“2020-ci ildəki müharibədən sonra bölgədəki qondarma qurumu söküb atmaq asan olmadı”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Star” qəzetinin yazarı Yalçın Yılmaz deyib.
Onun sözlərinə görə, Azərbaycan-Gürcüstan-Ermənistan xəttinin inkişafı üçün Qarabağda işğala son qoyulmalıydı:
“BMT Baş Assambleyasında çıxışında Azərbaycanı dəstəkləyən Prezident Ərdoğan Qarabağın Azərbaycan ərazisi olduğunu yüksək səslə vurğuladı. Eyni zamanda, beynəlxalq ictimaiyyətdən Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanımasını istəyən Ərdoğan Avropa Birliyinin tərəddüdlü yanaşmalarına da təpki göstərib. Prezident Türkiyə ətrafında baş verən böhranlara və bölgələrə diqqət çəkərək, xüsusilə İraq, Suriya, Liviya və Ukrayna kimi mövzulara toxundu, beynəlxalq terrora qarşı birgə cavabı önə çəkdi.
Ərdoğan BMT sammitində Netanyahu, Mitsotakis, Sisi kimi keçmişdə problem yaşadığımız fiqurlarla görüşərkən Qarabağda antiterror tədbirləri aparılırdı.
2020-ci ildəki müharibədən sonra bölgədəki qondarma qurumu söküb atmaq asan olmadı. Ermənistan hakimiyyətini də aşmış şiş kimi bölgədə mövcud olan “Qarabağ klanı” az qala “dövlət içində dövlət” idi.
Paşinyanın Ermənistan tarixindəki önəmi gələcəkdə daha yaxşı anlaşılacaq.
Cənubi Qafqazda Azərbaycan-Gürcüstan-Ermənistan xəttinin inkişafı və çiçəklənməsi üçün bu işğala son qoyulmalıydı. 24 saat davam edən müdaxilədən sonra ermənilər ağ bayrağı qaldıraraq təslim oldular.
Ukrayna müharibəsinin genişlənməsi durumunda Qafqaz və Balkan həmişə diqqətimizi çəkir. ABŞ Ermənistanla təlimlər keçirməklə Rusiyanın kölgəsində özünü göstərmək istədi. İrəvanın Ermənistana gələcəyi halda Putinin həbsinə yol aça biləcək qərarı isə İrəvan-Moskva xəttində gərginliyə səbəb olub. Bəllidir ki, uzaqda olan ABŞ İrəvanı dəstəkləyə bilməz. Amma Rusiya ilə münasibətləri korlanan Paşinyan əleyhdarlarının da heç bir ümidi qalmayıb”.
Yılmaz qeyd edib ki, bu kritik dövrdə Türkiyə-Rusiya münasibətlərinin nə qədər faydalı olduğunu hər kəs görür:
“Şuşa Bəyannaməsi ilə yaranan Ankara-Bakı ittifaqı Moskvanın prosesləri sadəcə kənardan izləməsinə səbəb oldu.
1974-cü ildə baş tutan Kipr sülh əməliyyatı uzun illərdən sonra ilk fəthimiz idi. İkinci müsəlman-türk fəthi Qarabağdır. Üstəlik, Qarabağ təkcə bir parça torpağın işğaldan azad edilməsi deyil. Tarixən Osmanlı-Səfəvi münaqişəsi Ərbildə başlayıb, beş əsr əvvəl yaranan nifaq Qarabağda bitdi. “İki dövlət, bir millət” anlayışı öz yerini tapdı və türk ittifaqı başladı. Mübarək olsun”.