Ermənistanla Azərbaycan arasında tezliklə erkən razılaşma və ya sülh müqaviləsinin imzalanmasını gözləməyə dəyməz, proses onilliklərlə olmasa da, illərlə çəkəcək.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Denis Denisov “Novosti”yə açıqlamasında deyib.
Onun fikrincə, Azərbaycan və Ermənistan liderlərinin görüşünün baş tutmasının özü böyük bir irəliləyişdir və qeyri-sabit mövqelərə görə Soçi bəyanatından bəzi məqamların çıxarılmasında təəccüblü heç nə yoxdur:
“Yəni həmişəki kimi danışıqları davam etdirməyə razılaşdılar, nəticə sülh sazişi olmalıdır ki, bu da, əlbəttə, kompromislərə əsaslanacaq. İndi ən vacib məsələ tərəflərin bu kompromislərə hazır olub-olmadığını görməkdir”.
Ekspert qeyd edib ki, Bakı ilə İrəvan arasında əlavə müzakirə və nizamlanma tələb edən çoxlu mürəkkəb, xüsusən də Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi kimi məsələlər var.
“Sülhməramlıların mandatı 5 ildir, amma Ermənistan bunun 20 ilə qaldırılması təşəbbüsü ilə çıxış edib. Eyni zamanda, rəsmi Bakının fikrincə, sülhməramlıların Azərbaycan ərazisində olmasını nəzərə alaraq, İrəvanın bu məsələni müzakirə etməsini məqbul hesab etmir”, - Denisov vurğulayıb.
Ekspertin sözlərinə görə, indi bu danışıqların əsas yükü iki ölkənin hökumətləri tərəfindən səlahiyyətli komissiyalara verilib, amma prosesin kəskin şəkildə intensivləşəcəyini və qısa müddətdə sülh sazişinin tərtib edilib imzalanacağını gözləmək üçün ciddi əsaslar yoxdur.
“Tərəflər arasında hələ də kifayət qədər yüksək səviyyədə bir-birinə inamsızlıq var, danışıqlar prosesi son dərəcə mürəkkəb və çox vaxt ziddiyyətli olur, çünki tərəflər müəyyən bəyanatlar verirlər, sonra isə bunlar praktikada həyata keçirilmir. Beləliklə, bizim illərlə, hətta onilliklərlə davam edə biləcək bu münaqişəni həll etmək üçün hələ çox vaxtımız var”, - ekspert deyib.