“ABŞ Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış qurmasına dəstək verir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Xankəndidəki terrorçu rejimin başçısı Araik Aratyunyan separatçıların son təxribatından sonra Ermənistandan hərbi yardım istəyib:
“Bakıdan ona verilən mesaj isə aydındır: ya Azərbaycana reinteqrasiya olunmalıdırlar, ya da sərt addımlarımıza hazır olsunlar. İrəvandan yardım istəyən Arutyunyanın arxasında Rusiya var. Kreml Qərbin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesini Qarabağda pozmağa çalışır.
Paşinyan Almaniyaya səfərində Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu və Qarabağ məsələsinin bu sənəddə yer almayacağını demişdi. Paşinyan bu prosesdə Qərbin vasitəçiliyondə maraqlıdır. Bakı da Vaşinqton-Brüssel formatına etimad edir. Rusiya isə sabotajla məşğuldur, “ənənə”sinə sadiq qalaraq, bunu separatizm üzərindən həyata keçirməyə cəhdlər göstərir. Ukraynada ağır məğlubiyyətə düçar olan Rusiyanın bu pozucu fəallığının heç bir perspektivi yoxdur. Amma əlindən gələni edir ki, barışıq olmasın. Xankəndi-Xəlfəli-Turşsu yolu ilə Qarabağa silah-sursatın daşınmasına şəraiti də Rusiya yaradır. Bu gün yayılan görüntülərdə məlum olur ki, bu qanunsuz daşınmaları həyata keçirən erməni konvoylarını rus sülhməramlıları müşayiət edir.
Sülh danışıqlarına gəldikdə, Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana təhvil verdikləri yeni sənəddə Qarabağ məsələsinin olmadığını açıqlayıb. Amma indi Ermənistan rəhbərliyi Araikin çağırışına müsbət cavab verib separatçılara silah yardımına qoşulsa, əldə edilmiş pozitiv nəticələr sıfırlanacaq. Bu, müharibə səbəbi sayılacaq. Bu baxımdan, Ermənistan rəhbərliyinin Rusiyanın təhrik etdiyi təxribata gedəcəyini düşünmürəm”.
Məhəmməd Əsədullazadə ABŞ-ın iki ölkə arasındakı vasitəçiliyinə də diqqət çəkib:
“ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəmdəsi Bakıda olarkən Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntqəsinin qoyulmasına etiraz etmədiklərini dedi. ABŞ və Avropa Birliyi buna ona görə etiraz etmirlər ki, bununla Rusiyanın təxribatlarının qarşısının alınacağını bilirlər. Laçın yolunda postun qurulması Fransanın “humanitar missiya” adı altında Xankəndiyə girməsinin qarşısını da alacaq.
Deyə bilərik ki, Brüssel və Vaşinqton Laçın yolu məsələsində Azərbaycanı dəstəkləyirlər. Prinsipcə, Qarabağ məsələsinin müzakirəsindən imtina edən Ermənistan da buna etiraz etməyəcək.
Rusiyanın etirazları isə bizi maraqlandırmamalıdır. Ermənistanla sərhəddə, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qoyulması Qarabağda erməni separatizminin sonu deməkdir. Hesab edirəm ki, Azərbaycan yaxın günlərdə Laçın yolunda bu postu quracaq. Bununla bağlı qərarın verildiyini düşünürəm. son rəsmi açıqlamalardan bu qənaətə gəlmək olar. Məsələ ilə əlaqədar Rusiya ilə müəyyən gərginliyin yaranacağı mümkündür, amma Moskva Bakı ilə əlaqələrini pozmayacaq. Dünyadan təcrid edildiyi vaxtda Azərbaycanla əlaqələr Rusiyaya hava-su kimi lazımdır. Buna görə də onun etirazları qısa çəkəcək və bundan o tərəfə keçməyəcək”.