“Dekabrın 7-də Brüsseldə sayca 5-ci görüş olmalı idi. Bu görüşü Ermənistanın baş naziri Nikol Paşinyanın səfeh tələbi pozdu. Brüssel görüşündə qatı ermənipərəst Fransa prezidenti Makronun iştirakının tələb edilməsi danışıqları dalana saldı. Dünən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan elan etdi ki, ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalamağa hazırıq, onların təkliflərini almışıq, öyrənirik. Mirzoyan bu gün isə deyir ki, 10 noyabrda imzalanan üçtərəfli görüşün dördüncü maddəsini, yəni Qarabağın dağlıq hissəsindəki qanunsuz silahlı dəstələrini ərazidən çıxarmaq fikrində deyilik, biz həmin razılaşmanın dördüncü bəndini yerinə yetirmək niyyətində deyilik və bu bənddən çıxırıq. Əgər ərazimizdə məğlub bir dövlətin silahlı dəstələri qalacaqsa, hansı sülhdən danışmaq mümkündür?”.
Bunu Teleqraf.com-a professor Qabil Hüseynli bu ilin sonuna qədər sülh sazişinin imzalanıb-imzalanmayacağı haqda suala cavabında deyib.
Politoloq qeyd edib ki, Ermənistan sülhyaratma prosesinə növbəti zərbə vurub:
“Hələ ki ilkin dəyərləndirmələrlə tanış deyiləm, ancaq Mirzoyanın çıxışı sülhyaratma prosesini tamamilə alt-üst edən yanaşmadır: “Guya Ermənistanın üçtərəfli sazişin dördüncü maddəsindən imtina etməsi də çox ciddi problemlər yaradır”.
Qabil Hüseynli bildirib ki, Ermənistanın belə davranışları sülhyaratmadan daha çox indiki vəziyyəti uzatmağa hesablanıb:
“Onlar düşünürlər ki, qəfildən situasiya xeyirlərinə dəyişə bilər. Amma burada böyük səhvə yol verirlər. İrəvanın belə davranışları istər-istəməz vəziyyəti kəskinləşdirir. Əlbəttə, onlar bunun müqabilində daha pis vəziyyətlə üzləşməli olacaq. Bütün bunlar göstərir ki, ilin sonuna qədər sülh sazişinin imzalanması gözlənilmir”.