Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan hissəsində yaşayan ermənilərin başçısı Araik Arutyunyan bu gün “mövcud problemlər və onların həlli yolları barədə danışmaq üçün” mitinq keçirəcəklərini bildirib.
Teleqraf.com xəbər verir ki, o, yaydığı açıqlamada deyib:
“Bu günlərdə Qarabağdakı daxili siyasi gərginliyi və son aylarda yığılan məsələləri nəzərə alaraq bu gün Xankəndinin Azadlıq meydanında bir mesaj verəcəm. Hamını bugünkü mitinqdə iştirak etməyə dəvət edirəm. Çıxışıma saat 18:00-da başlayacağam. Müharibədən sonrakı təhlükəsizlik və sosial-iqtisadi vəziyyətə, Ermənistan hakimiyyəti ilə münasibətlərdən tutmuş daxili siyasi inkişaflara qədər bütün əsas problemlər və həll yolları barədə açıq və dürüst danışacağam”.
A.Arutyunyan bu çətin vəziyyətdə bir çoxlarının anın ciddiliyini və bunun Qarabağın gələcəyinə təsirini dərk etmədən sağlam düşüncə hissini itirməsinə təəssüfləndiyini vurğulayıb. “Bəzi insanların mənə münasibətindən asılı olmayaraq, bu çətin vəziyyətdə bütün qarabağlılar üçün məsuliyyət daşıyıram”, – deyə o bildirib.
Qeyd edək ki, dünən Xankəndinin mərkəzində Araik Arutyunyanın istefası tələbi ilə etiraz aksiyası keçirilib. Etirazçılar A.Arutyunyanın siyasətindən razı olmadıqlarını və onun erməni xalqının maraqlarını müdafiə etmədiyini bildiriblər. Aksiya zamanı A.Arutyunyanın ünvanına “Xain”, “Rədd ol!” və sair şüarlar səsləndirilib.