17 Fevral 2022 11:46
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhid anasının ağrısını sətirlərə köçürmək göz yaşlarını hörməyə bənzəyir. Kədərə dair bütün kəlmələri yan-yana düzürsən, nə köksündəki ağrını silə, nə də təsəlli ola bilirsən. Əgər bacarsanız, vətən uğrunda igid oğullarını itirən ana və ataların gözlərindəki dərinliyə dalın. Ölçüyəgəlməz həsrətin bütün forma və məzmununu gözlər özü sizə danışacaq...

Əsli Alxasova da dünya boyda kədəri gözlərində daşıyan şəhid analarındadır, həm də Azərbaycan qədər qürur sahibidir.

Ölümündən sonra “Vətən uğrunda” medalları ilə təltif edilən qəhrəmanın - Elməddin Alxasovun həyat yolu barədə şəhid anası danışıb.

Xaçmazın Qaradağ-Buduq kəndinin şəhidi Elməddin Alxasov sentyabrın 29-da 1994-cü ildə dünyaya gəlib. Son doğum gününü müharibədə qanlı döyüşlərdə qeyd edən vətənsevdalısı oktyabrın 2-də dünyasını dəyişərək şəhidlik zirvəsinə ucalıb.

Qəhrəman anası bildirib ki, şəhidlik Elməddinin arzusu olub: “Uşaqlıqdan hərbiyə marağı var idi. Əsgərlik vaxtı Murov silsiləsindəki döyüş mövqelərində xidmət edən Elməddin sərrast atıcı kimi tanınırdı. Artıq altı ildən çox idi ki, müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi çalışırdı. Güclü snayperçilərdən idi, o qədər təlim keçmişdilər ki, gözlərinə qan gəlmişdi. Müharibənin başlamasını çox arzu edirdi. Hərbidə qalmağa qərar verdiyini deyəndə ürəkdən sevinə bilmədim, təsəlli verirdi ki, ölüm hər yerdədir, ay ana. O vaxtdan şəkər xəstəliyinə tutuldum. Bir dostu şəhid olmuşdu, gecə səhərə qədər yatmamışdı... Qisasını aldı, sonra özü də qanadlanıb səmaya uçdu.

Müharibə xəbərini eşidən kimi, oğluma zəng etməyə başladım. Telefonu açmaması narahatçılığımızı daha da artırdı. Ağlamağa başladım ki, oğlumu vuracaqlar... Həyat yoldaşım hirsləndi ki, uşağa ölüm gətirmə, Elməddin ölən oğul deyil. Oktyabrın 10-da telefonunu komandiri açdı və dedi ki, oğlunuz Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid olduqdan sonra bilmişəm ki, oğlum kəşfiyyatçı olub. Üzü maskalanmış şəkillərini məndən gizlədirdi. Onun ölümü məni elə yandırdı ki, indi gücsüzlüyüm içində boğuluram. Kaş ki, bir dəfə inciyərdim, dilindən kobud bir söz eşidərdim. Amma yox, Elməddin hamıdan şirindil idi, mehriban və qayğıkeş idi. Bütün kəndin sevimlisi idi, yeganə təsəllim odur ki, canını böyük bir amal uğrunda fəda edib”.
Oğlunun yarım qalan arzularından danışan Əsli ana bildirib ki, oğlu evlənməyə tələsməyib: “Şəhid olacağını bəlkə də duyurdu, bu səbəbdən də evlənmək barədə sorğu-suallarımdan həmişə yayınmağa çalışırdı. İstəmirdi ki, gözü arxada qalsın. Neçə-neçə oğullarımız canını bu torpağa qurban verdi. Oğlum deyirdi ki, onlardan artıq deyiləm, hər şey ola bilər. Bacısına yazmışdı ki, Azərbaycan bayrağına bükülü gələcəyəm, hazırlıq olun. Hadisədən sonra insult keçirdim, 2 ay xəstəxanada yatdım.

Dövlətimizin göstərdiyi diqqət və qayğıdan razıyam, tək ricam odur ki, Qaradağ Buduq kənd ümumi orta məktəbinə oğlumun adı verilsin. Balamın nə toyu oldu, nə də özündən bir nişanəsi qaldı. Qoy bu məktəb Elməddinin adını və xatirəsini yaşadan bir nişanə olsun. Ümid edirəm ki, aidiyyəti qurumlar bu arzumu ürəyimdə qoymaz”.

Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə bütün əsgər və zabitlərimizi təbrik edən şəhid anası sözlərinə belə davam edib:

“Elməddin üçün Silahlı Qüvvələr günü xüsusilə dəyərli idi. Axı onun bu, onun bayramı idi. Bütün hərbiçilərin bayramını təbrik edirəm. O, bu gün aramızda olmasa da, hərbiçi, döyüşçü yoldaşları yaşayır. Onların hər birini təbrik edir, Elməddin balamın əvəzinə bağrıma basıram, oğlumun isə baş daşını bağrıma basıb təbrik edəcəyəm”.
Şəhidimizin evində qonaq olarkən başqa bir məqamın şahidi oldum. Anladm ki, şəhidlik həm də lal olmaq, saatlarla bir küncə qısılıb eyni nöqtəyə baxmaq və hansısa ilahi bir qüvvənin ona oğlunun sağ-salamat olduğu xəbərini gözləmək deməkdir... Şəhid atası Rəsul Alsaxlı həyatının ən çətin günlərini yaşadığını, buna baxmayaraq, dəmir biləkli qəhrəman oğlu ilə yerdən göyə qədər fəxr etdiyini bildirib.

Aytən Məftun

Bu müsahibə "Qadın Konsensus Mərkəzi" İctimai Birlyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirdiyi "Şəhid ailələrin sosial problemlərinin həllinə dair təşəbbüslər" layihəsi çərçivəsində hazırlanıb


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər