Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisi ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək. Bunun üçün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda 26 seçki məntəqəsi yaradılıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Mərkəzi Seçki Komissiyasının nümayəndələri seçkilərə hazırlığın vəziyyətini öyrənmək üçün işğaldan azad olunmuş Ağdərə, Kəlbəcər, Laçın, Şuşa, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd, Xocalı və Xankəndi ərazisində yaradılan seçki məntəqələrinə baxış keçiriblər. Baxış zamanı məntəqə sədrləri və üzvləri ilə seçkilərə hazırlıqla bağlı müzakirələr aparılıb.
Seçki prosesinin tam şəffaf və demokratik şəraitdə keçməsi üçün bütün seçki məntəqələri lazımi texniki vasitə və metodiki vəsaitlərlə, yanğın təhlükəsizliyi, fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olunub. Vətəndaşların seçimlərini sərbəst şəkildə etmələri üçün səsvermə kabinələri quraşdırılıb, məntəqələrə seçki qutuları və lazımi inventar avadanlıqlar paylanılıb, seçici siyahıları və məlumat lövhələri asılıb. Seçki məntəqələrinə mürəkkəb və ultrabənövşəyi lampalar və digər zəruri vəsaitlər gətirilib. Katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqatın aparılması və təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər müəyyənləşdirilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdirinin müavini Niyaz Əliyev jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdikdən sonra ölkəmizin bütün ərazisində ilk dəfə olaraq keçiriləcək prezident seçkilərinin azad, demokratik və şəffaf şəkildə təşkili üçün şəhər və rayonlarda böyük hazırlıq işləri aparılır. Artıq 6319 seçki məntəqəsi seçkilərə tam hazırlıq vəziyyətinə gətirilib. Min seçki məntəqəsinə veb-kameraların quraşdırılması təmin edilib.
Biz Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdəyik və bu ərazilərdə seçkilərə hazırlığın vəziyyətini öyrənirik. Azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi təşkil edilib. Bu seçki məntəqələrində 22 minə yaxın seçici qeydə alınıb. Bu seçicilərin 3700 nəfəri həmin ərazilərə daimi yaşamaq üçün köçənlərdir. 18 min nəfərdən çoxu isə tikinti-quruculuq işlərində çalışan vətəndaşlardır.
Biz Mərkəzi Seçki Komissiyasının nümayəndələri ilə bir yerdə seçki məntəqələrinin monitorinqini keçiririk. Bütün seçki məntəqələrinin maddi-texniki təchizat məsələləri öz həllini tapıb. Seçki məntəqələri etibarlı rabitə, fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Əminliklə deyə bilərik ki, Azərbaycan vətəndaşlarının bütün ölkə ərazisində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə də rahat səs verməsi üçün hər cür şərait yaradılıb. Seçkilərin azad, demokratik və şəffaf şəkildə keçirilməsi təmin olunacaq”, – deyə Niyaz Əliyev bildirib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri İlqar Əlizadənin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə seçki məntəqələri üçün yüksək səviyyədə binalar ayrılıb: “Hər bir seçki məntəqəsi lazımi kommunikasiya ilə təmin olunub. Seçki məntəqələrinin yerləşdiyi otaqların təchizatı başa çatdırılıb. Məntəqələrə elektrik enerjisinin fasiləsiz verilməsi nəzarət altındadır. Mərkəzi Seçki Komissiyası olaraq, biz də seçki məntəqələrini lazımi təchizatla təmin etmişik. Seçki məntəqələri seçki günü istifadə olunacaq ultrabənövşəyi lampalar, səsvermə kabinələri, şəffaf seçki qutuları, seçici siyahıları və digər sair ilə təchiz olunub”.