Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reysləri ilə səfər üçün yaş məhdudiyyəti aradan qaldırılıb.
Teleqraf.com bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, sabahdan 18 yaşına çatmayan şəxslər üçün də www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada bilet almaq mümkün olacaq.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günə qədər ümumilikdə 627 reys həyata keçirilib, 25 727 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.