Zəngilan rayonundan olan məcburi köçkünlər Almaniyanın “CRONIMET” şirkəti ilə bağlı tədbir görülməsi üçün bu ölkənin Azərbaycandakı səfiri Volfqanq Maniqə müraciət ediblər.
Teleqraf.com müraciəti təqdim edir.
“Biz, Zəngilan rayonundan olan məcburi köçkünlər sizə doğma yurd yerimizdə Ermənistanın işğalı zamanı törədilən ekoloji terrorla əlaqədar müraciət edirik. Biz 30 ilə yaxın müddətdə Azərbaycanın müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşmışıq. Bir an da olsa doğma yurd-yuvamıza qayıdacağımıza inamımızı itirməmişik. Ötən ilin sentyabrında Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi, o cümlədən bizim məcburi köçkün düşdüyümüz Zəngilan rayonunu işğaldan azad edib.
Qazandığımız Qələbə böyükdən-kiçiyə hər birimizdə böyük ruh yüksəkliyi yaratdı, tezliklə əvvəlki yaşayış yerlərimizə qayıdacağımız günü gözləyirik. Amma Zəngilanın ekoloji terrora məruz qalması bizdə məyusluq yaradır. Zəngilanlılar Oxçuçaydan həm suvarma, həm də ətrafında istirahət etmək, orada balıq tutmaq üçün istifadə ediblər. İndi Ermənistanın çayın mənbəyində yerləşən Qacaran mis-molibden, Qafan mis saflaşdırma kombinatlarının toksik tullantıları, eyni zamanda, həmin şəhərlərin məişət-çirkab suları təmizlənmədən birbaşa Oxçuçaya axıdılır. Ermənistanda mədənçıxarma sahəsi üzrə fəaliyyət göstərən Almaniyanın “CRONIMET” şirkəti ekostandartlara riayət etmir, nəticədə yalnız Zəngilan rayonu üçün deyil, ətraf regionlar üçün də ekoloji terror təhlükəsi yaranır.
Yaranmış problem çaydan suvarma məqsədilə istifadəni qeyri-mümkün edir, balıqlar kütləvi şəkildə məhv olur. Biz - 30 ilə yaxın bir müddətdə yurd həsrəti ilə yaşayan zəngilanlılar ata-baba torpaqlarımızda törədilən bu terrorun dayandırılmasını tələb edirik. Ekoloji standartlar ölkəsi olan Almaniyanı digər ölkələr üçün təhlükəli vəziyyətin yaranmasına səbəb olan “CRONIMET” şirkətinə qarşı təcili tədbir görməyə çağırırıq.
Biz - bu müraciəti imzalayan zəngilanlılar “CRONIMET” şirkətinin fəaliyyətinin təcili dayandırılmasını tələb edirik. Əks halda, ekoloji terror törədən təşkilat və Almaniya ilə əlaqədar beynəlxalq məhkəmələrə müraciət edəcəyik”.
Qeyd edək ki, məktubu Zəngilanın erməni silahlı birləşmələri tərəfindən işğalı nəticəsində rayondan didərgin düşmüş 100-dən çox məcburi köçkün imzalayıb.