“Əslində, problemin kökündə dayanan amillərdən biri də budur ki, az qala Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin funksiyasını yerinə yetirir. Çünki Rusiya Müdafiə Nazirliyində çox sayda erməni çalışır. Rusiya Xarici İşlər Nazirliyində də eyni situasiyadır, yəni orada da çalışan ermənilərin sayı kifayət qədər çoxdur. Haradasa, bu, Lavrovdan qaynaqlanır. Amma bunun Rusiya Müdafiə Nazirliyində niyə baş verdiyini müəyyənləşdirmək çətin görünür”.
Politoloq Elçin Mirzəbəylinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Son günlər həm Qarabağda, həm də Ermənistan-Azərbaycan sərhədlərində atəşkəsin pozulması halları artıb. Bütün bunlar da Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh sazişi imzalamağa hazır olması açıqlamasından sonraya təsadüf edir. Sizcə, bunlar nə ilə əlaqədardır?
- Baş verənlərə fərqli kontekstlərdən yanaşmalar var. İlk növbədə, mən bu sırada Paşinyandan və bütövlükdə Ermənistan hakimiyyətindən qaynaqlanan məqamları da qeyd etmək istəyirəm. Əslində, Nikol Paşinyanın sülh sazişi ilə bağlı səsləndirdiyi fikirlər yeni deyil. Adətən belə açıqlamalardan sonra təxribatçı gedişlər olur. Düşünürəm ki, bu təxribatçı gedişlərin arxasında daha çox Ermənistan hakimiyyəti və onu himayə edən dairələr dayanır.
Hər dəfə danışıqlar və Paşinyanın Qərb liderləri ilə görüşü öncəsi belə təxribatlar baş verir. Bu təxribatların süjetində hansı məqamların olduğunu müəyyənləşdirmək mümkündür. Məlum olduğu kimi, Paşinyan hazırda Fransada səfərdədir. Görünür, bu səfərdən əvvəl təxribatçı addımlarını davam etdirməklə, eyni zamanda, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki etnik erməniləri hərbi təxribata təhrik etməklə, yenidən Fransanın gündəliyinə “onların hüquqlarının tapdalanmasını” gətirmək istəyir.
Maraqlı dairələrin içində sülhməramlıların komandanı general Andrey Volkov da yer alır. Onun təxribatçı dəstələri dəstəkləməsi və himayə etməsi, habelə öz biznes maraqlarından çıxış etməsi barədə kifayət qədər faktlar var. Azərbaycan mətbuatında da bununla bağlı yazılıb. Bununla əlaqədar təkzibolunmaz faktlar dilə gətirilib. Hərbi karyerası boyunca bu yönlərdə hansı fəaliyyətlərlə məşğul olmasına dair kifayət qədər faktlar var.
Düşünürəm ki, indiki şəraitdə belə bir şəxsin oradakı mövcudluğu Rusiyanın özünün də maraqlarına uyğun deyil. Çünki onsuz da reputasiyasına ciddi ziyan dəymiş Rusiyanın indiki halda erməni separatçı qruplarını da himayə etməsinə dair qabarıq faktların ortaya çıxması Azərbaycan xalqının ona münasibətinə ciddi təsir göstərəcək. Məlum olduğu kimi, dünyanın əksər ölkələri, eləcə də MDB və KTMT-də olan müttəfiqləri belə Ukraynaya müdaxilədən sonra Rusiyaya qarşı əvvəlki münasibətlərini sərgiləmirlər.
Bu ölkələrin xalqlarının da öz mənafeyi və mövqeyi var. Heç bir xalq gözü önündə baş verən bu rəzalətə dəstək verə bilməz. Bu baxımdan, baş verənlər Rusiyanın maraqlarına xidmət etməli deyil.
Dediyim kimi, bu təxribatların içində müxtəlif qruplar yer alır. Bura Ermənistan hakimiyyəti, sülhməramlı qüvvələr və ola bilsin ki, Moskvadakı müəyyən dairələr daxildir. Düşünürəm ki, bu məsələlərə yaxın vaxtlarda aydınlıq gətirilməlidir. Əks təqdirdə, bunlar regionda daha ciddi problemlər yarada bilər.
Bu isə nə Rusiyanın üzərinə götürdüyü öhdəliklərə uyğun gəlir, nə də bölgədə perspektiv layihələrin həyata keçirilməsinə xidmət edir. Buna görə də, bu kimi problemlərin qısa zamanda aradan qaldırılmasına ehtiyac var.
- Baş verənlərin Rusiyanın marağına uyğun olmadığını dediniz, amma Rusiya Azərbaycanla müttəfiqlik bəyannaməsi imzaladıqdan sonra ölkəmizin suverenliyinə qarşı bir sıra addımlarla gündəmə gəldi. Əvvəlcə Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın bəzi tarixi ərazilərini “Şərqi Ermənistan” adlandırdı, ardınca Rusiya Müdafiə Nazirliyinin açıqlamasında qondarma DQR ifadəsinə yer verildi. Yəni bir tərəfdən Azərbaycanla müttəfiq olmasını istəyən Rusiya digər tərəfdən niyə bu kimi addımlara yer verir?
- Söhbət burada Rusiyanın və ya onun mərkəzi hakimiyyətinin bu və ya digər prosesdə rol alıb-almamasından getmir. Söhbət indiki halda yürüdülən siyasətin, görülən işlərin və atılan addımların Rusiyanın özünün maraqlarına xidmət etməməsindən gedir, bunu demək istəyirəm. Sağlam məntiq bunu deyir ki, bu, marağa uyğun deyil. Bu, müxtəlif bölgələrdə müxtəlif xalqlara və dövlətlərə cəbhə açdığına görə qapılar üzünə bağlanan ölkənin maraqlarına xidmət etməməlidir.
Bu gün Rusiyanın yürütdüyü siyasətin mahiyyətində qeyri-sağlam məntiq dayanır. Bu məntiqin də Rusiyanın hansı tərəfə apardığını kimsə müəyyənləşdirə bilmir. Ukraynada baş verənlərə də eyni kontekstdən yanaşa bilərik.
Rusiya Müdafiə Nazirliyinin saytında Azərbaycan əraziləri ilə bağlı mütəmadi olaraq verilən məlumatlara gəldikdə, əvvəllər bunun da Volkovdan qaynaqlandığını demişəm. Çünki Rusiya sülhməramlılarının müşahidəsi altında olan Azərbaycan ərazilərində baş verənlərlə bağlı məlumatlar sülhməramlıların komandanlığı tərəfindən hazırlanır və Müdafiə Nazirliyinə ötürülür. Yəni burada həm də Rusiya Müdafiə Nazirliyi məsuliyyət daşıyır. İstənilən halda verilən açıqlamalarda Rusiya-Azərbaycan münasibətlərinə kölgə salacaq məqamlar yer alıbsa, bunlar Müdafiə Nazirliyi və ya müvafiq qurum tərəfindən aradan qaldırılmalıdır.
Əslində, problemin kökündə dayanan amillərdən biri də budur ki, az qala Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin funksiyasını yerinə yetirir. Çünki Rusiya Müdafiə Nazirliyində çox sayda erməni çalışır. Rusiya Xarici İşlər Nazirliyində də eyni situasiyadır, yəni orada da çalışan ermənilərin sayı kifayət qədər çoxdur. Haradasa, bu, Lavrovdan qaynaqlanır.
Amma bunun Rusiya Müdafiə Nazirliyində niyə baş verdiyini müəyyənləşdirmək çətin görünür. Mən ermənilərin xüsusi istedada malik insanlar olduğunu düşünmürəm, bu xalqı müəyyən qədər tanıyıram. Xüsusi analitik qabiliyyətə malik olduqlarını da düşünmürəm. Amma onlara niyə orada yer verildiyini deyə bilmərəm.
Dediyim kimi, atılan addımlar təxribat xarakterlidir. Sağlam məntiq bunun Rusiyanın maraqlarına uyğun olmadığını deyir. Əgər bu məqsədyönlü şəkildə olursa, bu, yenə də Rusiyanın maraqlarına zərbə vuracaq. Bu, Rusiyanın Cənubi Qafqaz siyasəti üçün uğur vəd etmir.
- Nəhayət, Moskva bütün bunlardan sonra sülhməramlıların fəaliyyətinə əl gəzdirəcəkmi?
- Bununla bağlı konkret proqnoz vermək çətindir. Eyni zamanda, indiki situasiyanı, Ukraynadakı müharibəni və Rusiyanın qarşılaşdığı çoxsaylı problemləri nəzərə almaq lazımdır. Bu baxımdan, mövcud problemlərin qısa zamanda aradan qaldırılacağını düşünmürəm.
Şübhəsiz ki, burada Azərbaycanın israrlı mövqeyi önəmli rol oynaya bilər. Hesab edirəm ki, Antalyada keçiriləcək forumda bununla bağlı məsələlər açıla, Rusiyadan izahat tələb oluna bilər. Çünki bölgədə sülhün və sabitliyin təmin olunması prosesində təkcə üçüncü tərəf kimi Rusiya iştirak etmir. Burada Azərbaycanın müttəfiqi olan Türkiyə də var.
Şuşa bəyannaməsinin prinsiplərindən irəli gələn müəddəalar var ki, Türkiyə Azərbaycanın təhlükəsizliyinə təminat verən dövlətdir. Bu baxımdan, ölkəmizin təhlükəsizliyinə təhdid yaradan bütün faktorlarla bağlı digər tərəflərdən izahat tələb etmək hüququna malik olan bir ölkədir.
Düşünürəm ki, Antalya forumunda bu məsələlərə aydınlıq gətirilə bilər. Hər halda Rusiya tərəfinin izahatını gözləməyi uyğun bilirəm. Prinsipcə, proses bu formada davam edəcəksə, biz təhlükəsizliyimizə təhdid yaradan hallara son qoymağın üslubunu bilirik. Artıq Azərbaycan Müdafiə Nazirliyi bu üslubun həyata keçirilməsi ilə bağlı müvafiq addımlar atır. Düşünürəm ki, qısa zamanda bunun səsi çıxacaq.
- Azərbaycan antiterror əməliyyatlarına başlaya bilərmi? Artıq baş verənlərin fonunda cəmiyyətdə belə bir gözləntinin yarandığı da nəzərdən qaçmır.
- Antiterror əməliyyatları hər zaman keçirilə bilər. Moskva bəyannaməsinin müddəalarının yerinə yetirilməsi istiqamətində addımlar atılmayacaqsa və sülhməramlıların üzərinə düşən missiya həyata keçirilməyəcəksə, Azərbaycan yenə də otuz il gözləməyəcək.
Çox qısa zaman ərzində antiterror əməliyyatlarına başlayaraq, konkret hədəflərə doğru həm də üçtərəfli anlaşmaların yerinə yetirilməsi istiqamətində müvafiq addımlar ata bilər. Bununla ermənilərin hərbi dəstələrinin tamamilə Azərbaycan ərazilərindən çıxarılmasına nail ola bilər. Bunun üçün imkanalarımız var. Eyni zamanda, bura bütövlükdə bizim ərazilərimizdir, bunu beynəlxalq hüquq da tanıyır. Belə olan halda, necə ola bilər ki, Rusiyanın hansısa iddiası ucbatından öz təhlükəsizliyinə təhdid yarandığını bəhanə edərək başqa bir dövlətin ərazisində hərbi əməliyyatlar keçirir, müharibə aparır, amma Azərbaycan isə konkret olaraq öz ərazilərində özünə təhdid yaradan amillərə qarşı qanuni addımlar ata bilməz? Təbii ki, atır və atacaq da, buna qətiyyən şübhə etmirəm.