Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi Prezident İlham Əliyevin xarici siyasətinin qələbəsi, prinsipiallığının nəticəsidir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, bütün bu proseslərdə ölkə başçısı birmənalı şəkildə öz xarici siyasəti ilə insan haqlarının tapdanmasının qarşısını almaq və Ağdama böyük köçün başlaması üçün minalardan təmizlənməyin mühüm mərhələ olduğunu dünyaya göstərdi: "Burada ABŞ-ın son vaxtlar Qarabağda minalardan təmizlənmə ilə bağlı bəyanatı, Ermənistana təsir mexanizmi çox mühüm məsələdir. 15 diversantın əvəzlənməsi ilə 97 min mina xəritəsinin verilməsi məsələsi bu gün baş tutdu"
Arzu Nağıyev qeyd edib ki, Azərbaycan tərəfi mina xəritəsi müqabilində 15 erməni vətəndaşını təqdim etməklə həm humanistlik, həm də mina təhlükəsi ilə üzləşə biləcək hər bir vətəndaşımızın təhlükəsizliyinin və həyatının bizim üçün dəyərli olmasını nümayiş etdirdi: "Proses Azərbaycan-Gürcüstan sərhədində baş verdi. Düşünürəm ki, Gürcüstan rəhbərliyi, sülhməramlı qüvvələrin kontingentinin Qarabağdakı nümayəndəliyi bu məsələdə böyük rol oynadı. Paşinyan hakimiyyəti də başa düşməlidir ki, seçki ərəfəsində Azərbaycan belə bir humanist addım atmaqla böyük iş gördü. İstər diversantların qaytarılması, istərsə də bu kimi humanist addımların atılmasını Ermənistan dərk etməli və gələcəkdə digər işğaldan azad olunmuş ərazilərdəki mina xəritələrinin verilməsi üçün addım atmalıdır. Bu, Azərbaycanın, Azərbaycan rəhbərliyinin qətiyyətidir".