Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində ikinci yarımilə hazırlıq məqsədilə Pedaqoji şuraların iclaslarının keçirilməsinə başlanıb, məktəblərdə təhlükəsizliyin təminatı müzakirə olunub.
Bu barədə Teleqraf.com-a İdarədən məlumat verilib.
İclaslarda ümumi təhsil müəssisələrində uşaqların təhlükəsizliyinə və şagird davranış qaydalarına nəzarətin gücləndirilməsi, müəllimlərin etik davranış qaydalarına əməl olunması vəziyyəti, məktəblərdə psixoloji xidmətin təşkili, ümumi təhsil müəssisələrində valideynlərlə işin səmərəliliyinin artırılması və digər vacib məsələlər müzakirə olunub, məktəb psixoloqlarının altı aylıq hesabatı dinlənilib.
Pedaqoji şura iclaslarında ümumi təhsil müəssisəsində təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşmasına diqqətin artırılması, təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi və məktəb psixoloqunun onlarla apardığı sistemli işin gücləndirilməsi, məktəb-valideyn əməkdaşlığının genişləndirilməsinin və təhsil müəssisələrinə ictimai dəstəyin əhəmiyyətindən danışılıb.
İclaslarda müzakirə edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib, müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, MÜTDA tərəfindən ümumi təhsil müəssisələrinə sağlam mənəvi-psixoloji mühitin daha da yaxşılaşdırılması məqsədilə xüsusi təlimatlar göndərilib, məktəb rəhbərlərinə idarəetmədə səmərəliliyin artırılması istiqamətində müvafiq tapşırıqlar verilib.
Paytaxtın digər ümumi təhsil müəssisələrində də müvafiq mövzular üzrə Pedaqoji şura iclaslarının keçirilməsi nəzərdə tutulur.