20 May 2021 10:40
4 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

(Əvvəli burada)

Heydər Əliyev müsahibə zamanı 70-80-ci illərdə DQMV-nin sosial-iqtisadi inkişafının yüksək tempini sübut edən konkret faktlar gətirir: “Sosial-iqtisadi inkişaf baxımından DQMV Azərbaycan və Ermənistanın orta respublika göstəricilərini keçmişdi. Vilayətin iqtisadiyyatı tam olaraq məhz 70-80-ci illərdə inkişaf etdirildi. Vilayətin mərkəzinədək dəmir yolu çəkildi, Stepanakertdə gözəl vağzal inşa olundu, yeni hava limanı tikildi. Biz Stepanakert, Bakı və Yerevan arasında müntəzəm uçuşlar təşkil etdik. Mən Dəmirçiyana zəng etdim və biz uçuşların “Aeroflot Azərbaycan” və “Aeroflot Ermənistan” tərəfindən həyata keçiriləcəyi barədə razılığa gəldik, - görürsünüzmü, biz bu məsələləri hansı xırdalıqlarına qədər düşünürdük. Böyük müəssisələr yaradıldı: ayaqqabı fabriki, elektrotexnik zavodu, elektron sənaye üçün kondensatorlar zavodu, kənd təsərrüfatı üçün maşınlar istehsalı və digərləri. Kənd təsərrüfatı sahəsində də əhəmiyyətli tədbirlər görülüb.

İki böyük su anbarı və su elektrik stansiyası, suvarma kanalları inşa etdik. Bu da iki rayonun su təchizatını xeyli yaxşılaşdırdı. Üzüm istehsalı 70-ci illərin əvvəllərindəki 50-60 min tondan 1980-ci ildə 120-130 min tona yüksəldi. Heyvandarlıq istehsalı demək olar ki, iki dəfə artdı. 170 min nəfər əhalisi olan kiçik vilayət üçün bu az deyil. Sosial-mənəvi sahədə də çox işlər görüldü. Biz Stepanakertdə pedaqoji institut yaratdıq. Belə böyük olmayan vilayətdə buna ehtiyac olmaya bilər, ancaq biz yaradıcı ziyalıların istəklərini qarşılamağa getdik. Tədris erməni dilində aparılırdı. Mən artıq yaşayış evləri, məktəblər, poliklinikalar tikildiyini söylədim; dram teatrı yenidən quruldu və yeni avadanlıqlarla təchiz edildi. Böyük bir Siyasi Maarif Evi tikildi, şəxsən mən inşaat zamanı orada idim. Yeni abidələr açıldı...

Çoxlu incəsənət xadimləri Azərbaycanın xalq və əməkdar artisti adlarına layiq görüldülər. Hər il DQMV-dən gənclərin Azərbaycanın və ölkənin ali təhsil məktəblərinə müsabiqədənkənar qəbulu aparılırdı. Şuşa şəhərində böyük kilsə var idi. O, 1918-ci ildə dağıdılmışdı. Biz onu tamamilə bərpa etdik, Ermənistandan ustalar dəvət etdik. DQMV-nin Ermənistanla mədəni əlaqələri xeyli aktivləşdi və biz buna imkan yaratdıq. Muxtar vilayətə tez-tez Ermənistanın nazirlik və idarələrinin rəhbərləri, teatr və konsert briqadaları, mədəniyyət xadimləri, alimlər gəlirdi. Hər hansı məhdudiyyət barədə bütün deyilənlər əsassızdır”.

1973-cü ilin oktyabrında Heydər Əliyev Dağlıq Qarabağ Muxtar Vilayətinin Sov.İKP Mərkəzi Komitəsinin, SSRİ Nazirlər Sovetinin, Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Sovetinin və Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin keçici “Qırmızı Bayraq” ordeni ilə təltif olunması münasibətilə Stepanakertə gəlir. Bir ay sonra isə Heydər Əliyev muxtar vilayətin 50 illiyi münasibətilə Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin və Vilayət Deputatlar Sovetinin təntənəli iclasında iştirak edir. Bu tarixin şərəfinə DQMV “Lenin” və “Xalqlar Dostluğu” ordenləri ilə təltif edilir. Sonralar bəzi yerli diletantlar Heydər Əliyevi DQMV-nin inkişafına böyük diqqət yetirməkdə ittiham edirlər.

23 fevral 2001-ci il tarixdə Milli Məclisin iclasında çıxışı zamanı Prezident Heydər Əliyev bu hücumlara cavab verdi: “Mən respublikanı idarə etdiyim zaman, – bunu açıq etiraf etmək lazımdır, – biz Dağlıq Qarabağ üçün daha əlverişli iqtisadi şərait yaratdıq, onun iqtisadiyyatının inkişafına üstünlük verdik. Daim məsələ qoyulurdu ki, guya Dağlıq Qarabağ Azərbaycanda sıxışdırılıb və ermənilər orada inkişaf edə bilməyiblər. Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün, o zaman, təkrar edirəm, Dağlıq Qarabağa daha çox diqqət yetirirdik. Mən bu gün etiraf edirəm ki, bunu Dağlıq Qarabağın və ermənilərin bu məsələni qaldırmasına imkan verməmək üçün etmişəm”.

***

1960-80-ci illərdə Azərbaycan SSR-in sosial-iqtisadi həyatında baş verən obyektiv proseslər bölgədə demoqrafik dəyişiklikləri şərtləndirir. 1970-ci ildə vilayətin əhalisinin sayı müharibədən əvvəlki səviyyənin bərpası və daha da artması ilə xarakterizə olunur. Eyni vaxtda vilayətdə azərbaycanlıların sayında artım baş verir ki, bu da təkcə ermənilərlə müqayisədə azərbaycanlılar arasında doğumun yüksək nisbəti ilə deyil, həm də ermənilərin DQMV-dən miqrasiyasının artması ilə əlaqələndirilməlidir.

Belə ki, 1970-1979-cu illərdə DQMV-nin əhalisi 12 min nəfər artır və bu artımda ermənilərin payı cəmi 2 min, azərbaycanlılar isə 10 min nəfər təşkil edir. DQMV-dən ermənilərin miqrasiyasının səbəbləri və xarakteri barədə deyə bilərik ki, bu əsasən urbanizasiya prosesləri ilə əlaqədardır. Əgər 60-cı illərədək vilayətdən ermənilərin miqrasiyası əsasən Bakıya və Azərbaycanın digər sənaye mərkəzlərinə idisə, 60-80-ci illərdə bu köç artıq Azərbaycan sərhədlərindən çıxır: onlar əsasən Ermənistana gedirlər.

DQMV-dən ermənilərin köç istiqamətində müvafiq dəyişiklik 50-ci illərin sonlarında start götürməyə başlayan Azərbaycanda yeni milli inkişaf prosesləri ilə əlaqələndirilə bilər. Məhz 1959-cu ildə kolxozçulara pasportların verilməsi və kənd sakinlərinin şəhərlərə köçməsinə qoyulan qadağanın ləğvi ilə əlaqədar olaraq, 60-cı illərin əvvəllərindən Azərbaycanda kəndlilərin respublikanın şəhərlərinə, əsasən Bakıya kütləvi köçü başlayır. Bu, rus dilini tədricən əvəz edən Azərbaycan dilinin fəaliyyət sahəsinin əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb olur.

Respublikadan miqrasiya etmək istəməyən, yaxud buna imkanı olmayan şəxslər respublikanın həyatında əhəmiyyəti kəskin artan Azərbaycan amilinə adaptasiya problemini özləri üçün həll etməli idilər. Bütövlükdə bu milli inkişaf prosesi Azərbaycanın erməni əhalisi, o cümlədən DQMV üçün iki tendensiyanın inkişafını şərtləndirir.

Bir tərəfdən ermənilərin azərbaycanlılarla münasibətlərdə əsasən İrəvandan körüklənən gərginlik artmağa başlayır. Digər tərəfdən ermənilərin DQMV-dən miqrasiya istiqaməti dəyişir. Ancaq sonuncu proses könüllü xarakter daşıyır və respublika rəhbərliyinin, yaxud Azərbaycan əhalisinin hər hansı məqsədli təzyiqi ilə baş vermir.

Ermənilərin məhz Ermənistana miqrasiya etməsini, ilk növbədə, dil faktoru stimullaşdırır. Rusdilli ermənilərin əksəriyyəti isə Ermənistana deyil, Rusiyaya və SSRİ-nin Avropa hissəsinin digər rusdilli regionlarına köçürlər. Aydın məsələdir ki, bu cür miqrasiya erməni əhalisinin doğum səviyyəsinə və təbii artımına mənfi təsir göstərir.

Eyni zamanda bu proseslərə paralel olaraq DQMV-də azərbaycanlı əhalinin sayında yalnız təbii deyil, həm də mexaniki artım baş verir. Azərbaycanlılar əsasən qonşu rayonlardan muxtar vilayətə gəlirlər. Əgər 1970-1979-cu illərdə Azərbaycanda azərbaycanlıların sayı ümumilikdə 25% artırsa, DQMV-də bu göstərici 37% təşkil edir.

Azərbaycanlıların DQMV-yə köç etməsi əsasən sosial-iqtisadi faktorlarla, daha doğrusu, məhz vilayətin iqtisadiyyatına böyük investisiya qoyulması ilə bağlı idi. Ermənilərin DQMV-dən miqrasiyası səbəbindən boş qalan iş yerləri azərbaycanlılar tərəfindən doldurulur.

Eyni zamanda kadr siyasətində və muxtariyyətin hakimiyyət strukturlarında milli təmsilçilik məsələsində ermənilər say baxımından azərbaycanlılardan hələ də əhəmiyyətli dərəcədə üstün idilər.

Belə ki, 1988-ci il hadisələri ərəfəsində DQMV rəhbərliyi Xalq Deputatları Sovetinin tərkibini formalaşdırır. DQMV rəhbərliyi isə bir qayda olaraq (Şuşa istisna olmaqla) 90-98% ermənilərin ibarət idi. Vilayət partiya komitəsinin 165 üzvündən cəmi 24-ü, DQMV ərazi ilk partiya təşkilatlarının (Şuşa istisna olmaqla) 456 katibindən yalnız 30-u azərbaycanlı idi. Vilayət partiya komitəsinin Stepanakertdəki aparatı praktik olaraq 100% ermənilərdən ibarət idi. Azərbaycanlı azlığın həmkarlar ittifaqlarında, komsomolda, həmçinin, milis orqanlanda, xalq nəzarətində təmsilçilik nisbəti onların sayına uyğun gəlmir.

***

Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Ermənistanın rəsmi şəxsləri, ictimai və mədəniyyət xadimləri dəfələrlə səfər edərək DQMV-nin Azərbaycan SSR-nin tərkibində inkişafının mühüm uğurlarının öz gözləri ilə şahidi olurlar.

1980-ci ilin sentyabrında Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin, Ermənistan SSR Ali Sovetinin və Nazirlər Sovetinin orqanı olan “Sovetakan Hayastan” (“Sovet Ermənistanı”) qəzetinin əməkdaşları DQMV-yə gəlir. Qəzet əməkdaşları vilayət partiya komitəsinin katibi Boris Kevorkov tərəfindən qəbul edilir. B.Kevorkov söhbət zamanı 1969-cu il avqust plenumundan sonra vilayətin iqtisadiyyatı və mədəniyyətinin inkişafında mühüm dəyişikliklərin olduğunu qeyd edir.

B.Kevorkovun Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 26 sentyabr 1980-ci il tarixli iclasında görüşün nəticələrinə dair hesabatında qeyd etdiyi kimi qəzet əməkdaşları ilə ilk görüş aşağı etimad şəraitində keçib. Hiss olunur ki, qəzet əməkdaşlarının çoxu Dağlıq Qarabağın iqtisadi və sosial inkişafındakı nailiyyətlər barədə nəinki xəbərdar deyillər, həm də böhtan, uydurma məlumat və dezinformasiyalara malikdirlər, vilayət rəhbərliyinə və partiya təşkilatının fəallarına münasibətdə ən yaxşı halda qeyri-dost münasibət bəsləyirlər.

Lakin sonra Stepanakert və Şuşa, Mardakert və Martuni rayonları, bu rayonların təsərrüfatları ilə tanışlıq qəzet əməkdaşlarında böyük təəssürat yaradır. Artıq ikinci görüş vaxtı onlar gördüklərindən təsirlənərək söhbətlərinin tonunu dəyişirlər.

Xüsusilə qəzet redaktorunun müavini N.Saruxanyan qeyd edir ki, “DQMV Sovet Azərbaycanının tərkibində həqiqətən də yaxşı inkişaf edir. Biz sizin şəhər və rayonlarınızla, təsərrüfatlarınızla tanış olduqda muxtar vilayətin necə böyük uğurlara nail olduğunu özümüz gördük və qayıtdıqdan sonra Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsində və redaksiyada bu barədə mütləq danışacağıq”.

Eyni nöqteyi-nəzəri görüşdə iştirak edən qəzetin digər əməkdaşları da ifadə edirlər. Onlar gördüklərindən danışaraq DQMV-yə gəlişlərinin və onunla tanışlığın Dağlıq Qarabağ haqqında köhnə, dezinformasiyadan qaynaqlanan yanlış düşüncəni aradan qaldırdığını vurğulayırlar.

***

1977-ci ildə Azərbaycanda SSRİ-nin tarixi ədəbiyyatda “Brejnev konstitusiyası” adlanan üçüncü Konstitusiyasının qəbuluna hazırlıqlar tam sürətlə davam etdirilir. 1936-cı ildə SSRİ-nin “Stalin konstitusiyası” adlanan sonuncu Konstitusiyasının qəbulundan başlayaraq ölkənin partiya lideri ənənəvi olaraq əsas qanunun hazırlanması komissiyasına rəhbərlik edir.

Ermənilər bu əlamətdar hadisə ərəfəsində öz köhnə ənənələrinə sadiq qalaraq yenidən DQMV-nin Ermənistana birləşdirilməsini tələbilə Moskvaya çoxsaylı müraciətlər göndərməyə başlayırlar.

Heydər Əliyev 10 noyabr 1999-cu ildə Prezident Sarayında Azərbaycan yazıçılarının bir qrupu ilə görüş zamanı iyirmi il əvvəlki hadisələri belə xatırlayırdı:

“1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul olunurdu. Konstitusiya komissiyası təyin olunmuşdu, onun sədri Brejnev idi, biz komissiyanın üzvləri idik. Mən Azərbaycan nümayəndəsi idim. Vaxtaşırı komissiyanın müzakirələri keçirdi. Bunları da o vaxt Mərkəzi Komitənin katibi vardı - akademik Ponomaryov (1961-1986-cı illərdə Sov.İKP MK-nın katibi olan akademik Boris Ponomaryov nəzərdə tutulur-S.Həmid) o aparırdı. Brejnev o qədər iştirak eləmirdi. Bir dəfə mən Moskvaya, komissiyanın iclasına gəldim. Gördüm, xeyli ərizə gəlib ki, “Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarıb Ermənistana vermək lazımdır”.

Gördüm ki, Ponomaryov deyir bunu komissiyanın müzakirəsinə qoymaq lazımdır - ermənilər ona da təsir göstərirdilər. Elə bu faktın özü ki, komissiyanın müzakirəsinə buraxılsın, başa düşürsünüzmü, bu nə deməkdir? Hələ komissiyanın iclasından bir gün qabaq mən buna nə qədər etiraz elədim, gördüm yox... Yenə də getdim rəhmətlik Brejnevin yanına. Ona dedim ki, bu nədir, belə şey ola bilməz! O, telefonu götürüb Ponomaryova zəng elədi ki, çıxar onu”.

Lakin hətta bu qərardan sonra da Moskvaya “erməni ictimaiyyət nümayəndələri”nin müxtəlif arayış materialları və digər sənədlərlə müşayiət olunan bəyanat və məktub axını dayanmır.

Akademik İqrar Əliyev sonralar xatırlayırdı ki, 1978-ci ilin əvvəllərində Heydər Əliyev onu yanına çağırtdırır və deyir: “Ermənilər ölkə rəhbərliyi qarşısında Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsini qaldırıblar. Bu məsələ ilə bağlı əsaslandırıcı arayış hazırlamaq lazımdır”.

Akademik partiya liderinə müharibədən dərhal sonra Mircəfər Bağırov üçün oxşar arayış hazırlandığını və onun tərtib olunmasında özünün də iştirak etdiyini xatırladır. İqrar Əliyev məlum sənədin partiya arxivinin dərinliklərindən axtarılaraq tapılmasını xahiş edir.

İqrar Əliyev deyirdi: “Ertəsi gün Heydər Əliyev yenidən məni qəbul etdi. O, bizim 30 il əvvəl yazdığımız arayışı mənə uzatdı. Mən bir ay ərzində Dağlıq Qarabağın tarixi barədə geniş arayış hazırladım və Mərkəzi Komitəyə təqdim etdim. Növbəti gün arayışın əsas müddəaları Mərkəzi Komitənin Büro iclasında müzakirə və qəbul edildi. Mən sonra bildim ki, Heydər Əliyev ermənilərin Azərbaycan xalqına qarşı növbəti təxribatının qarşısını vaxtında almağa müvəffəq olub”.

***

Ümumiyyətlə, Heydər Əliyev respublika rəhbərliyi dövründə respublikanın bütün regionlarını inkişaf etdirməyə çalışır və öz vətəndaşlarını etnik mənsubiyyətinə görə bölmürdü. Həm Dağlıq Qarabağ münaqişəsinin əvvəlində, həm də sonralar Heydər Əliyev əmin idi ki, bu məsələ DQMV-nin özündə düşünülməyib.

Heydər Əliyev “Vaşinqton Post” qəzetinin Moskvadakı müxbiri Devid Remniklə söhbət zamanı deyirdi: “Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyim 14 il ərzində mən hər il, bəzən ildə bir dəfədən çox Dağlıq Qarabağda olmuşam və bu muxtar vilayətdən bir nəfər də DQMV-nin Azərbaycanın tərkibindən çıxarılması və Ermənistana verilməsi barədə mənim qarşımda məsələ qaldırmayıb. Heç kim, bilirsinizmi! Ermənistanda ayrı-ayrı millətçi əhval-ruhiyyə, orada bu cür planlar quran bəzi insanlar var idi, lakin DQMV əhalisi onları dəstəkləmirdi”.

Eyni zamanda, daha sonra DQMV-nin 50 illiyi münasibətilə özünün Dağlıq Qarabağa səfəri məsələsinə qayıdan Heydər Əliyev etdiyi çıxışdan bir frazanı xatırladır. Heydər Əliyev erməni millətçilərinin bu frazanı ona bağışlamadıqlarını hesab etdiyini bildirir: “Mən orada dedim: DQMV Azərbaycanın ayrılmaz hissəsidir və o, hər zaman bu cür qalacaq ”. “Mən Azərbaycandan getdikdən sonra,” - Heydər Əliyev sonralar xatırlayırdı - “təəssüf ki, 1988-ci il hadisələrindən sonra onlar tədricən aranı qarışdırmağa başladılar. Dağlıq Qarabağ üzərində nəzarət zəiflədi və onlar bunu etdilər”.

Beləliklə, Heydər Əliyevin çıxışlarının birində qeyd etdiyi kimi, erməni millətçiləri 1930-1970-ci illərdə Dağlıq Qarabağı Azərbaycandan ayırmaq və Ermənistana birləşdirmək cəhdlərindən əl çəkmədilər. Onlar bu istiqamətdə dəfələrlə qızğın fəaliyyətə başlayıblar, lakin dayandırılıblar.

Ancaq Heydər Əliyevin 1987-ci ildə Sovet İttifaqının yüksək siyasi rəhbərliyindəki bütün vəzifələrindən istefa verməsindən sonra erməni millətçiləri öz planlarını həyata keçirmək üçün geniş fəaliyyət sahəsi əldə etdilər.

Məqalə Azərbaycan Milli Elmlər Akademiyasının, Prezidentin İşlər İdarəsinin Prezident Kitabxanasının, “Heydər Əliyev İrsi” Beynəlxalq Elektron Kitabxananın və bir sıra digər mənbələrin məlumatları əsasında hazırlanıb.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər