Ona gör də bu gün bəzi təhlükəli yanaşmalara, ifadələrə rast gəlirik, bəzən buna fikir vermirik, ancaq hər bir ifadənin öz siyasi mənası və ağırlığı var. Bu baxımdan da belə həssas məqamda hər birimiz bu məsələyə ciddi fikir verməliyik. Xüsusilə də beynəlxalq səviyyəli görüşlərdə, konfrans və dinləmələrdə, hazırlanan sənədlərdə yazılan ifadə və fikirlər diqqətdə saxlanılmalıdır.
- Cənab Prezident mayın 10-da Bakıda Ulu öndərin, Naxçıvanda isə babasının məzarını ziyarət etdi...
- Bilirsiniz, müasir Azərbaycan tarixində, eləcə də bu gün bütün istiqamətlər üzrə uğurların əldə olunmasında Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. O, bütün həyatını Azərbaycanın inkişafına həsr edib. Hər bir zaman Vətəni, torpağı üçün mübarizə aparan bu tarixi şəxsiyyətin irsi tədqiq olunmalıdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan 1970-ci illərdə ayağa qalxdı. Ən geridə qalmış müttəfiq sovet respublikasından ən qabaqcıl respublika səviyyəsinə ucaldı. Onun rəhbərliyi ilə Naxçıvanda naxçıvanlılar erməni işğalının qabağını ala bildilər. O dövrlər Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsi ilə əlaqəni itirmişdi. Ermənilər Naxçıvanı blokadaya almışdı. Üç tərəfdən Naxçıvan Ermənistanla əhatə olunur. Belə bir vəziyyətdə Naxçıvanı qorumaq, müdafiə etmək və düşməni yerinə oturtmaq Ulu öndərin müstəsna xidmətləri sayəsində mümkün olub. 1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Ulu Öndərin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax, o vaxt qoyulub.
- Dövlət başçısı mayın 10-da Rusiyanın Xarici işlər naziri Sergey Lavrovu qəbul etdi. Bir sıra məsələlərlə bağlı müzakirlər və gözləntilər vardı. Regional məsələlərin həllində qarşılıqlı münasibətlərin hazırkı səviyyəsini necə dəyərləndirmək olar?
- Prezident İlham Əliyev Rusiya ilə qonşuluq və strateji əməkdaşlıq məsələlərini önə çəkərək bir ortaq maraqları qeyd edib. Həmçinin, bəzi məsələləri də Rusiyanın xarici işlər nazirinə çatdırmaqla, bir daha Azərbaycanın mövqeyi önə çəkilib. Azərbaycanın hər zaman humanizm prinsiplərinə sadiq olduğunu bildirən ölkə başçısı, eyni zamanda, buna qarşı tərəfin sui-istifadə etməsinə mənfi reaksiya verib. Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir. Hərbi əməliyyatlar başa çatandan sonra müharibənin yekunlarına əsasən bütün hərbi əsirlər təhvil verilib. Eləcə də keçən 6 ay ərzində sülhməramlılarla və erməni tərəfin nümayəndələri ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə həlak olmuş 1600-ə yaxın erməni hərbçinin cəsədi də qaytarılıb. Buna baxmayaraq Birinci Qarabağ müharibəsindən sonra bütün işğal illəri ərzində erməni tərəfi itkin düşmüş azərbaycanlı hərbi qulluqçulardan heç birinin cəsədini bizə verməyib. Azərbaycan tərəfindən belə hərbi qulluqçuların sayı isə 4 minə yaxındır. Amma Azərbaycan vəziyyətin normallaşmasına yönəlmiş xoşməramlı addımlar atır. Bununla bərabər, Ermənistanda baş verən hadisələrlə, məhz artmaqda olan azərbaycanofobiya meyilləri hələ da var. Və cənab İlham Əliyev qeyd etdi ki, bu, Ermənistanda hakimiyyəti və müxalifəti birləşdirən yeganə amildir. Anti-Azərbaycan isteriyası əsassız olaraq artıq bütün hədləri keçir. Azərbaycan ermən tərəfinin törətdiyi bütün dəhşət və terror hadisələrinə rəgmən sülh naminə yeni səhifədən başlamaq üçün addımlar atır. Erməni işğalının ağır dağıdıcı nəticələrinə baxmayaraq, Azərbaycan sağlam düşüncə və gələcək barədə fikirləşməyin zəruri olduğunu nümayiş etdirir. Ermənistanda olan bəzi qüvvələr Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərinin yenidən işğal etməyin mümkünlüyü barədə bəyanatları əlbəttə ki, çox təhlükəlidir. İlk növbədə bu, Ermənistan üçün təhlükədir. Ona görə ki, bu nifrət və azərbaycanofobiya siyasətinin nəyə gətirib çıxarmasını İkinci Qarabağ müharibəsi əyani şəkildə nümayiş etdirdi. Məhz bu səbəbdən də Azərbaycanın Rusiya ilə bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparacaq. Burada Rusiyanın daşıdığı məsuliyyət də bir daha xatırladılmış oldu.
- Şuşada “Xarıbülbül” festivalı keçirildi. Bu möhtəşəm festivalda Azərbaycanın çoxkonvensiyalı, mültikultural dövlət olduğu nümayiş edildi. Mədəniyyət paytaxtında yenidən bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Bu böyük tarixi bir hadisədir. Bu o deməkdir ki, bundan sonra Qarabağda ancaq bayramlar, festivallar, mədəniyyət tədbirləri keçiriləcək. Bu gün hər birimiz fəxr hissi keçiririk. Cənab Prezident dedi ki, Cıdır düzündə-hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Bu fikirlərinin hər birinin mənası var. Xalqımız hər zaman müsiqiyə, incəsənətə xüsusi diqqət yetirib. Azərbaycanda dünya şöhrətli müsiqiçilər, bəstəkarlar, müğənnilər, xanəndələr məhz Qarabağda, Qafqazın konservatoriyası sayılan Şuşada yetişib. İşğaldan əvvəl burada Şuşada “Xarıbülbül” festivalı keçirilirdi. Uzun illər idi ki, bu tədbir də erməni vandallarının terroruna məruz qalmışdı. Artıq o da Şuşa kimi, Cıdır düzü kimi azaddır.
- Cənab Prezident "Xarıbülbül" festivalının şəhidlərimizə və milli birliyimizə həsr olunduğunu bildirdi. Festivalın daşıdığı mədəni, ictimai siyasi yükü necə qiymətləndirirsiniz?
- Azərbaycan tarixən milli və dini baxımdan həmişə tolerant bir ölkə olub. Xalqımızın tolerant bir xalq olduğunu, həm tarixi mənbələr, həm də müxtəlif vaxtlarda ölkəmizə gələn xarici qonaqlar təsdiq edib. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq konsepsiyasına uyğun olaraq ölkədə dövlət-din münasibətlərinin, millətlərarası və dinlərarası dialoqun genişlənməsi üçün əlverişli şərait yaradılıb. Bu sahədə beynəlxalq hüquq normalarına uyğun qanunvericilik bazası bərqərar olub. Müdrik siyasi-mənəvi xətt bu gün cənab Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir, zənginləşdirilir. Cənab Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən müxtəlif səviyyəli tədbirlər Azərbaycanı regionda və dünyada tolerantlıq nümunəsinə çevirib. Eyni zamanda, Azərbaycanın bu təcrübəsi dünyada gedən proseslərə müsbət töhfələr verir. Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. İstər I Qarabağ, istərsə də II Qarabağ müharibəsində bütün xalqların nümayəndəsi Vətəni qorumaq, erməni işğalından azad etmək üçün mübarizə apardı. Bu günda dünyada baş verən proseslərinin fonunda Azərbaycan həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, multikulturalizmi və müxtəlif xalqların birgəyaşayışını təbliğ etməklə dünyaya bir nümunə təqdim edir.