“Rusiya hər şeyi bir-bir Azərbaycana təhvil verir. Gördünüz ki, Rusiya 2020-ci il noyabrın 10-dan sonra nə qədər əraziləri Azərbaycana təhvil verdi və verməkdə davam edir”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armina Adibekyan deyib.
Erməni ekspert hazırda Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərin də (Xankəndi, Xocalı, Ağdərə və s.) Azərbaycana təhvil veriləcəyini bildirib.
Adibekyan qeyd edib ki, Rusiya sülhməramlıları Ermənistanın maraqlarını qorumağa borclu deyillər, onlar Rusiyanın maraqlarını qoruyurlar.
“Rusiya bizim əvəzimizə bizi müdafiə etməyəcək. Moskvanın başqa problemləri var. Rusiya sülhməramlılarının Qarabağda yerləşməsinə yol açan sənədi kim imzalayıb? Paşinyan. Sabah o əsgər silahını götürüb gedəcək, yerinə türk gələcək. Mən neçə illərdir deyirəm ki, Türkiyə Ermənistana qoşun yeridəcək. Rusiya gedəcək və yerini türklərə verəcək”, - Adibekyan vurğulayıb.
Politoloq bütün prosesin 10 noyabr anlaşması üzrə getdiyini, sonda bütün Qarabağın Azərbaycan ordusunun nəzarətinə keçəcəyini söyləyib.