30 Avqust 2022 21:12
2 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan sakinləri Qarabağ ermənilərini özlərinə özgə sayırlar”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, yerli ermənilər hələ sovet dönəmində Qarabağ ermənilərini “qanı qarışmışlar” adlandırırdılar:

“Bu gün də Ermənistanda yerli və Qarabağ erməniləri arasında ciddi münaqişə var. Hətta iş o yerə çatıb ki, İrəvan və Ermənistanın digər bölgələrində Qarabağdan gələnləri qəbul etmək istəmirlər. Bununla bağlı gəlmələrin Ermənistan mediasında saysız şikayətləri dərc olunub.

Bugünlərdə “Qallup” sorğu mərkəzinin apardığı sorğuya görə, 44 günlük müharibədən sonra Ermənistandan Qarabağa gələnlərin sayı azalıb. 56 faiz respondent müharibəyə qədər Qarabağa səfər etdiyini deyib. Müharibədən sonra cəmi 12 faiz respondent Qarabağa getdiyini bildirib. Həmin 12 faizə isə Qarabağ erməniləri və bəzi fəallar daxildir.

Digər yandan, “Qallup”un başqa bir sorğusuna görə, Ermənistanda seçkilər bu həftə keçirilsə, 16 faiz respondent Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyasına, 5.1 faiz “Ermənistan”, 2.7 faiz isə “Şərəfim var” bloklarına səs verməyə hazırdır. 33 faiz seçkilərdə iştirak etməyəcəyini bildirib. Müqayisə üçün deyim ki, Paşinyanın partiyasına bir il əvvəl 24 faiz respondent səs verməyə hazır idi”.

Zaur Məmmədov qeyd edib ki, sorğu Paşinyanın 2018-ci ildən bu yana ilk dəfə olaraq, Ermənistanda bu qədər aşağı reytinqə malik olduğunu göstərir:

“Hətta müharibədən sonra, 2021-ci ilin yanvar-fevral aylarında ona səs verməyə hazır olanların faiz nisbəti təxminən 30-34 faiz arasında dəyişirdi. Əvəzində Köçəryana səs verməyə hazır olanların faizi təxminən 22 civarında dəyişirdi. Ermənistanda müxalifətin “torpaqlar əldən gedir”, “Ermənistan dövləti süquta uğrayır” kimi separatçı bəyanatları seçicilərə təsir etməmişdi. İndi də Sərkisyan-Köçəryan-Saqatelyan üçlüyünə üst-üstə cəmi 10 faizdan daha az vətəndaş səs vermək fikrindədir.

33 faiz isə ümumiyyətlə seçkilərdə iştirak etmək fikrində deyil. Qeyd edim ki, bu rəqəm 5 ildir dəyişməz qalır. Ermənistan əhalisinin 30-35 faizi sabit siyasi absentizmə malikdir.

Bu gün Ermənistanda insanların siyasi proseslərə marağının olmaması cəmiyyəti cənginə almış depressiya, siyasətçilərə etibarlarının olmaması ilə bağlıdır.

Mövcud hadisələr fonunda orduya aparılan hərbi çağırış islahatına görə, Ermənistan vətəndaşları 60 min dollar pul verməklə cəmi 4 ay hərbi xidmət keçməklə hərbi mükəlləfiyyəti yerinə yetirə bilərlər. Müxalifət bu layihəni kəskin tənqid etsə də, aydın məsələdir ki, bu gün heç bir erməni Qarabağda azərbaycanlıya qarşı vuruşmağa cürət edə bilməz.

Beləliklə, sorğular Ermənistanda milli ruhun tənəzzülə uğradığını, yerli ermənilərin Qarabağ ermənilərinin problemləri ilə maraqlanmadığını, özlərini hayların qəhrəmanları sayan terrorçu Robert və Serjin ictimaiyyətdə zərrə qədər imicə malik olmadığını göstərir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər