“Rusiya təkbaşına Xankəndidəki erməni əsilli azərbaycanlıların taleyi ilə bağlı məsələlərin qaldırılmasına görə Azərbaycanla əlaqələrin tamamilə korlana biləcəyi ehtimalını düşünür. Əlbəttə, bu yöndə intensiv çıxışlar etsə, ən azı Azərbaycanın sərt mövqeyi ilə qarşılaşa bilər. Amma ATƏT-in Minsk qrupu çərçivəsində, o cümlədən, Fransa ilə birgə bu məsələnin qaldırılması həm Azərbaycana olan təzyiqlərin artırılmasına, həm də buradan gələn təpkilərin azaldılmasına nail oluna bilər. Buna görə bu məsələlər daha çox Fransa ilə müzakirə olunur”.
ReAl partiyası sədrinin müavini Natiq Cəfərlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Natiq bəy, son günlər Ermənistan və Azərbaycan arasında gərginliyin yenidən artması nə ilə əlaqədar ola bilər?
- Rusiyanın moderatorluğu ilə Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi gedir. Burada böyük sülh müqaviləsinin bağlanması ilə bağlı maneələrin aradan qaldırılması, sərhədlərin dəqiqləşdirilməsi və kommunikasiyaların açılması əsas müzakirə mövzularıdır. Görünən budur ki, Azərbaycanın təklifləri ilə Rusiya və Ermənistanın təklifləri arasında ciddi fərqlər var. Bu fərqlərin olmasına görə də təxribatların artırılması və sürətləndirilməsi yolları ilə Azərbaycanı güzəştlərə məcbur etməyə çalışılır. Bu, açıq şəkildə görünür.
Azərbaycan haqlı olaraq, bu üç məsələnin bir müqavilədə həll olunmasını təklif edir. Yəni həm sərhədlər dəqiqləşdirilsin, həm kommunikasiyalar açılsın, həm də Xankəndi və ətrafında yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının ölkəmizə inteqrasiya prosesinə start verilsin. Rusiya sülhməramlıları buna mane olmasınlar, Ermənistan tərəfi də buna dəstək versin.
Amma Rusiya və Ermənistan kommunikasiyaların açılmasına daha müsbət baxırlar, çünki burada hər ikisinin marağı var. Bu məsələdə statusla bağlı problem də mövcuddur ki, biz bunu “Zəngəzur dəhlizi” adlandırırıq, onlar “dəhliz” demək istəmirlər, müqavilədə sadəcə “yol” və “kommunikasiya” anlayışının keçməsini istəyirlər.
Sərhədlərin dəqiqləşdirilməsinə gəldikdə, burada Ermənistanın marağı var, Rusiyanın yox. Çünki sərhədlər dəqiqləşdirilmədikcə, münaqişə ehtimalı həmişə qalır, bu da Rusiyanın önəmini artıran faktora çevrilir.
Rusiya və Ermənistan Xankəndi və ətrafında yaşayan ermənilərin Azərbaycana inteqrasiyası ilə bağlı məsələnin də sülh müqaviləsinə salınmasına maraq göstərmirlər. Bir sözlə, danışıqların intensivləşdiyi vaxt təxribatların artması Azərbaycana qarşı təzyiq vasitəsi kimi anlaşıla bilər.
- Erməni terrorçu Norayr Mirzoyanın Azərbaycan hərbçilərinə qumbara atması da müzakirə mövzusudur. Sizcə, Rusiya sülhməramlıları terror olayından sonra onu niyə Azərbaycana yox, Xankəndindəki separatçılara verdi. Bu mesaj nəyi ehtiva edir?
- Çünki Rusiya Xankəndindəki qondarma rejimi de-fakto tanıyır. Düzdür, de-yure olaraq tanımır, bunu sənədləşdirməyib, amma de-fakto tanıdığını nümayiş etdirir. Separatçı rejimlə danışıqlar da aparılır, görüşlər də keçirilir, birgə təlimlərdə iştirak edir və tədbirlər keçirirlər. Bütün bunlar Rusiya tərəfindən verilmiş mesajdır ki, “sabah Ermənistan və Azərbaycan Moskvasız sülh müqaviləsi bağlasalar belə, bizim burada çıxmaq fikrimiz yoxdur”. Yəni belə bir şey olsa, separatçı rejimi de-yure olaraq tanımaqla onların razılığı ilə uzun illər orada qalmağı düşünür. Bu nöqtədə Rusiyanın siyasəti kifayət qədər aydındır.
- Rusiya və Fransa arasında Qarabağla bağlı danışıqlar da intensivləşir. İki ölkənin xarici işlər nazirlərindən sonra liderlər də bu məsələni müzakirə etdilər. Rusiya niyə Fransanın prosesə qarışmasına maraq göstərir?
- Rusiya təkbaşına Xankəndidəki erməni əsilli azərbaycanlıların taleyi ilə bağlı məsələlərin qaldırılmasına görə Azərbaycanla əlaqələrin tamamilə korlana biləcəyi ehtimalını düşünür. Əlbəttə, bu yöndə intensiv çıxışlar etsə, ən azı Azərbaycanın sərt mövqeyi ilə qarşılaşa bilər. Amma ATƏT-in Minsk qrupu çərçivəsində, o cümlədən, Fransa ilə birgə bu məsələnin qaldırılması həm Azərbaycana olan təzyiqlərin artırılmasına, həm də buradan gələn təpkilərin azaldılmasına nail oluna bilər. Buna görə bu məsələlər daha çox Fransa ilə müzakirə olunur.
Açığını desək, son Fransa-Rusiya müzakirələrində bəlkə də Qarabağ məsələsi beşinci yerdə idi. Əsas müzakirə Liviya ətrafındaydı. Dekabrda seçkilər gözlənilir, Rusiya Qəddafinin oğlunu orada prezident görmək istəyir və buna çalışır. Rusiya onun namizədliyinin qeydə alınması üçün ciddi müdaxilə edir. Fransa ilə müzakirələrdə də bu məsələ öndəydi.
Təbii ki, hər iki ölkə Xankəndidəki separatçılardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır.
- Türkiyə və Rusiya xarici işlər nazirlərinin müavinləri arasında görüş keçirilib. Görüşdə “Altılıq” platforması ilə bağlı Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İran arasında regional məsləhət mexanizminin işə salınması, işçi qruplarının formalaşdırılması razılaşdırılıb. Artıq ilk addımları atılan bu ideya baş tutacaqmı?
- Burada hər bir ölkənin qazancları ilə yanaşı, qısqanc mövqeyi də var. Təbii ki, kommunikasiyaların açılması və iqtisadi münasibətlərin genişləndirilməsi bütün ölkələrin, hətta Ermənistan və İranın da marağındadır. Çünki İran uzun illərdir iqtisadi sanksiyalara görə blokadada şəraitindədir, indi kommunikasiyalara çıxış əldə etməklə iqtisadi vəziyyətini yaxşılaşdıra bilər.
Ermənistan isə iqtisadi dalanda yerləşir. Yalnız müəyyən qədər İran və Gürcüstan üzərindən dünya ilə əlaqə qurmaq imkanları var. Gürcüstan üzərindən Rusiya ilə əlaqələrin qurulması həm infrastruktur, həm də siyasi olaraq çətinləşir, hər dəfə problemlər yaranır. Yəni kommunikasiyaların açılması Ermənistan üçün də sərfəlidir.
Bir sözlə, altı ölkənin hamısı üçün sərfəli məqamlar var. Amma hər bir ölkə, əsasən də “regionun əsas moderatoru” olduğunu düşünən və bu yöndə davranan Rusiya bu formatın öz maraqları çərçivəsində dizayn olmasına çalışır. İran da bu kommunikasiyaların açılmasında söz sahibi olmaq istəyir. Yəni maraqlar toqquşur. Bunlar da bəzi məsələlərin həllində ləngimələrə və danışıqların uzanmasına səbəb ola bilər.
- Ermənistan müdafiə nazirlərinin tez-tez dəyişdirilməsi də diqqətdən yayınmır. Sonuncu dəyişikliyin səbəbləri nə ola bilər? Ermənistanın müxalif mediası iddia edir ki, bu, Rusiyaya verilmiş mesajdır.
- Baxmayaraq ki, Paşinyan 2018-ci ildə hakimiyyətə gəldi və son seçkilərdə də uddu, amma hələ də hüquq-mühafizə və ordu sisteminə tam nəzarət edə bilmir. Çünki sistemin içində o qədər Rusiya və keçmiş hakimiyyətə bağlı qüvvələr var ki, öz kadrlarını ordu və hüquq-mühafizə sistemində yerləşdirməkdə problemlər mövcuddur.
Bundan başqa, 44 günlük müharibədən sonra Ermənistan ordusunda ciddi ruh düşkünlüyü və çatışmazlıqların olduğu üzə çıxdı. Müharibədə erməni ordusunun canlı qüvvəsi və silah-sursatının böyük hissəsi məhv edildi. İndi də Ermənistan ordusu çox ağır bir durumdadır. Ordunu yenidən dizayn etmək və hansısa məsələlərin həllində ona güvənmək çox ciddi problemə çevrilib.
Eyni zamanda, orduya nəzarət mexanizmlərinin qurulmasına çalışılır. Nəhayət, Paşinyan ordu və hüquq-mühafizə sisteminin öz nəzarətinə keçməsməsi yönündə addımlar atır. Buna nə qədər nail olacağı, Rusiyanın buna imkan verib-verməyəcəyi başqa məsələlərdir.