17 Fevral 2023 11:16
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə naziri döyüş mövqelərinə gələrək əməliyyat şəraiti ilə bağlı məruzələri dinləyib. Qeyd olunub ki, müasir texniki avadanlıqla təchiz olunmuş mövqelərdə qarşı tərəfin bütün fəaliyyətləri fasiləsiz müşahidə edilir.

Şəxsi heyətlə görüşən nazir onların döyüş ruhu və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib. Döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və aparılması, şəxsi heyətin sayıqlığının artırılması ilə bağlı komandanlıq qarşısında konkret tapşırıqlar qoyub.

Sonra general-polkovnik Z.Həsənov şəxsi heyətlə birgə çay süfrəsi arxasında söhbət edib, onların qayğıları ilə maraqlanıb. Müdafiə Nazirliyinin rəhbər heyəti daha sonra növbəti hərbi hissəyə gələrək burada yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün burada zəruri infrastruktur yaradılıb.

Hərbi hissədə yaradılan şəraitlə tanış olduqdan sonra general-polkovnik Z.Həsənov şəxsi heyətlə birgə nahar edib.
Sonda müdafiə naziri Ali Baş Komandanın tapşırığına əsasən hərbi qulluqçuların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, eləcə də sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aidiyyəti şəxslərə müvafiq göstərişlər verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər