Ermənistan vətəndaşı Qarabağın yuxarı hissəsində - keçmiş Ağdərə rayonu ərazisində gəzinti zamanı itkin düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Qarabağdakı separatçı rejim məlumat yayıb.
Bildirilib ki, həmin şəxs Kolatak icmasının ərazisində, Qaçaqakaberddən Xaçın çayına gedən yolda yoxa çıxıb.
Xilasedicilər tərəfindən müəyyən edilib ki, 63 yaşlı Ermənistan vətəndaşı S.M. turist qrupunun bir üzvüdür, çaya gedərkən yoldaşlarına irəli gedəcəyini və qrupun qalan hissəsini körpünün yanında gözləyəcəyini söyləyib. Təyin olunmuş vaxtda qrup körpüyə enib, lakin həmin şəxs orada olmayıb.
İtkin turistin tapılması üçün ermənilər Azərbaycanın Daxili İşlər Nazirliyindən kömək istəyiblər.
Hazırda itkin düşən şəxsin axtarışları davam etdirilir.