Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri memarlıq abidələri ilə yanaşı, həm də məhəllələri ilə tanınıb. Qədim Şuşada 17 məhəllə olub. Şuşa məhəllələrinin doqquzu aşağı məhəllə, qalan səkkizi isə yuxarı məhəllələr sayılırdı.
Teleqraf.com-un məlumatına görə, Azərtac-ın bölgə müxbiri xəbər verir ki, Şuşa şəhərində XVIII əsrdə salınmış aşağı məhəllələrdən biri Çuxur məhəllədir. Çuxur məhəllə şəhərin aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılıb. Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olub. Hacı Quluların mülkü, Xalq artisti Bülbülün ev-muzeyi bu məhəllədə yerləşir.
Şuşa şəhərinin digər tarixi məkanları kimi, Çuxur məhəlləsi də erməni vandalizminə məruz qalıb. Ermənilər məhəllədəki XVIII əsrdə inşa edilmiş məscidi və bir sıra digər tarixi tikililəri dağıdıblar.