Bədən Tərbiyəsi İnstitutunun tələbəsi olarkən Lütfi Məmmədbəyovun dram dərnəyinə getməyə başlayır. Artıq ikinci kursda Gənc Tamaşaçılar Teatrında tamaşada rol alır. Teatr müdiriyyətinin məktubu ilə 1960-cı ildə Teatr İnstitutuna köçürülür. Kino və dram aktyorluğu fakültəsinə - Rza Təhmasibin kursuna qəbul olunur. Üçüncü kursda teatrda çalışmağa başlayır.
Gənc Tamaşaçılar Teatrında 2 il işlədikdən sonra Naxçıvan Dövlət Musiqili Dram Teatrına dəvət alır. 1967-ci ildə İrəvanda yenidən açılan Azərbaycan teatrının ilk aktyorlarından olur. 1968-ci ildə yenə də Bakıya qayıdıb, kinostudiyada rejissor assistenti kimi işləyir. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrına qayıdır. 1997-ci ildən Qazax Dövlət Dram Teatrına bədii rəhbər və direktor göndərilir.
Hazırda Gənc Tamaşaçılar Teatrında çalışır. Teatr fəaliyyəti ilə yanaşı “Azərbaycanfilm”dən başqa “Türkmənfilm”, “Tacikfilm”, “Özbəkfilm”, “Mosfilm”, “DEFA” (Almaniya) studiyalarında filmlərə çəkilib.
1979-cu ildə əməkdar artist, 1991-ci ildə xalq artisti fəxri adına layiq görülüb.
-Sənətə gələndə ilk dəfə “Liftçi qız” filminə çəkildim. Filmdəki Nəriman rolum yaraşıqlı bir oğlan idi. Eyni vaxtda Gənc Tamaşaçılar Teatrında “Yeddi oğul istərəm” tamaşasında Cəlal rolunda çıxış edirdim. Ona görə institutda oxuyan qızlardan, orta məktəbin sonuncu siniflərin qızlarından, başqa qadınlardan çoxlu sevgi və minnətdarlıq məktubları alırdım.
-Təxminən nə qədər məktub almısız?
-300-dən çox olardı. Aktyor Yasin Qarayev bir dəfə telekanalların birində dedi ki, Azərbaycanda ən çox məktub alan aktyor Tariyel Qasımovdu.
-Sizə gələn sevgi məktublarında ən çox nə yazılırdı?
-Qadınlar yazırdılar ki, kaş mənim həyat yoldaşım siz olardınız.
-Görüşə dəvət edənlər olurdumu?
-Olurdu.
-Gedirdiniz?
-Gəlin bu məsələni açmayaq (gülür).
-Yadınızda qalan hansı maraqlı məktubların tarixçəsini bizimlə bölüşə bilərsiniz?
-Məktublarımın arasında iranlı bir qızın məktubu vardı. O vaxt Azərbaycan sovet sistemində yaşayırdı. İranda da vəziyyət ağır idi. O vaxtlar iranlı bir qızın bir oğlana məktub yazması çox qorxulu fakt idi. O məktuba görə məni burda, onu da İranda çox incidə bilərdilər. Hətta İran qanunlarına görə, o qızı asa da bilərdilər. Qız məktubu mənə xəlvəti yolla - öz bacısı vasitəsilə çatdırmışdı. Sonra bacısı teatra gəlib mənimlə görüşmüşdü də.
Günlərin bir günü özü də Bakıya gəldi və mənimlə görüşmək istədi. O vaxtlar mənim çox çəkilişlərim olurdu: filmlər, televiziyada canlı çəkilişlər, teatrda məşqlər... Çox gərgin, sıx rejimdə çalışırdım. Qız mənimlə görüş təyin etdiyi gün mən televiziyada canlı yayımda olmalıydım. Qız da həmin gün Təbrizə dönəcəkdi. O gün televiziyadan çıxa bilmədim, o da İrana qayıtmalıydı. Beləcə, qızın görüşünə gedə bilmədim... Bu məsələ eləcə də bağlandı.
Bir dəfə də universitet tələbəsi Aytəkin xanımdan bir məktub aldım. Məktubda qeyd edirdi ki, mən bunu qızlar yataqxanasından yazıram və ardınca otaqdakı qızların bir-bir adını yazmışdı. Yazırdı ki, qızların hamısı məni sevir, amma ən əsası özü məni daha çox sevir.
Mən də maraqdan məni sevən bu qızın kim olduğunu bilmək istəyirdim. Məktub yazdım ki, gəl teatra, səninlə tanış olum. Gəldi, gördüm ki, balacaboy bir qız... Bir az danışdıq, sonra mən “məşqə getməliyəm, sonra görüşərik” deyib getdim. Qız da başa düşdü ki, onunla görüşmək fikrim yoxdur.
Dağıstanda Dərbənd Teatrında direktor işləyən vaxt Heydər Əliyevin doğum günü ilə əlaqədar Xaçmaza gedəsi oldum. 1999-cu ilin mayın 10-u idi. Orda olanda Dərbənd qəzetinin baş redaktoru mənə dedi ki, burda bir jurnalist var, sizinlə görüşmək istəyir, amma utanır. Dedim, niyə utanır, gəlsin görüşək. Gəldi, gördüm ki, teatrda o vaxt görüşdüyüm qızdır. İndi artıq Aytəkin Alxaslı adında məşhur jurnalist olub. Bir-birimizi görüb çox sevindik. Təsəvvür edin, o görüşün üstündən neçə illər keçmişdi. İkimiz də çox kövrəldik.
-Məktubların hamısını saxlamısınız?
-Hamısını saxlamışdım. Amma sonra evdəkilər hamısını yandırdılar. Paxıllıqdan yandırdılar (gülür). Yeganə qalan bir məktub var, o da Şəmkirli bir müəllimənin mənə yazdığı məktubdu. O da Yasin Qarayevdədi. Məktubda yaxşı mənada çox kövrək sözlər yazılmışdı.
-Tariyel müəllim, siz ölkə xaricində də filmlərə çəkilmisiniz. Daha çox Özbəkistanda. Ordakı məktubların taleyi, tarixçəsi barədə nə deyə bilərsiniz?
-Bəli, orda çox filmlərə çəkilmişəm. Demək olar, ilin bir neçə ayını mən orda olurdum. Sevgi məsələsi var idisə də orda yaşanıb, bitirdi. Bakıya gəlib çıxmırdı. Bunları danışıram, deyəsən, siz məni boşatdıracaqsınız...
-Müqayisə baxımından Azərbaycandan, yoxsa Özbəkistandan daha çox məktub almısınız?
-Özbəkistandan... Ümumiyyətlə, mən Azərbaycandan daha çox xarici ölkələrdə filmlərə çəkilmişəm.
-Bəs nə vaxtdan və hansı hadisədən sonra məktubların gəlişi səngidi?
-Məndən çoxlu müsahibələr aldılar, məlum oldu ki, ailəliyəm, uşaqlarım var, məktubların arası səngidi. Sonra da kəsildi...
Bir dəfə “Lider” kanalında canlı yayımda idim. Bir qadın telefonla efirə bağlandı və dedi ki, Tariyel Qasımovu çox sevmişəm. O qədər sevmişəm ki, mənə elçi gələn zaman biləndə ki, oğlanın adı Tariyeldi, üzünə baxmadan ona ərə getdim. İndi həyat yoldaşımın adı Tariyeldi.
-Maraqlıdır, siz kimə sevgi məktubu yazmısınız?
-Açığı, aktyor kimi tanınmağa başlayanda belə bir istəyim olmayıb. Amma məktəb illərində olub. Atan-anam mənə deyirdilər ki, oğul, sən kolxoz sədrinin oğlusan, ona görə ancaq kolxoz sədrinin qızı ilə evlənməlisən. Kasıb qızla evlənməyi sənə icazə vermirik.
Mən oxuduğum məktəb on illik idi. Qonşu kənddəki məktəb isə yeddi illik olduğundan təhsilini davam etdirmək istəyənlər bizim məktəbə gəlirdilər. Gələnlərin içərisində bir qəşəng qız var idi, sonra bildim ki, kolxoz sədrinin qızıdır. O qıza məktub yazdım, bundan xəbər tutan məktəb direktoru məni o qədər döydü ki, qızlardan qorxmağa başladım. Baxmağa da, məktub yazmağa da...
-Bəs bir fanat kimi hansı aktrisaya məktub yazmaq istəmisiniz, yaxud yazmısınız?
-Sibel Candan çox xoşum gəlirdi. Bir ara istədim, ona bir məktub yazam və sevgimi etiraf edəm, sonra yazmadım...
Nərmin Muradova