Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Cek Sallivanla görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr, COVID-19 və qlobal iqlim dəyişikliyi, Əfqanıstan, Suriya, İraq, Liviya, Kipr, Şərqi Aralıq dənizi, Cənubi Qafqaz və digər regional gəlişmələr müzakirə edilib.
Türkiyə-ABŞ əlaqələrinin strateji əhəmiyyətinin vurğulandığı görüşdə iqtisadi əməkdaşlığın artırılması üçün atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı iki ölkənin ticarət həcminin hədəflənmiş 100 milyard dollara çatması üçün zəruri mexanizmlərin aktivləşdirilməsi və qarşılıqlı yüksək səviyyəli səfərlərin artırılması diqqət mərkəzində olub.
Görüşdə Əfqanıstanda baş verə biləcək yeni humanitar böhranların qarşısının alınması və bu ölkəyə humanitar yardımların ən qısa zamanda çatdırılması üçün beynəlxalq əməkdaşlığın vacib olduğu vurğulanıb.
Görüşdə Azərbaycanın Qarabağ qələbəsindən sonra Qafqazdakı son vəziyyət qiymətləndirilib. Regional sülh və sabitlik üçün çoxşaxəli səylərin davam etdirilməsinin vacibliyi bildirilib.