5 martda Ermənistanın törətdiyi təxribat bir daha onu göstərdi ki, Laçın yolunun son nöqtəsində, Ermənistan-Azərbaycan sərhədində sərhəd-nəzarət məntəqəsinin qurulması labüddür.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Report-a müsahibəsində bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarına etiraz olaraq dekabrın 12-dən bəri Laçın-Xankəndi yolunda vətəndaş cəmiyyətinin nümayəndələri, ekofəallar aksiya keçirirlər:
"Cənab Prezidentin dediyi kimi, bu, şərəfli bir missiyadır. Qarabağdan təbii sərvətlərimiz talan olunub gözümüzün qabağında Ermənistana daşınırdı. Hansı suveren ölkə buna dözər?
Bu, dinc bir aksiyadır, ora qatılanların avtomatı, topu-tankı yoxdur və qanuni tələblər irəli sürürlər.
Amma Ermənstan indi də yeni bir narrativ ortalığa atıb. Guya Laçın yolunda “blokada”dadır, Azərbaycan Qarabağda yaşayan erməni sakinlərə qarşı “genosid” törətməyə hazırlaşır. Biz ilk gündən demişik ki, Laçın yolu bağlanmayıb, Rusiya sülhməramlıları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, humanitar yüklər rahat şəkildə yoldan keçir. Dekabrın 12-dən bu günə 3 600-dan çox maşın Laçın-Xankəndi yolundan keçib. Məgər belə blokada olur?"
"Ermənistan bu tipli narrativlərlə beynəlxalq ictimaiyyəti çaşdırmaq, Azərbaycanın mövqelərinə zərbə vurmaq, sülh müqaviləsinin imzalanmasını yubatmaq, Qarabağda yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyasına mane olmaq niyyətindədir. Başqa bir narrativ də var: “Qarabağ bütün dünyadan təcrid olunub”. Bu adamlar başa düşmür ki, “Dağlıq Qarabağ” ayrıca bir subyekt deyil və ada kimi yaşaya bilməz. Bu ərazi Azərbaycanın tərkib hissəsidir. Erməni sakinlərin Azərbaycana reinteqrasiyası yeganə çıxış yoludur.
Hesab edirəm ki, 5 martda Ermənistanın törətdiyi təxribat bir daha onu göstərdi ki, Laçın yolunun son nöqtəsində, Ermənistan-Azərbaycan sərhədində sərhəd-nəzarət məntəqəsinin qurulması labüddür. Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında bu təkliflə çıxış etmişdi", - Azərbaycan Prezidentinin köməkçisi deyib.