Video əlavə olunub:
***
Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağın dağlıq hissəsinin tamamilə Azərbaycana təhvil verilməsi ilə bağlı üzərinə yazılı öhdəlik götürüb.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.
Zakaryan sözügedən anlaşmada ABŞ dövlət katibi Entoni Blinkenin də iştirak etdiyini iddia edib:
“Ötən il sentyabrın 27-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Vaşinqtonda danışıqlar aparıblar. Bundan sonra – bu il müzakirə edilən daha bir sənəd yayılıb. Bunun fevralın 17-də Münxendə dövlət katibi Entoni Blinken, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş zamanı müzakirə edildiyi bildirilir.
Məxfilikdən çıxarılan sənədə əsasən, bu da digərinin məntiqi davamıdır və bu, Nikol hökumətinin necə addım-addım siyasi yolla Qarabağı Azərbaycana təhvil verməsinin bariz sübutudur. Bu da Qərbin himayəsi altında həyata keçirilir”.
Zakaryan qeyd edib ki, sənəddə Qarabağla bağlı “öz müqəddəratını təyin etmək” məsələsi yer almır. Yəni bədnam statusdan söhbət açılmır:
"Sentyabrın 27-nə aid sənəddə deyilir:
“Azərbaycan hökuməti Qarabağın erməni etnik icmasının hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparmaq üçün erməni etnik icması tərəfindən təyin edilmiş nümayəndə ilə işləyəcək nümayəndə təqdim edəcək. Nümayəndələr müzakirələrlə bağlı beynəlxalq ictimaiyyəti şəffaf şəkildə məlumatlandıracaqlar. Tərəflər Qarabağın dağlıq hissəsindəki azlıq qruplarının müdafiəsi ilə bağlı etimadı təmin etmək üçün Azərbaycanın suverenliyinə zidd olmadan beynəlxalq müşahidəçilərin rolunu nəzərdən keçirməyə davam edəcəklər”.
Münxendə də müzakirə edilən sənəddən göründüyü kimi, bütün proses yalnız Azərbaycan üçün məqbul şəkildə irəliləyir”.
Zakaryan bildirir ki, sənədlərdə separatçı rejim, beynəlxalq təhlükəsizlik təminatları, Ermənistanın öhdəlikləri, hətta Rusiyanın sülhməramlı missiyası barədə heç bir bənd yoxdur.